24 avqust 2021 20:47
1294

Culfa rayonunun sosial-iqtisadi inkişafı: yeni uğurlar, yeni perspektivlər

Azərbaycan Respublikasının davamlı milli iqtisadi quruculuq proseslərində uğurla iştirak edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında Culfa rayonunun da özünəməxsus rolu vardır. Etibarlı qonşuluq siyasətinin inkişafında, regional iqtisadi siyasətin səmərəli təşkilində və idarə olunmasında, eyni zamanda, makroiqtisadi göstəricilərin artan dinamikasının təşəkkülündə Culfa rayonunun malik olduğu potensial əhəmiyyətliliyi ilə seçilir. Ölkəmizdə uzunmüddətli iqtisadi prioritetlər istiqamətində həyata keçirilən islahatlar muxtar respublikanın şəhər və rayonlarının da müasir inkişaf səviyyəsini təmin etmişdir. Bu mənada, Culfa rayonu da özünün makroiqtisadi göstəriciləri ilə diqqət çəkməkdədir. Bütün bunlar məqsədyönlü və perspektivli tədbirlərin nəticəsi olmaqla, özünü xüsusilə də, 2021-ci ilin yanvar-iyun ayları ərzində Culfa rayonunun iqtisadi və sosial sahələrinin inkişafında göstərmişdir.

Təhlillər göstərir ki, Culfa rayonunun sosial-iqtisadi inkişafı davamlıdır, dayanıqlıdır və etibarlıdır. Belə ki, cari ilin ilk yarısı ərzində makroiqtisadi göstəricilərin artan dinamikada təşəkkülü bu sahədə reallaşan hədəflər olaraq özünü göstərir. Diqqət etdikdə aydın olur ki, bu, iqtisadiyyatın aparıcı sahələrinin inkişafı ilə daha mütərəqqi görünməkdədir. Qeyd etmək olar ki, rayonda bir il öncəyə nisbətən sənaye məhsulu 0,9 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 1,5 faiz, informasiya və rabitə xidmətləri 0,7 faiz artmışdır ki, bu da, geridə qalan illərin etibarlı potensialının ifadəsi olaraq çıxış etməkdədir.

Qeyd olunanlar iqtisadiyyatın çoxşaxəliliyinin artmasına zəmin yaratmış və bu, hər şeydən əvvəl onun müqavimətliliyinin güclənməsini sürətləndirmişdir. Nəticədə, milli iqtisadi hədəflər çərçivəsində sənayeləşmə siyasətinin də səmərəli təşkili mümkün olmuş və Culfa rayonunun da sosial-iqtisadi inkişafının gerçək ifadəsinə çevrilmişdir. Artıq rayon ərazisində təsərrüfat subyektlərinin fəaliyyətinin stumillaşdırılması, yeni istehsal və xidmət sahələrinin yaradılması, mövcud sənaye müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxış imkanlarının asanlaşdırılması və digər tədbirlər sənaye sahəsinin ardıcıl inkişafına təminat vermişdir. Təbii ki, yaradılmış etibarlı istehsal mühitinin nəticəsində də 2021-ci ilin yanvar-iyun aylarında rayonda 3 milyon 601 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il əvvəlki göstəricini 0,9 faiz üstələmişdir. Əldə olunan nəticələr eyni zamanda, iqtisadiyyatın sosiallaşması sahəsində mühüm nəticələr olaraq çıxış etməkdədir.

