Ukrayna müstəqilliyinin 30-cu ildönümünü qeyd edir.
“İki sahil” xəbər verir ki, bu münasibətlə paytaxt Kiyevin Azadlıq meydanında hərbi parad keçirilib.
Paradda Ukrayna müdafiə və təhlükəsizlik qüvvələrinin müxtəlif döyüş əməliyyatlarında iştirak etmiş 5000 nəfərədək şəxsi heyəti iştirak edib, Ukrayna silahlı qüvvələrinin inventarında olan müxtəlif hərbi texnikalar, aviasiya vasitələri, o cümlədən Türkiyə istehsalı “Bayraqdar TB-2” pilotsuz uçuş aparatı, eləcə də ilk dəfə olaraq sərhəd xidmətinin kinoloji xidmətinin itləri nümayiş etdirilib.
Hərbi paradda Ukraynanın tərəfdaş ölkələri - Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada, Estoniya, Latviya, Gürcüstan, Moldova, Slovakiya və Finlandiyadan olan hərbçilərin təntənəli keçidi də baş tutub.
Yerli vaxtla saat 14:00-da isə Donbass müharibəsi veteranlarının yürüşü planlaşdırılıb.
Qeyd edək ki, bu gün Ukraynanın Müstəqillik günü münasibətilə paytaxt Kiyevdə konsert proqramları, idman yarışları, marafonlar, sərgilər və s. kimi 70-dək müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.