09 oktyabr 2021 02:14
1394

Cənubi Azərbaycan ədəbiyyatının unudulmaz tədqiqatçısı

Abbas Zamanov – 110

Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, ədəbiyyatımızın daha geniş arenada tanıdılmasında misilsiz xidmətlər göstərmiş professor Abbas Zamanovun anadan olmasından 110 il ötür. Onun Azərbaycan ədəbiyyatşünaslığı, mətnşünaslığı və ədəbiyyat tarixi sahələrində xidmətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti 2011-ci ildə görkəmli alimin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış və bu sənəd A.Zamanovun yaradıcılığının hərtərəfli şəkildə tədqiqində mühüm rol oynamışdır.

 Tarixi ədalətsizlik səbəbindən ikiyə parçalanan Azərbaycanın, cənubda yaşayan həmvətənlərimizin taleyini hər zaman düşünən alimin elmi yaradıcılığının mühüm qolunu Cənubi Azərbaycanla bağlı tədqiqatları təşkil edir. Milli dəyərlərimizi vahid Azərbaycan fəzasında yaymaq, Cənubi Azərbaycanla əlaqələrimizi genişləndirmək, ikiyə bölünmüş xalqımızın mənəvi birliyini təmin etmək, cənubda yaşayan şair və yazıçılarımızın əsərlərini təbliğ etmək, araşdırmaq A.Zamanovun bu istiqamətdəki uğurlu fəaliyyətinin əsas cəhətləridir. 1984-cü ildə Xalq yazıçısı Mirzə İbrahimov alimin Cənubi Azərbaycana olan məhəbbətini “Azərbaycan” jurnalında dərc olunan yazısında belə ifadə edir: “Azərbaycan müəllimi” qəzetində “Cənubdan səslər” adı altında xüsusi bölmə ayrılmışdır. Cənubi Azərbaycan ədəbiyyatının patriotlarından və tədqiqatçılarından olan Abbas Zamanov könüllü olaraq o bölmənin rəhbərliyini boynuna götürmüşdür. Təkcə “Azərbaycan müəllimi”ndə çap olunmuş məqalələri bir yerə toplansa sanballı bir kitab əmələ gələr”. Alimin Cənubi Azərbaycanla əlaqələrimizin daha da genişlənməsindəki xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. O, hər zaman çalışırdı ki, tariximizlə bağlı kitablar həm də ərəb əlifbası ilə çap olunsun ki, cənubdakı soydaşlarımız onlarla tanış ola bilsinlər. A.Zamanov ən çətin zamanda belə bütün məhrumiyyətlərə dözərək şimallı-cənublu Azərbaycan xalqını bir-birinə yaxınlaşdırdı, onlar arasında əlaqələndirici mərkəz, körpü oldu.

A.Zamanov, həmçinin Cənubi Azərbaycandan olan bir çox şəxslərlə əlaqə saxlayır, onlara çoxsaylı kitablar göndərməklə Şimalla Cənubi Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdir. Təbrizdəki Tərbiyə kitabxanasında alimin Cənubi Azərbaycana göndərdiyi mindən artıq kitab qorunub saxlanılır. Alimin Cənubda Azərbaycan dilində nəşr olunan “Varlıq” dərgisinin baş redaktoru, ana dilli ədəbiyyatımızın İranda inkişafı üçün geniş şərait yaratmış Cavad Heyətlə yaxın münasibətləri xüsusilə qeyd olunmalıdır. Onun sayəsində bir çox alim və yazıçılarımızın əsərləri bu jurnalın səhifələrində dərc olunmuş, cənublu qardaşlarımızla əlaqələrimiz daha da möhkəmləndirilmişdir. Bir çox tədqiqatlarında, xüsusilə mollanəsrəddinçilik sahəsində araşdırmalarında Cənub mövzusu aparıcı mövqe tutmuş, M.Ə.Sabirin əsərlərinin Cənubi Azərbaycanda geniş şöhrət qazanması, şairin cənublu dostları-müasirləri barədə geniş bəhs edilmişdir.

A.Zamanov Azərbaycanın Şimalında Cənub üzrə böyük mütəxəssislərdən biri kimi tanınmaqla bərabər, Cənubda da ona böyük sevgi ilə yanaşılır, ideoloq-məsləhətçi kimi hörmət edirdilər.  Cavad Heyət, Fərzanə, Qulamrza Səbri Təbrizi, Hüseyn Düzgün, Firudin Hasarlı, Kərim Məşrutəçi Sönməz öz xatirə və şeirlərində A.Zamanovu dərin məhəbbətlə yad etmiş, onun qarşılıqlı ədəbi əlaqələr sahəsindəki təmənnasız xidmətlərini, doğma ədəbiyyatı sevməyin, araşdırmağın yollarını öz şəxsi nümunəsi ilə göstərməsini minnətdarlıq duyğuları ilə dəyərləndirmişlər.

A.Zamanov bütün yaradıcılığı boyu Azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət etdi. Onun Cənubi Azərbaycana olan sonsuz məhəbbəti də bütöv Azərbaycan arzusundan qaynaqlanırdı. Professor Kamran Əliyevin “Abbas Zamanov olmasaydı” kitabında da qeyd etdiyi kimi: “Abbas Zamanov özü boyda bir ürək deməkdir. O, bütöv Azərbaycan dünyasını şəxsiyyətinə hopdurub, içinə sığışdıra bilirdi. Şairlər, yazıçılar ikiyə bölünməyin qorxusunu yaşayanda, “Araz boyda şırımın”qaysaq tutmuş yarasından danışanda, Təbrizlə Bakı arasında birlik istəyini ifadə edəndə Abbas Zamanov o taylı-bu taylı bir məmləkətin Arazüstü körpülərini salırdı. Bu körpülərin dayaqları isə Abbas Zamanov özü idi. Ona görə də Cənubdan gələn səslər məhz onun mənzilindən keçib daha da gurlaşırdı”.

Sahab Əliyeva,
AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru