Eyyub Hüseynov: ABŞ-ın bir çox ştatlarında və Mərkəzi Avropa ölkələrində istehlakçılar təzə qida almaq şansından məhrumdurlar
Cəmiyyətin inkişafının indiki mərhələsində, ölkələrin ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir və qlobal xarakterli əsas problemlərdən birinə çevrilir. Əvvəlcə onu qeyd edək ki, həm dünyada, həm də ayrı-ayrı ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi sabitlik mühiti yaratmaq üçün vacib şərtdir. Ölkənin ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Əhalinin ərzaqla təminatının yaxşılaşdırılması dövlətlər üçün böyük əhəmiyyət kəsb edən mühüm sosial-iqtisadi vəzifədir. Milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorları əhatə etdiyi üçün qida təhlükəsizliyinin də təmin edilməsi dövlət siyasətinin prioritet sahəsidir. Qida təhlükəsizliyinin rolu, qidanın insan fəaliyyətinin əsas göstəricisi olması ilə bağlıdır.
Azərbaycanda ərzaq və qida təhlükəsizliyi barədə yerli ekspert nə düşünür?
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, beynəlxalq istehlakçı təşkilatı – Consumers İnternational Azərbaycandakı nümayəndəsi Eyyub Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında əvvəlcə bəzən çaşqınlıq yaradan məsələyə aydınlıq gətirərək bildirdi ki, ərzaq və qida təhlükəsizliyi ifadələri ayrı-ayrı anlayışlardır: “Ərzaq təhlükəsizliyi əhalinin ərzaqla təmin olunması məsələsidir. Yəni, aclıq problemidir. Qida təhlükəsizliyi dedikdə isə qidanın kefiyyətli və oun təhlükəsiz olması göz önünə gəlir. Ölkədə “Ərzaq təhlükəsizliyi haqqında” qanun mövcuddur. Əhalinin ərzaqla təmin olunması ilə bağlı ölkədə strateji yol xəritəsi var. Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi yüksək səviyyədə təmin olunur. Onu xüsusi qeyd etməliyəm ki, bu sahədə ölkəmizdə heç bir çatışmazlıq, böhran yaşanmır”.
Qida təhlükəsizliyi ilə bağlı danışan həmsöhbətimiz qeyd etdi ki, qida təhlükəsizliyi anlayışı əhəmiyyətli və hər insanın həyatına toxuna bilən məsələdir: “Bu məsələnin əhəmiyyətini nəzərə alaraq 2,5 il öncə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı. Cənab Prezident sözügedən Agentliyinin Əsasnaməsini təsdiq etdi. Bundan sonra 10-dan çox hüquqi aktlar qəbul olundu. Lakin qida təhlükəsizliyinə dair ana qanuna hələ ki, Milli Məclisdə baxılır. Qanun layihəsi çox mükəmməldir.Azad İstehlakçılar Birliyi qanunla tanış olub. Yəqin ki, “Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunandan sonra Qida Təhlükəsizliyi Agentliyi işini daha yüksək səviyyədə davam etdirəcək”.
“Biz anlamalıyıq ki, qida təhlükəsizliyi məsələsi bütün dünyada aktualdır. Bütün dünyada qidadan zəhərlənmələr, insan ölümləri var” deyən E.Hüseynov həmin statistikanın “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsinin ilk sətirlərində göstərildiyini xatırlatdı: “ Şükürlər olsun ki, doğma Azərbaycanımızda dünya ölkələrinin bir çoxunda müşahidə olunan mənfi halların heç biri yaşanmır. AQTA yəqin ki, yeni mərhələdə daha yaxşı işləyəcək və bir çox məsələlər həll olunacaqdır. İndiyə qədər beynəlxalq yığıncaqlarda dəfələrlə çıxış etmişəm. Hətta amerikalı ekspertin ABŞ qida məhsullarını təriflədiyi böyük yığıncaqda demişəm ki, sən əlindəki malın buraxılma tarixinə, son yararlılıq müddətinə bax. Çünki ABŞ kimi ölkədə ərzaq mallarının üzərində 1 tarix- son yararlılıq müddəti olur. Məsələn, ABŞ-ın bir çox ştatlarında və Mərkəzi Avropa ölkələrində istehlakçılar təzə qida almaq şansından məhrumdurlar. Malların istehsal olunduğu tarix qeyd olunmur. Səbəb nədir? Burada məqsəd köhnə malları istehlakçılara sırımaqdır. Bütün dünyada istehlakçı aldadılır və onların hüquqları pozulur. Xüsusən inkişaf etmiş ölkələrdə vəziyyət heç də yaxşı deyil”.