Yeni iş yerlərinin yaradılması, istehsalın fasiləsizliyinin təmin olunması, nəticə etibarı ilə isə əhalinin məşğulluq imkanlarının artırılması sahəsində reallaşan tədbirlər Culfa rayonunda sosial-iqtisadi perspektivlərin artmasını təmin etmişdir. Belə ki, cari ilin ötən dövrü ərzində dövlət dəstəyi ilə 5 istehsal və xidmət sahəsi yaradılmış, 7 istehsal və xidmət sahələrinin yaradılması hazırda davam etdirilmişdir. Nəticədə isə rayon sakinlərinin sosial rifahı sahəsində əhəmiyyətli mərhələlər keçilmişdir.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında, zəruri infrastruktur təminatının yaradılması və bu sahədəki perspektivlərin artırılması mühüm təsirə malikdir. Tikmək, qurmaq və yaratmaq amalı muxtar respublikanın bütün rayonları kimi Culfa rayonunun da modern inkişaf mənzərəsinə yeni mahiyyət qazandırmışdır. Rayonun əhatə etdiyi kəndlərin hər birində kənd və xidmət mərkəzləri salınmış, ticarət obyektləri sakinlərin təlabatlarına uyğun şəkildə olmaqla fəaliyyət göstərməkdədir. Bütün bunlar isə nəticə etibarı ilə tarixiliklə müasirliyin vəhdətini təmin etməklə, milli arxitekturaya xas qurulmuşdur. Qeyd etmək olar ki, həmin uğurlar səmərəli və məqsədyönlü vəsait qoyuluşları ilə daha məhsuldar olmaqdadır. Təkcə 2021-ci ilin yanvar-iyun aylarında rayonda bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyon 60 min 700 manat vəsait yönəldilmişdir ki, bu göstəricinin də 13 milyon 990 min 800 manatı və ya 93,0 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür. Buradan da görünür ki, Culfa rayonunun sosial-iqtisadi inkişafı dayanıqlılığı ilə seçilir və bu, istehsaldan istehlaka qədər olan münasibətlərin zəruri dayaq nöqtəsi olaraq çıxış etməkdədir. Eyni zamanda, bu, özünün sosial mahiyyətinin yüksəldilməsi ilə də aktuallıq qazanmaqdadır. Əhalinin yaşayış göstəricilərinin artan dinamikada təşəkkülü, təsərrüfat fəaliyyətlərinin faydalı təşkili, həmçinin mənzil şəraitinin daha da yaxşılaşdırılması rayonun geridə qalan altı ay üzrə sosial-iqtisadi inkişaf göstəricilərində də mühüm yerə malik olmuşdur. Belə ki, cari ilin yanvar-iyun aylarında əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 14054 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmiş, bununla da, səmərəli sosial siyasətin nəticəsinə çevrilmişdir.

Culfa rayonu muxtar respublikanın qətiyyətli sosial-iqtisadi inkişafı sahəsində də zəruri mərhələyə gəlib çatmışdır. Bu sahədə əldə olunan göstəricilər iqtisadiyyatın aparıcı sahəsi olaraq, kənd təsərrüfatının artan perspektivlərini ortaya qoymaqdadır. Uğurla reallaşan islahatlar kənd təsərrüfatının istehsal potensialının artmasına hərəkətverici təsir etmiş, aqrar sektorun inkişafında və bu sahədə etibarlı məşğulluq imkanlarının artırılmasında stimul yaratmışdır. Bununla yanaşı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində dayanıqlı göstəricilər qazanılmışdır. Cari ilin birinci yarısına olan statistik göstəricilərin təhlili göstərir ki, rayonda 2021-ci ilin məhsulu üçün 8213 hektar sahədə əkin aparılmışdır. Əkin sahəsinin 5665 hektarını dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 5 hektarını dən üçün qarğıdalı, 4 hektarını dən üçün günəbaxan, 381 hektarını tərəvəz bitkiləri, 236 hektarını ərzaq üçün bostan bitkiləri, 154 hektarını kartof, 1 hektarını birillik otlar, 1351 hektarını cari ildə əkilmiş çoxillik otlar, 416 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir.

İqtisadiyyatın şaxələndirilməsi fonunda həyata keçirilən tədbirlər dövlət tənzimlənməsinin çox mühüm tərkib hissəsi olmaqla kənd təsərrüfatının da davamlı inkişafında zəruri amilə çevrilmişdir. Bu mənada, birinci mərhələdə 2012-2015-ci illəri, ikinci mərhələdə 2016-2020, üçüncü mərhələdə isə 2021-2025-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramları muxtar respublika Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmaqla, Culfa rayonunun da kənd təsəsrrüfatı sahəsində səmərəli tənzimləməni təmin etmişdir. Eyni zamanda, bu sahədə arıçılığın inkişafı üzrə 2017-2022-ci illəri əhatə edən Dövlət Proqramının zəruri təsirə malik olduğunu qeyd etmək olar. Bütün bunlar, kənd təsərrüfatı məhsullarının istehsalı və bu sahədə səmərəli fəaliyyət mühitinin yaradılmasına təminat vermişdir.

