16 noyabr 2021 16:06
904

Daşkəsənli şəhidlər Orxan Bəxtiyarov və Tural İsmayılov anılıb

Noyabrın 16-da Daşkəsən rayonundakı Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi əsgər Orxan Sərvər oğlu Bəxtiyarovun anım günü qeyd edilib.

Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, “Çovdar“ filiz emalı sahəsinin və “Daşkəsən Dəmir Filiz” MMC-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə şəhid Orxan Bəxtiyarovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarına güllər düzülüb, dualar oxunub.

Daşkəsən  Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin ailəsinə başsağlığı verib, səbir diləyib. Əhəd Abıyev çıxışında deyib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən  tarixi zəfər qazandı: “Daşkəsənlilər də Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib, qəhrəmancasına vuruşub, onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalıb. Belə cəsur, igid döyüşçülərimizdən biri də Vətən müharibəsi şəhidi əsgər, Daşkəsən rayon sakini Orxan Sərvər oğlu Bəxtiyarovdur. Orxan Bəxtiyarov 1991-ci ildə Daşkəsən şəhərində andan olub. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına vuruşub, şəxsi igidlik və şücaət göstərib. Orxan Bəxtiyarov 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 16-da Daşkəsən rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Orxan Bəxtiyarov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ə.Abıyev vurğulayıb ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər: “Bütün daşkəsənlilər adından dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Şəhidimizin anası qarşısında baş əyirik. Allahdan Gülbəs xanıma səbir diləyirik. Allah şəhidimiz Orxan Bəxtiyarova rəhmət eləsin, onun əziz ruhu şad olsun.”

Sonra məktəb şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər oxuyublar.

Şəhidin anası Gülbəs Bəxtiyarova ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Noyabrın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin işçiləri, rayonun hüquq-mühafizə orqanları, SHXÇDX-nin rayon bölməsinin əməkdaşı, şəhidin yaxınları, şəhid valideynləri, qazilər və rayonun ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidi əsgər Tural Nürəddin oğlu İsmayılovnun anım gününü onun Gəncə şəhərindəki Şəhidlər xiyabanında olan məzarının qarşısında keçiriblər. Anım mərasimində şəhid Tural İsmayılovun xatirəsi anılıb, ruhuna dualar oxunub, məzarına güllər düzülüb, şərəfli həyat və döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Tural İsmayılov 1999-cu ildə Daşkəsən rayonu Zivlan kəndində andan olub. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına savaşıb, şəxsi igidlik və şücaət göstərib. Tural İsmayılov 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. O, 2020-ci il noyabrın 16-da Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Tural İsmayılov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin atası Nürəddin İsmayılov, anası Nazilə İsmayılova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev – Vüqarlı,
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini