Yenidən dirçəlişin mübarək, əziz Şuşamız!
Azərbaycanın qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşa gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də bir milli kimlik məsələsidir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır.
Dünyanı mat qoyan misilsiz Şuşa əməliyyatı
44 günlük İkinci Qarabağ savaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti sayəsində bizim möhtəşəm Zəfərimizlə başa çatdı. Şanlı ordumuz 8 noyabr 2020-ci il tarixində dünyanı mat qoyan misilsiz əməliyyatı ilə Şuşada bir daha enməyəcək üçrəngli bayrağımızı ucaltdı! Qarabağın döyünən ürəyi Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bu, bizim Vətən müharibəmizin tarixi Qələbəyə ucalan zirvəsidir.
İrəvanda hələ də kabus kimi xatırlanan, erməni əsgərlərin qorxulu yuxusuna çevrilmiş xüsusi təyinatlılarımızın başlatdığı Şuşa əməliyyatının səs-sorağı dünyanın dörd bir yanına yayılıb. Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımızı üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu. Təsadüfi deyil ki, Şuşaya qədər işğaldan azad edilən ərazilərdən qaçan, itkilər verərək geri çəkilən erməni hərbçiləri haqqında yaradılan mif Şuşada birdəfəlik darmadağın edildi. Çünki 44 günlük müharibənin gedişində Azərbaycan Ordusunun guya müasir texnikalar, PUA və digər üstünlüklər sayəsində uğurla irəlilədiyi fikirləri ortaya atılsa da, Şuşaya heç bir ağır texnikadan istifadə etmədən daxil olan hərbçilərimiz burada əlbəyaxa döyüşlərdə düşmənə yerini göstərməyi bacardı, işğalçılar qısa müddətdə darmadağın edildi.
Ordumuzun Şuşa zəfəri: Vətən müharibəsinin dönüş nöqtəsi
Qarabağın tacı Şuşa düşmən üçün psixoloji baryer idi. Şuşa azad ediləndən dərhal sonra Ermənistan ağ bayraq qaldıraraq təslim oldu, işğalçı ölkə kapitulyasiyaya imza atmaqla biabırçı məğlubiyyətini etiraf etdi. Şuşa zəfərindən cəmi bir gün sonra 71 kəndin, bir qəsəbənin, səkkiz strateji yüksəkliyin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi bütün dövlətlərə, o cümlədən Ermənistan hərbi-siyasi rəhbərliyinə müharibənin sonunun necə olacağını aydın təsəvvür etmək imkanı verdi. Elə bu səbəbdən də düşmən 2020-ci il noyabr ayının 10-da məğlubiyyətini etiraf eti, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri həmin gün birgə üçtərəfli Bəyanat imzaladılar. Bu münasibətlə xalqa müraciətində Prezident İlham Əliyev üçtərəfli Bəyanatı haqlı olaraq Azərbaycanın şanlı Qələbəsi kimi dəyərləndirmişdir. Bəyanata əsasən, Ermənistan Azərbaycanın ultimatiumunu qəbul edərək, Kəlbəcər, Ağdam və Laçın rayonlarını dekabr ayının 1-dək boşaldacağı ilə bağlı qrafik təqdim etmişdir. Beləliklə, bir güllə belə atılmadan Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın rayonu dekabrın 1-də Azərbaycana təhvil verildi.
Tarixin ən möhtəşəm və müqəddəs müjdəsi: “Şuşa, sən azadsan!”
Noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Dövlət başçısı noyabrın 8-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu xəbərini bütün dünyaya bəyan etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şəhidlər xiyabanından “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyərək Azərbaycan xalqına tarixi xitabı həyatımızın ən möhtəşəm Zəfər müjdəsi oldu. Prezident özü də söylədi ki, Azərbaycan xalqına bu müjdəni verdiyi gün onun həyatında ən xoşbəxt günlərindən biridir. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!”