Statistik göstəricilərə istinad etdikdə aydın olur ki, 1 iyul 2021-ci il tarixə rayonunun bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 16 min 625 baş, qoyun və keçilərin sayı 111 min 342 baş olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 və 1,9 faiz artıq olmuşdur. Ərzaq məhulları ilə etibarlı təminat sahəsində əldə olunan nəticələrin ifadəsi olaraq, qeyd etmək olar ki, 2021-ci ilin yanvar-iyul aylarında rayonda diri çəkidə 2071 ton ət, 5912 ton süd, 130,2 ton yun istehsal olunmuşdur. Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı üzrə 1,3 faiz, süd istehsalı üzrə 1,7 faiz, yumurta istehsalı üzrə 1,1 faiz, yun istehsalı üzrə isə 1 faiz arıq olmuşdur.

Son illərdə muxtar respublika iqtisadiyyatında məşğulluq və məhsuldarlıq üzrə artan aktuallığa malik sahələrdən biri də arıçılıqdır. Məhz Culfa rayonu bu sahədə də səmərəli göstəricilərlə sosial-iqtisadi inkişafına davam etməkdədir. Dövlət tərəfindən davamlı qayğı və diqqətin göstərilməsi həmin sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi ilə daha səmərəli olmuşdur.

Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı həm də iqtisadiyyatın sənaye sektorunun da xammal bazası rolunu oynayır və buna görə də yüksək mezoiqtisadi əhəmiyyətliliyə malikdir. Məhz buna görə də muxtar respublikada həm kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, həm istehsal olunan məhsulların ixrac potensialının artırılması, həm də kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması diqqət mərkəzində saxlanılmışdır. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq olunmasının strateji əhəmiyyətini qeyd etmək lazımdır.

Təbii ki, bütün bunlar Culfa rayonunun sosial-iqtisadi inkişafında kənd təsərrüfatının rolunu və mövqeyini də möhkəmləndirməkdədir. Əldə olunan uğurlar nəticəsində 2021-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 1,5 faiz çox, yəni 17 milyon 837 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da, dayanıqlı, müqavimətli və etibarlı iqtisadi potensial yaratmışdır.

Kənd təsərrüfatında davamlı fəaliyyət mühitinin yaradılması, zəruri infrastruktur təminatını yaxşılaşdırmaq məqsədilə mühüm göstəricilərdən biri də meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsindən ibarət olmuşdur. Bununla yanaşı, Culfa rayonu ərazisində suvarma boru xətlərinin tikintisi, nasos stansiyalarının əsaslı təmiri, kanal və arxların lildən təmizlənməsi kimi işlərin də diqqətdə saxlanılması kənd təsərrüfatının səmərəliliyinin artırılmasına stimul verməkdədir.

Qeyd olunanlar Culfa rayonu üzrə həm də iqtisadiyyatın sahə strukturunun ardıcıl inkişafını xarakterizə etməkdədir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda fasiləsiz istehsal və etibarlı məşğulluq, bununla da, sosial dayanıqlılıq və iqtisadi inkişaf üçün əlverişli şərait yaranmışdır. Xüsusilə, yol-nəqliyyat infrastrukturunun yenilənməsi vaxt itkisinin qarşısının alınmasına səbəb olmaqla, istehsal olunan məhsulların keyfiyyətli şəkildə istehlakçıya çatdırılmasında zəruri amil olmuşdur. Təbii ki, bu sahədə də dövlət tərəfindən yüksək qayğı ilə həyata keçirilən tənzimləmə tədbirlərinin mühüm təsirini qeyd etmək lazımdır. 2021-ci ilin birinci yarısı üçün ən mühüm hadisələrdən biri ölkə başçısı cənab İlham Əliyevin 10 may tarixində muxtar respublikaya etdiyi səfər olmuşdur. Səfəri zamanı dövlət başçısı Culfa rayonunda Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak etmiş, rayonumuz da daxil olmaqla, müvafiq ərazilərin bundan sonrakı inkişafında xeyir duasını vermişdir.

Artıq cari ilin ilk yarımilində Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, həmçinin Culfa şəhərində də daxili avtomobil yollarının yenidən qurulması işləri davam etdirilimişdir.

