02 avqust 2025 10:19
116

KİV: Netanyahu Qəzzada hərbi əməliyyatlarla bağlı qərarını təxirə salıb

İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın atəşkəslə razılaşmadığı təqdirdə İsrail ordusunun Qəzzada hansı addımı atacağı ilə bağlı qərarını təxirə salıb.

“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətlə tanış olan mənbəyinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, artıq bu həftə qərar verilməyəcək.

Bu, İsrail hökuməti arasında Qəzzada sonrakı addımlarla bağlı daxili fikir ayrılıqları fonunda baş verir.

Mənbə vurğulayıb ki, HƏMAS razılaşmadan imtina edərsə, nəzərdən keçirilən ideyalardan biri Qəzzanı və digər məskunlaşmış əraziləri mühasirəyə almaq, digəri isə şəhəri tamamilə ələ keçirməkdir. Mənbə əlavə edib ki, müxtəlif nazirlər müxtəlif planları dəstəkləyirlər.

Xatırladaq ki, cümə axşamı yüksək vəzifəli İsrail rəsmisi HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlardan çıxmasıyla əlaqədar İsrail və ABŞ-nin Qəzzadakı vəziyyətlə bağlı yeni anlayış formalaşdırdıqlarını bildirib. “Eyni zamanda, İsrail və ABŞ Qəzzada hərbi əməliyyatları davam etdirərkən humanitar yardımın həcmini artırmağa çalışacaqlar”, - rəsmi əlavə edib.