 
                    Cəmiyyət bu sosial problemlə necə mübarizə aparmalıdır?
Təəssüflə qeyd etməliyik ki, son zamanlar qadınların məişət zorakılığına məruz qalması adi hala çevrilib. Mətbuatda, sosial şəbəkələrdə tez-tez qadınlarla bağlı əri tərəfindən “döyüldü”, “baltalandı”, “boğuldu”, ”özünüqəsd həddinə çatdırıldı” başlıqlı xəbərləri oxuyuruq. Bu cür dəhşətli anları yaşamaq və yaşatmaqdır faciədir. Belə faciənin fəsadını təkcə həmin ailə yaşamır. Məişət zorakılığı yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət xüsusən də yetişməkdə olan gənclərimiz üçün ciddi təhlükədir. Gənclərimizdə ailə ilə bağlı təsəvvürün belə faciələr fonunda formalaşması gələcək üçün yaxşı heç nə vəd etmir . “Ailə necə olmalıdır” sualının cavabı “Ağır psixoloji durum, döyülən ana və məhv olan uşaqlıq” olmamalıdır.
Bəs problemin kökündəki əsas səbəblər nədir? Cəmiyyət olaraq bu kimi neqativ hallarla necə mübarizə aparmalıyıq?
Şüurda kök salmış mənfi stereotiplər

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bütün dünya ölkələrində pandemiya ilə əlaqədar ailədaxili zorakılıq, münaqişə hallarının artması müşahidə edilir. Bununla yanaşı, müharibənin də insanlarda yaratdığı psixoloji fəsadları görməzdən gəlməməliyik. Bu səbəblərdəndir ki, qəddarlıq, şəxsiyyətə qəsdən zərərvurma, cinayət halları daha qabarıq şəkildə meydana çıxmaqdadır: “Dövlət Komitəsi olaraq apardığımız çoxsaylı araşdırmaların nəticələri göstərir ki, məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır.”
Bəzi ailələrdə zorakılıq halları gizli qalır
Müsahibimiz qeyd etdi ki, görülən tədbirlər nəticəsində məişət zorakılığına məruz qalan daha çox sayda qadınların dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına müraciət etməsinə imkan yaratmışdır. Dövlət Komitəsi və tabeçiliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il 100-ə yaxın məişət zorakılığı halları baş verən risk qrupundan olan ailələrlə profilaktik işlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində zorakılıq hallarının daha ağır mərhələlərə keçməsinin qarşısı alınır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də bəzi ailələrdə baş verən zorakılıq halları gizli qalır.
Təkcə avqust ayında ailədaxili zorakılıqla bağlı 46 məlumat daxil olub
Komitə sözçüsü vurğuladı ki, cari ilin avqust ayı da daxil olmaqla bu il komitəyə 212 ailədaxili zorakılıq faktları haqqında məlumat daxil olub. Hər ay 20-25 məlumat daxil olduğu halda, avqustda bu rəqəm 46-ya yüksəlib: "Bu, çox narahatedici haldır. Müraciət edənlərin böyük qismi psixoloji təzyiqdən şikayət edən qadınlardır. Bu halların aradan qaldırılması üçün beynəlxalq əlaqələrimizdən istifadə edərək müxtəlif layihələrin reallaşdırılmasına, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, ən əsası isə cəmiyyəti məlumatlandırmağa üstünlük veririk".
"860" qaynar xəttinə zəng edərək …
Həmsöhbətimiz əlavə etdi ki, məişət zorakılığı ilə üzləşənlər komitənin "860" qaynar xətti ilə əlaqə saxlasınlar ki, bədbəxt hadisə baş verməmiş qarşısını alaq.
Xatırladaq ki, Bakıdan birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012- 860 yığmaqla qaynar xəttlə əlaqə saxlamaq mümkündür. Qaynar xəttə müraciət etmiş şəxslər gender-əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda isə təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər. "860" qaynar xətti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun) birgə əməkdaşlığı ilə yaradılıb.
SOSİOLOQ: Azərbaycan ailəsində heç vaxt indiki qədər böyük gərginlik olmayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitunun əməkdaşı professor, sosioloq Əhməd Qəşəmoğlu "İki sahil"ə açıqlamasında qeyd etdi ki, məişət zorakılığı hallarının daha da artması gözlənilir: “Çünki indiki zamanda cəmiyyət gündən-günə mürəkkəbləşir və həssaslaşır. Bu cür mühit ailədəki gərginliyin də artmasına zəmin yaradır. Cəmiyyətin mürəkkəbləşdiyi belə bir dönəmdə biz bu prosesləri özbaşına buraxa bilməzdik. Uzun illər bundan öncə sözügedən problemin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmalı və ciddi işlər görülməli idi. Həmin işlərin görülməsi zamanı isə elmin imkanlarından da geniş istifadə olunmalı idi.”
Kişilər qadınların birdən-birə bu qədər sərbəstləşməsinə anormal hal kimi baxırlar
Həmsöhbətimiz əlavə etdi ki, qadınlara azadlıq, demokratiya haqqında dəqiq olmayan çoxlu məlumatlar verilir, bu mövzuda maarifləndirmə düzgün istiqamətdə aparılmır: “Bəzən qadınlar bir çox hallarda ürəkləri nə istəsə etməyi azadlıq kimi qəbul edirlər. Digər tərəfdən də, köhnə adət-ənənələrə meyilli olan kişilər qadınların birdən-birə bu qədər sərbəstləşməsinə təəccüb edirlər və buna anormal hal kimi baxırlar. Yəni nə kişilərimizin müasir dövrün tələbləri ilə bağlı məlumatları, nə də qadınlarımızın azadlıq və demokratiya haqqında təsəvvürləri düzgün və arzuolunan səviyyədə deyil. Bunun əsas səbəbi isə məsələ ilə bağlı maarifləndirici tədbirlərin lazımi şəkildə təşkil olunmamasıdır. Ona görə də bu cür gərginliklər yaşanır.”
Təklif: Hər məhəllədə sosial iş xidməti təşkil edilsin
Ə.Qəşəmoğlunun sözlərinə görə, bu problemin həlli üçün bir çox işlər görməliyik: “Yaxşı olardı ki, sahə müvəkilləri olduğu kimi bütün məhəllələrdə sosial iş xidməti də təşkil edilsin. Beləliklə də sosial iş xidməti aid olduğu məhəllə üzrə ailələrdə nə baş verdiyini biləcək, zərurət olduqda bununla bağlı lazımi orqanlarla əlaqə saxlayacaq. Bu istiqamətdə işlər getmədiyinə görə belə vəziyyət alınır.
Sosioloq xatırlatdı ki, sosial şəbəkələr, televiziyalar da cəmiyyəti mövzu ilə bağlı yetərli səviyyədə maarifləndirmir. Digər tərəfdən də, mənəvi dəyərlərə cəmiyyətdə lazımi qədər üstünlük verilmir. Nəticədə belə vəziyyət yaranır. Vəziyyətdən çıxış yolu var və bu, heç də çətin deyil. Bu məsələ ilə bağlı elmi əsaslarla ciddi bir fəaliyyət proqramı hazırlanmalı, bu proqramı da konkret mexanizmlərlə həyata keçirilməlidir.
Bir uşaq ailədaxili zorakılığın olduğu ailədə böyüyürsə...