Bütün bunlar bir daha göstərir ki, Culfa rayonunda da sosial-iqtisadi inkişafın uzunmüddətli perspektivləri davamlıdır və əhəmiyyətli baza üzərində təşəkkül tapmışdır. Rayon stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulmasının davam etdirilməsi bu sahədəki işlərin səmərəli nəticələnməsi üçün zəruri göstərici olaraq qeyd oluna bilər. Təbii ki, nəqliyyat infrastrukturunun inkişafı sahəsində əldə olunan nəticələr Culfa rayonunun iqtisadiyyatında keyfiyyətcə yeni mərhələnin əsaslarını yaratmış, bu isə özünü yük və sərnişin daşımalarının həcmində göstərmişdir. Belə ki, təhlillər əsasında qeyd etmək olar ki, 2021-ci ilin yanvar-iyun aylarında rayonda nəqliyyat sektorunda 717,6 min ton yük, 3632,6 min nəfər sərnişin daşınmışdır. Hər iki göstərici üzrə bütövlükdə 2 milyon 5 min 600 manat gəlir əldə olunmuşdur.

Culfa rayonunun sosial-iqtisadi inkişaf göstəricilərinə diqqət etdikdə 2004-cü ildən uğurla icra olunan regional inkişaf üzrə Dövlət proqramlarının əhəmiyyətini bir daha görmək olur. Təbii ki, görülən hər bir işin, həyata keçirilən istənilən tədbirin məqsədi əhalinin rifah göstəricilərinin daha da yaxşılaşmasına istiqamətlənmiş və onların daha rahat, daha firəvan həyat şəraitinin təmin olunmasında hesablanmışdır. Məhz Culfa rayonunda da reallaşan tədbirlər sakinlərin istehsal və xidmət sahələri üzrə çoxistiqamətli imkanlardan istifadəsini daha da əlçatan etmişdir. Belə ki, bütün informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin müvafiq dövründəki göstəricisini 0,7 faiz üstələyərək 2 milyon 42 min 500 manat olmuşdur. Bununla yanaşı, mobil rabitə xidmətlərinin dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz artaraq 1817,6 min manat təşkil etmişdir.

Ölkəmizin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji Yol Xəritələrinin icrası sahəsində davam etdirilən islahatlarına uyğun olaraq Culfa rayonunda da yeni iqtisadi imkanların əhatə dairəsinin genişlənməsi innovativ və texnoloji inkişaf sahələri üzrə perspektivlərini də artırmışdır. Bunu, enerji təhlükəsizliyinin təmin olunması sahəsində də görə bilərik. Belə ki, rayonda 1,1 meqvat gücündə Külək-Günəş Hibrid Elektrik stansiyasının tikintisinin başa çatdırılması həm də müvafiq istiqamət üzrə alternativ imkanların əhatəsini daha da genişləndirmişdir.

Rayonun iqtisadi inkişafı nəticə etibarı ilə sosial məmnunluq üzərində qurulmuş və bu, cari ilin ilk yarısında da gerçək nəticələrlə yadda qalmışdır. Belə ki, 1 iyul 2021-ci il tarixə olan məlumatlara görə rayonda 8 min 743 əhali abonenti təbii qazla təmin olunmuş və kommunal təminatı daha da yaxşılaşmışdır.

Bütün qeyd olunanlar Culfa rayonunun da davamlı iqtisadi inkişafı üçün müqavimətlilik gətirməkdədir. Səmərəli iqtisadi idarəetmənin təşkili düzgün qərarvermə və uğurlu nəticələrin qazanılması üçün məhsuldar fəaliyyət mühitinin əsaslarını yaratmışdır. Bu isə özünü iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilməsi ilə ifadə edə bilmişdir. Qeyd edək ki, rayonda qeydiyyata alınan 207 fiziki şəxs əlverişli təsərrüfat imkanları ilə əhatə olunmuş və bu, davamlı səmərəliliyi ilə seçilmişdir.