Dövlət başçısı bu tarixi və unudulmaz Qələbə müjdəsi ilə xalqımıza müraciət edəndə sanki şəhidlərimizin ruhları da daxil olmaqla dünyadakı bütün azərbaycanlıların alqış səslərini eşitdik, sevinc və qürur hisslərini duyduq. Dövlət başçımız dedi: “ Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Bu səbəbdəndir ki, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması barədə xəbəri xalqa çatdırmasından sonra insanlar əllərində bayraqlar küçə və prospektlərdə bayram əhval-ruhiyyəsində bu tarixi günü qeyd edirdi. 28 il idi ki, Şuşa düşmən əsarətində idi. 28 il idi ki, mədəniyyətimiz də, tariximiz də əsarətdə idi. Şuşanın işğaldan azad olunduğu gün Azərbaycan xalqının əbədi olaraq hər il misilsiz bayram əhval-ruhiyyəsi ilə qeyd edəcəyi şanlı tarixə çevrildi. Artıq 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinə əbədi yazılıb. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu tarix Prezident İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü elan edildi.
Yenidən dirçəlişin mübarək, əziz Şuşamız!
Azərbaycan Prezidentinin ailə üzvləri ilə birlikdə Şuşada iki dəfə səfərdə olması, hətta Şuşada qalması, Cıdır düzündə çay içməsi, dost-düşmənə mesajlar verməsi də unudulmaz tarixi hadisə idi. Dövlətimizin başçısının və ailə üzvlərinin Şuşaya Novruz bayramı ərəfəsinə təsadüf edən növbəti səfəri zamanı Cıdır düzündə 28 ildən sonra ilk dəfə bayram tonqalı alovlandırıldı.
Dövlət başçısı ilk günlərdən Şuşada təmir-bərpa işlərinin, infrastrukturun yaradılması prosesinin başlanmasına göstəriş verib. İlk növbədə 2020-ci ilin noyabrından Şuşaya aparan Zəfər yolunun tikintisinə başlanıb. İnfrastrukturla yanaşı, Şuşada tarixi abidələrin bərpasına da qısa müddətdə başlanıb. Bir neçə ay ərzində şəhərdə ermənilərin dağıtdıqları görkəmli şair və dövlət adamı Molla Pənah Vaqifin məqbərəsi, üstü, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli və ev-muzeyi, Bülbülün ev-muzeyi bərpa edilib. Hazırda şəhərdəki üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri cənab Prezidentin özünün iştirakı ilə Şuşaya gətirilib. Şuşa şəhərinin turizm potensialını təmin etmək üçün hotellərin bərpasına da başladılıb. İlk olaraq “Qarabağ” və “Xarıbülbül” otelləri yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirilib. 32 ildən sonra keçirilən budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. “Xarıbülbül” festivalından sonra Şuşada Vaqifin Poeziya gecəsinin bərpa olunması Azərbaycan xalqının Zəfər sevincini daha da coşdurdu.
“Şəhərin tarixi simasının bərpa olunması” konseptinə uyğun reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir. Qısa müddətdə şəhərin su, elektrik enerjisi təminatı bərpa edilib. Şəhərdə yeni yaşayış kompleksinin təməlinin qoyulması da çox əlamətdar hadisədir. Bildirildiyi kimi, bu yaşayış kompleksi Şuşanın Baş planı əsasında inşa ediləcək. Burada 25 yaşayış binasının inşası nəzərdə tutulur.
Zəfərimizin, bütövlüyümüzün birinci ildönümü…
Artıq tarixi Zəfərin ilk ildönümünə sayılı günlər qalıb. Bir neçə gündən sonra bu taleyüklü hadisə–Vətən müharibəsində şanlı Qələbəmiz respublikamızda təntənə ilə qeyd ediləcək. Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdəlik fəaliyyəti, müdrik siyasəti və Allahdan rəhmət dilədiyimiz hər bir şəhidimizin, cansağlığı arzuladığımız hər bir qazimizin güc-qüdrəti, döyüş ruhu ilə xalqımıza bəxş edilən bu parlaq Qələbənin sevinc-fərəhini yaşayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”