Qida təhlükəsizliyi baxımından ölkəmizdə vəziyyət necədir?
Müsahibimiz ölkəmizdə də müəyyən çatışmazlıqların yaşandığını dedi: “Ciddi çatışmayan cəhətlərdən biri də vaxtı keçmiş ərzaq mallarının sonrakı taleyi məsələsidir. Çox təəssüflər olsun ki, qanunların mükəmməl olmadığından və Azərbaycan hökumətinin biznes qurumları üçün dünyanın heç bir ölkəsində olmayan toxunulmazlıq şəraiti yaratdığından bu qurumlar yaradılan şəraitdən sui istifadə edirlər. Bununla da əksər hallarda vaxtı keçmiş ərzaq mallarını etiketinin dəyişdirilməsi, başqa qabda qablaşdırılması kimi hallar baş verir. Dövlət orqanları vaxtı keçmiş malları satışdan çıxaran zaman marketlərdən həmin mallar distribüterə qaytarılır. Distribüter isə ərzağın istehsal tarixini dəyişir, yenidən qablaşdırır və s. Hələ də bu məsələ ölkədə həll olunmamış vəziyyətdə qalır. Hər gün on tonlarla ərzaq mallarının vaxtı keçir. Bunları harada məhv edirlər? Nə üçün özlərinə hörmət edən firmalar bu ərzaqları şəffaf şəkildə, hamının gözü qarşısında məhv etmir? Bu məsələ ölkədə ciddi problem olaraq qalır. Düşünürəm ki, AQTA bu məsələyə diqqət yetirəcəkdir və vaxtı keçmiş ərzaq malları mütləq atılmalıdır. Bunun üçün Azad İstehlakçılar Birliyi mütərəqqi üsul da təklif edir. Proqram da mövcuddur. Həmin proqram marketlərin komputer şəbəkəsinə yüklənir və bununla da orada hansı malın yararlılıq müddəti bitibsə artıq o, skanerdən son anda keçmir. Daha ərzaq məhsullarına bir-bir nəzarət etməyə ehtiyac yoxdur. Həmin proqram Qida Təhlükəsizliyi Agentliyinin serverinə inteqrasiya olunur. Agentlikdəki işçilər də öz növbəsində öncədən bilirlər ki, hansı marketdə hansı məhsulun yararlılıq müddəti nə zaman bitəcək. Bu proqram ölkəmizdə var. Amma çox təəssüflər olsun ki, Azad İstehlakçılar Birliyi bunu dəfələrlə təklif etsə də hələ də bu proqram heç bir marketdə tətbiq olunmayıb. Çünki istehsalçılar, distribüterlər maraqlı deyillər. Onlar satışdan çıxarılan qidanı “ölməz” etmək istəyirlər. Bəzi şəxslər Lomonosovun qanununa uyğun olaraq “Heç nə itmir, heç nə məhv olmur, bir şəkildən başqa bir şəkilə çevrilir” prinsipi ilə hərəkət etmək istəyirlər. Azad İstehlakçılar Birliyi olaraq bu istəyin qarşısını almaq üçün bütün imkanlarımızdan istifadə edirik, istehlakçıları maarifləndiririk”.
Ölkədə əhalinin etibarlı ərzaq təminatı mövcuddurmu?
E.Hüseynov vurğuladı ki, dövlətimizin mövcud qanunlarına görə, ümumiyyətlə, yararlılıq vaxtı keçmiş malların satışı birmənalı şəkildə qadağandır: “ Əgər belə hala rast gəlinərsə həmin şəxsi 1500 manata qədər cərimə gözləyir. Ölkədə əhalinin etibarlı ərzaq təminatı mövcuddur. Lakin qidanın təhlükəsizliyinin təmin olunması məsələsində AQTA-nın apardığı iş nə qədər zəruri olsa da, kafi səviyyədə deyil. Burada ictimaiyyətin, bələdiyyələrin ciddi köməyi lazımdır. Bütün ictimaiyyət gərək əl-ələ verib qidanın təhlükəsizliyinin təmin olunması üçün AQTA-ya kömək etsin. Hər kəs təhlükəli qida məhsulları haqqında 1003 qaynar xətti vasitəsi ilə AQTA-ya məlumat verilə bilər”.
Günel Eyyubova, “İki sahil”