Sahibkarlıq fəaliyyətinin səmərəli nəticələri həm də etibarlı məşğulluq imkanlarını artırmış, bunun isə rayon sakinlərinin rifah göstəricilərinin yüksəldilməsinə təsiri böyük olmuşdur. Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın olduqca böyük əhəmiyyətini qeyd etmək zəruridir. Həmin hüquqi aktın səmərəli icrası rayon əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaranların məşğulluq sahəsində imkanlarının artmasına və nəticə etibarı ilə sakinlərinin sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaratmışdır. Məşğulluq sahəsində əldə olunan nəticələr sakinlərin alıcılıq qabiliyyətinin artmasına səbəb olmuşdur. Belə ki, 2021-ci ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 499,8 manat təşkil etmişdir ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 2,3 faiz çoxdur.

Təbii ki, bütün bunlar öz növbəsində əmtəə dövriyyəsinin həcminin genişləndirməsinə stimul vermişdir. 2021-ci ilin ilk yarısı ərzində pərakəndə əmtəə dövriyyəsinin həcmi 52 milyon 950 min 900 min manat təşkil etmişdir ki, onun da 3,8 faizini və yaxud 2015 min manatı iaşə əmtəə dövriyyəsinin payına dümüşdür. Makroiqtisadi göstəricilərin dinamik artımı əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində də ifadə olunmuş və 1 milyon 388 min 200 manat təşkil etmişdir.

Culfa rayonunda yeni hədəflərin əlçatanlığı sahəsində həyata keçirilən tədbirlər əlverişli fəaliyyət sahələrinin yaradılmasında da aktuallığını artırmışdır. Belə ki, rayonun Əbrəqunus kəndində xidmət sahəsini tikintisi başa çatdırılmış, Ləkətağ kəndində və Culfa şəhərində xidmət sahələrinin tikintisi davam etdirilmişdir.

Sosial sahənin daha səmərəli nəticələrlə tənzimlənməsi Culfa rayonunun timsalında da təmin olunmuş və STEAM layihəsinin tətbiqi davam etdirilmişdir. Bu sahədəki tədbirlərin davam etdirilməsi əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması istiqamətində uğurlu olmuşdur. Qeyd edək ki, həmin proseslər, Culfa rayon Gigiyena və Epidemiologiya şöbəsinin yenidən qurulmasının davam etdirilməsi ilə perspektivliliyini artırmışdır.

Culfa rayonunda sakinlərin sosial müdafiəsinin gücləndirilməsi bütün təbəqələrdən olan insanların rifahını daha da artırmış və müvafiq pensiya təminatı sahəsində səmərəliliyi ilə seçilmişdir. Belə ki, rayonda pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmış, 2021-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 7 milyon 396 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,8 faiz çoxdur. Qeyd olunan göstəricilər sosial sferanın düzgün təşkili və idarə olunmasında bir-biri ilə qarşılıqlı əlaqədə olan proseslərin davamlılığını təmin etmişdir. Belə ki, həmin uğurlar əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi fonunda demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş və nəticə etibarı ilə, 1 iyun 2021-ci il tarixə rayon əhalisinin sayı bir il öncəyə nisbətdə 214 nəfər artaraq 47 min 331 nəfər olmuşdur.

Culfa rayon özünün sosial-iqtisadi inkişafı ilə ölkənin milli iqtisadi quruculuq proseslərinə də töhfə verməkdədir. Xüsusilə, yeni prioritetlərin reallaşmasında rayonun mühüm potensialını qeyd etmək olar ki, bu da turizm sahəsindəki uğurlarla ifadə oluna bilər. Turizm sahəsinin inkişafı istiqamətində isə Darıdağ Arsenli Su Müalicə və istirahət kompleksinin tikintisinin hazırda da davam etdirilməsi yaxın və uzaq gələcək üzrə daha strateji nəticələr vəd etməkdədir.

Beləliklə, Culfa rayonu Naxçıvan Muxtar Respublikasının davamlı iqtisadi inkişafına və sosial dayanıqlılıq sahəsindəki tədbirlərinə etibarlılıq gətirməkdədir. Bu, hər şeydən əvvəl sakinlərin daha firəvan həyat şəraitinin yaradılmasına və ümumlikdə isə makroiqtisadi göstəricilərin artan dinamikasına səbəb olmaqdadır. Təhlillər nəticəsində qeyd etmək olar ki, həmin proseslər qarşıdakı dövrlər üzrə daha səmərəli nəticələr təmin edəcəkdir.

Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti, İqtisad üzrə fəlsəfə doktoru