Psixoloq Zeynəb Eyyubova “İki sahil”ə açıqlamasında vurğuladı ki, zorakılıq edən şəxs ya özünə qarşı zorakılıq görüb, ya da ailəsində və ya ətrafında zorakılıq hadisəsinin şahid olub: “Zorakılığa məruz qalıb susan şəxslər də ya yaralı, ya da travmalı olurlar. Problemin kökündə duran əsas faktor isə xoşbəxt ailələrdə böyüməyən uşaqlardır. Atası tərəfindən sevilməyən, zorakılığa məruz qalan anaların övladları, daim qadın və kişi arasındakı hörmətsizlik, ailədaxili münasibətlərdə problemlərin, münaqişələrin olması mütləq şəkildə gələcəkdə problemlərin yaranmasına zəmin yaradır. Bir uşaq ailədaxili zorakılığın olduğu ailədə böyüyürsə, o zaman özü də böyüyəndə zorakılığı meyilli olacaq.”
Ətrafı qadını “ötur getsin, şükür elə”, “səndən də pisləri var” kimi cümlələrlə təsəlli edirlər
Həmsöhbətimiz xatırlatdı ki, bəzən ailədaxili münasibətlərdə xanımlar deyir ki, “özümü öldürəcəyəm, artıq bezmişəm”, ətrafı isə onu “ötur getsin, şükür elə”, “səndən də pisləri var” kimi cümlələrlə təsəlli edirlər. Həmin şəxslər empati quraraq özlərini zorakılığa məruz qalan xanımın yerinə qoymaq əvəzinə onun vəziyyətini ört-basdır edirlər. Bu da qadının özünə qapanmasına, problemləri öz içində yaşamasına səbəb olur. Son vaxtlar müşahidə etdiyimiz bu kimi faktlar onu göstərir ki, əslində heç bir ailədə birdən-birə belə problemlər yaşanmır. Ailə də, ətraf da görür ki, bu ailədə problem var. Amma, heç kəs qarışmır. Qadın o vaxt məişət zorakılığının qurbanı olur ki, o, həmin şəraitdə böyüyüb, həmin duruma artıq alışıb və bildiyi "dil" budur.
Psixoloqun sözlərinə görə, sözügedən problemdən çıxış yolu maarifləndirmə, ictimai qınağın olmasıdır.
Qadın o vaxt məişət zorakılığının qurbanı olur ki…

“Dərya” tədris və psixologiya mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova isə "İki sahil"ə açıqlamasında bildirdi ki, o qadınlar məişət zorakılığına məruz qalırlar ki, onlarda özünəinam aşağı olur, özünütəsdiq bacarığı zəifdir, öz ayaqları üstündə dayana bilmir, daha çox valideyndən asılı olur, öz haqqını tələb etmir, üzləşdiyi haqsızlıqlara cavab verə bilmirlər: “Sosial şəbəkələrdə yayılan bir videoda qaynana gəlini döyür. Gəlin isə açıqlamasında dedi ki, biz çox mehribanıq, qaynanam mənimlə sadəcə olaraq zarafat edib. Çünki o qorxur ki, həqiqətləri desə, sonra necə olacaq, onu nələr gözləyəcək.”
Ailə övladını özünəinamlı böyütməlidir
Müsahibimiz qeyd etdi ki, demokratik, avtoritar, hədsizqoruyucu, liberal ailə modeli var ki, onlarda müxtəlif tipli uşaqlar yetişdirilir. Ən çox avtoritar ailə modelində yetişən uşaqlar özgüvənsiz olur. Çünki bu ailələrdə uşaqlara söz haqqı verilmir. Bu səbəbdən də uşaq cəmiyyətdə sözünü deyə bilmir, ona olan haqsızlıqlara göz yumur. Hədsiz qoruyucu ailə tipi övladlarını o qədər qoruyurlar ki bəzən uşaq qorxaq olur və haqsızlıqlara qorxduğu üçün uşaq yaşından etibarən göz yumur və böyüyəndə də böyük ehtimal məişət zorakılığına məruz qalanların bir tipajı formalaşır. Uşaq aqressiya görərsə cəmiyyətə aqressiya, sevgi , dostluq mərhəmət görürsə onu daşıyacaq: “Ailə-məişət zorakılığı görən uşaqlar evdə qorxduqları üçün başqa yerdə də qorxaq, özünəinam hissi olmayan, cəmiyyətdə yerini tapa bilməyən gənclər olaraq yetişirlər. Belə olanda onlar da ailədə olan zorakılığı cəmiyyətdə digər insanlar üzərində tətbiq etməyə başlayırlar. Bu səbəbdən dolayı gələcəkdə cəmiyyət üçün təhlükə olacaq insanlar yetişir. Bu gün məişət zorakılığı olan ailələrdə gələcəyin məhbusları yetişir. Çünki məişət zorakılığı görən uşaq cəmiyyətə ancaq zorakılıq, şiddət bu kimi şeylər ötürəcək.”
Həmsöhbətimiz əlavə etdi ki, bu gün qadın ali təhsil almalı, öz karyerasını qurmalıdır. Qadın başa düşməlidir ki, həyat yoldaşından ayrılsa belə, öz ayaqlarının üstündə dayanacaq, övladını tərbiyə edə biləcək.”
Boşansan ata evinə gəlmə, ər evinə gəlinliklə girmisən, kəfənlə də çıxacaqsan…
G.Orucova əlavə etdi ki, bu gün boşanmaların sayı günbəgün artır. Bəzən boşanan qadına ya pis baxırlar, ya da qınayırlar. Valideynlər qızlarına deyir ki, "boşansan ata evinə gəlmə, ər evinə gəlinliklə girmisən, kəfənlə də çıxacaqsan" . Bunu heç bir valideyn övladına deməməlidir. Əgər sənin övladın şiddət görürsə, onun arxasında valideyn olaraq dayanmalısan: “Boşanmanın özü də bir mədəniyyətdir. Ailə-məişət zorakılığı görən qadın həyat yoldaşından boşanırsa, övladını şiddətsiz tək tərbiyə edirsə, bu, çox yaxşı addımdır. Çünki o gələcəyin atasını, ya da anasını şiddətin ağuşundan çıxarır, cəmiyyət üçün, sağlam, yararlı övlad yetişdirir. Mən demirəm ki, ailələri dağıdaq. Razı deyiləm ki, atasız uşaqlar böyüsün. Çünki ata uşaq üçün özgüvəndir. Ancaq ata övladına şiddət, dava, təhqir, söyüş, fiziki zorakılıq, psixoloji sarsıntıdan başqa heç nə “bəxş" edə bilmirsə, həmin insanı atalıqdan silmək lazımdır. Bu kimi hallar işıqlandırılmalı, müqəssirlər də cəzasını almalıdırlar.”
Yaqut Ağaşahqızı, “İki sahil”
 Həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır
                                
                                    
                                    
                                
                                
                                
                                    Həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır 
                                 TƏBİB-in icraçı direktoru: Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur
                                
                                    
                                    
                                
                                
                                
                                    TƏBİB-in icraçı direktoru: Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur 
                                 TƏBİB: Gələn ilin sonuna regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq
                                
                                    
                                    
                                
                                
                                
                                    TƏBİB: Gələn ilin sonuna regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq