05 oktyabr 2021 16:39
807

Azərbaycanın nicatı ulu öndər Heydər Əliyev ideyalarındadır

XX əsrin sonları Azərbaycan dövləti və xalqı üçün hərc-mərclik, anarxiya, cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, ölkədə sözün əsl mənasında hakimiyyətsizlik dövrü olaraq xarakterizə edilir. Həmin dövrdə xalq evində belə özünü təhlükəsizlikdə hiss edə bilmir, daim vahimə və təşviş içərisində həyatını davam etdirirdi. Bir tərəfdən ölkənin qərbində torpaqlarımız erməni təcavüzünə məruz qalır, bir tərəfdən cənubda və şimalda ölkəni parçalamaq məqsədilə güclü seperatizm meyilləri müşahidə olunur, digər bir tərəfdən isə ölkə vətəndaş müharibəsinə doğru addımlayırdı. Qarabağın addım-addım işğal olunması və bir milyona yaxın soydaşımızın öz evlərindən didərgin düşməsi daxildə bir çox sosial problemləri də bərabərində gətirir, həmin insanların evlə, işlə, ləyaqətli həyat şəraiti ilə təminatı məsələsi gündəmə gəlirdi. Həmin dövrün iqtisadi mənzərəsi də göz qabağında idi. Açıq şəkildə demək olar ki, 1991-1994-cü illərin Azərbaycanı tənəzzül dövrü kimi yaddaşlara həkk olunub. Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM istehsalı hər il orta hesabla 16,5 faiz aşağı düşmüş, işsizlik səviyyəsi artmışdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5 faizə çatmışdı. Bunlardan əlavə, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı. 1992-1994-cü illərdə həmçinin xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmamışdı. Əslində ölkə iqtisadiyyatı faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Qeyd olunan proseslər təbii olaraq əhalinin güzəranının daha da ağırlaşmasına səbəb olmuşdu. Beləliklə, həmin dövrdə baş verənlər ölkəni məhvə doğru aparırdı. Əlbəttə ki, sovet dövründə bütün sovet respublikaları arasında ən yüksək hörmətə, inkişafa və intibaha sahib olan Azərbaycan kimi dövlətin müstəqilliyinin ilk illərində bu qədər acınacaqlı vəziyyətə düşməsinin özünəməxsus səbəbləri var idi. İlk olaraq bu səbəb ölkə hakimiyyətində yarıtmaz, heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrupun məmləkəti idarə etməsi idi. Bu qrup ölkəni sözün həqiqi mənasında milli fəlakət həddinə çatdırmışdı.

Məlumat üçün qeyd etmək istərdim ki, ötən ilin 25 noyabr tarixində Kəlbəcər rayonunun tarixi 10 noyabr Bəyanatına əsasən geri qaytarılmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etmiş və Kəlbəcərin strateji əhəmiyyətindən, onun işğala necə məruz qalmasından danışarkən 1992-1993-cü illərdə hakimiyyətdə təmsil olunan rəhbər şəxslərdən danışmış və onların xarakteristikasını Azərbaycan xalqına açıq şəkildə bəyan etmişdir. Sitat: “Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. ...... Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi?”. Bəli, budur müstəqilliyimizin ilk illərində ölkəmizi idarə edən, onun parçalanmasına, işğal altına düşməsinə səbəb olanlar. Ancaq xoşbəxtlikdən ölkə bu insanların əlində qalmadı. Tarixi zərurət, xalqın ölkənin gələcəyi naminə düzgün qərar verməsi və təkidli tələbi ilə müasir Azərbaycanın qurucusu, “Ən böyük azərbaycanlı” olaraq xarakterizə edilən dahi lider Heydər Əlirza oğlu Əliyev hakimiyyətə qayıtdı. Onun qayıdışı Azərbaycanın yenidən doğuşu, dövlət müstəqilliyimizin xilası idi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi. Bu inam, güvən əbəs yerə deyildi. Ulu öndərin hakimiyyətə qayıdışı ölkə daxilində ictimai-siyasi sabitliyin bərqərar olmasına, vətəndaş müharibəsinin sona çatmasına, iqtisadi tənəzzüldən çıxaraq bərpa və dinamik inkişaf dövrünə keçidə, o cümlədən ölkənin daxili və xarici siyasətdə yeni bir yol izləməsinə və bu yolun Azərbaycan həqiqətlərinin, milli maraqlarının təmin olunması təməlinə sahib olmasına gətirib çıxardı. Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində, onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur.

Heydər Əliyevin ən böyük nailiyyətlərinin biri də şübhəsiz ki,  Qarabağ məsələsində düzgün mövqe tutması və müdrik bir strateq kimi real vəziyyətlə hesablaşması idi. Ulu öndər 1994-cü ildə real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Bu atəşkəs sadəcə gənclərimizin qırılmasının qarşısını almaqla qalmadı, həm də ölkədə sabitliyinin bərqərar olmasına və cəmi bir neçə ay sonra “Əsrin müqaviləsi” adlandırılan nəhəng neft layihəsinə dünyanın yeddi böyük dövlətinin 11 şirkəti tərəfindən imza atılmasına da şərait yaratdı. Qeyd edək ki, bu layihə sadəcə iqtisadi cəhətdən vacib bir layihə deyildi. Bu layihə Azərbaycanın xilası idi. “Əsrin müqaviləsi” Azərbaycanda sosial tədbirlərin miqyasının dəyişməsinə də gətirib çıxardı. Beləliklə, Heydər Əliyevin neft strategiyası ölkəmizdə qüdrətli iqtisadiyyat və çiçəklənən cəmiyyətin qurulması üçün zəmin yaratdı.“Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.

Beləliklə, Heydər Əliyev dühası 90-cı illərdə parçalanma ərəfəsində olan, dövlət müstəqilliyi belə sual altında qalan bir ölkəni yenidən çiçəkləndirdi, onu öz bölgəsinin liderinə çevirdi. Bu gün də Azərbaycan Respublikası məhz Heydər Əliyevin ideyaları əsasında öz yoluna davam edir. Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev illərdir ölkəyə uğurla rəhbərlik edir, onun maraqlarını ən yüksək kürsülərdə təbliğ edir və ölkəni iqtisadi-sosial cəhətdən inkişaf etdirir. Ancaq ən əsası budur ki, İlham Əliyev ötən ilin bu günlərində Azərbaycanın qanayan yarası ən böyük problemi olan Qarabağ məsələsinin həllinə nail olaraq, o cümlədən ata vəsiyəti dediyi Şuşanı işğaldan azad edərək Heydər Əliyevin ruhunun şad olmasına xidmət edib. Bəli, biz əminik ki, bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki onun qurucusu olduğu Azərbaycan bu gün ən güclü dövrünü yaşayır. Sadəcə Cənubi Qafqazda yox, bütün dünyada hörmətə layiq bir dövlət kimi nüfuzunu günü-gündən artırır.

Xumarə Familli,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı