07 oktyabr 2021 15:14
1096

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı regionun sənayeləşməsi baxımından böyük əhəmiyyət kəsb edir ŞƏRH

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərmanına əsasən, dövlətimizin başçısı Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır. Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq.

İqtisadçı ekspert Elşad Məmmədov “İki sahil”ə açıqlamasında bu layihənin həyata keçirilməsinin bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcəyini, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaranacağını vurğulayıb.

E.Məmmədov qeyd edib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması faktiki olaraq regional iqtisadi və sosial inkişaf nöqteyi-nəzərdən ölkəyə böyük imkanlar yaradacaq: “Nəzərə almaq lazımdır ki, son on illiklər ərzində ölkə iqtisadiyyatına yatırılan  investisiyalar əsasən Bakı şəhərində cəmləşmişdir. Bu da qeyri-tarazlığa şərait yaradırdı. Ona  görə də belə bir Parkın yaradıması regional iqtisadi inkişaf üçün şübhəsiz ki, olduqca önəmlidir. Eyni zamanda, işğaldan azad olunan ərazilərin həm iqtisadi, həm də sosial tərəqqisi, həmin ərazilərdə sənayeləşmənin, məşğulluğun təminatı baxımından, eyni zamanda, sosial infrastrukturun yaradılması üçün bu tip layihələrin yəni, sənaye parklarının olduqca mühüm əhəmiyyəti var.”

Müsahibimiz bu cür layihənin daxili bazarın təmin olunması, idxalın azaldılması üçün önəmli rol oynayacağını da xatırladıb: “Sənaye Parkının ölkənin ixrac imkanlarının genişlənməsinə də böyük təsiri ola bilər. Söhbət ilk növbədə qeyri-neft, xüsusilə də qeyri-xammal ixracından gedir. Bu da Azərbaycanın xarici ticarətdə  daha uğurlu göstəricilərə nail olmasına şərait yarada bilər. Həmin zonaların, istehsal mərkəzlərinin yaradılması yeni yanaşmaların tətbiqini  tələb edəcək ki, bu da regional iqtisadi inteqrasiyaya təkan verən amil olacaq. Regional iqtisadi inteqrasiya isə olduqca önəmlidir. Çünki ölkə iqtisadiyyatının şaxələndirilməsini, yüksək texnoloji tutumlu iqtisadi sferaların inkişafını təmin etmək istəyiriksə, satış  bazarlarının genişləndirilməsi və satışın stimullaşdırılmasına ehtiyac yaranır. Bu isə regional iqtisadi inteqrasiya vasitəsilə həyata keçirilə bilər.”

Həmsöhbətimiz vurğulayıb ki, sənaye parklarının yaradılması Azərbaycan iqtisadiyyatında sənayeləşmənin yüksək texnoloji tutumlu istiqamətlərinin inkişafı etdirilməsinə təkan verəcək: “İşğaldan azad olunan ərazilərin həm sosial, həm humanitar, həm də iqtisadi inkişafı həmin ərazilərdə yüksək texnoloji tutumlu istehsal mərkəzlərinin formalaşmasını diqtə edir. Belə olan halda qəbul olunan qərarlar yalnız parkların yaradılması ilə bağlı deyil, həm də makroiqtisadi, bütövlükdə iqtisadi idarəetmənin bütün istiqamətləri üzrə müvafiq siyasətin reallaşdırılmasını tələb edir".

E.Məmmədov əlavə edib ki, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi siyasətdə sosial amilin böyük rola malik olması olduqca önəmlidir: "Zənnimcə, reallaşdırılan sənayələşmə siyasətində yeni iş yerlərinin açılması, sosial -humanitar infrastrukturun yaradılması ən mühüm istiqamət kimi mühüm yer tutacaq. Çünki bu, bir tərəfdən ölkədə alıcılıq qabiliyyətinin genişlənməsinə, digər tərəfdən isə əhalinin geniş təbəqəsinin sosial rifahının yüksəldilməsinə şərait yaradacaq."

Yaqut Ağaşahqızı, "İki sahil"