20 noyabr 2021 01:16
1276

«Azərbaycan Sizin sözünüzü gözləyir!»

Ötən əsrin sonlarında Azərbaycanda yaranan hakimiyyətsizlikdən narahatlıqlarını Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə tarixi müraciətləri ilə bildirən, Ulu Öndərin sonralar YAP-ın «qızıl fondu» adlandırdığı «91-lər»in eyni adlı məktubu respublikanın ictimai, siyasi həyatında dönüş yaratdı

Müstəqil Azərbaycan uğrunda mübarizə aparan xalqımız istəklərinə heç də asanlıqla nail olmamışdır. Təbii sərvətlərinə, yerləşdiyi coğrafi ərazisinə görə həmişə diqqət mərkəzində olan Azərbaycanın süveren dövlət kimi güclənməsini istəməyən qüvvələr məqsədlərinə nail olmaq üçün ölkə daxilində sabitliyi pozmaqla cəmiyyətdə siyasi gərginlik yaratdılar. Ötən əsrin əvvəllərində Rusiya imperiyasının işğalına məruz qalan Azərbaycan həmin yüzilliyin sonlarında da eyni taleyi yaşamalı oldu. Ermənistanın Azərbaycan torpaqlarının işğalına «yaşıl işıq» yandıranlar paralel olaraq respublikada qarşıdurma, insanlarda xof yaratmaqla xalqımızın müstəqillik istəklərinə əngəl törətdilər. Özlərinin də qeyd etdikləri kimi, 9 dövlətin xeyir-duası ilə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün iqtidarda olduğu dövr xüsusilə təhlükəli idi. Naşı «siyasətçilərin» iqtidara gəlməsi ilə ulu öndər Heydər Əliyevin min zəhmətlə qurduğu Azərbaycanı dağıdanların yaratdıqları hərc-mərclik, respublikada baş alıb gedən iqtisadi böhran, hakimiyyətsizlik insanları təşvişə salır, narahatlıqlar artırdı. Azərbaycanda siyasi sabitliyin pozulmasında maraqlı olan qüvvələr yaranan şəraitdən istifadə edərək müstəqilliyimizə zərbə vurmaq üçün bütün vasitələrdən istifadə edirdilər. AXC-Müsavat cütlüyünün səriştəsizliyi üzündən dağılmaq təhlükəsi ilə üzləşən Azərbaycanın taleyi üçün narahat olan ziyalılar öz sözlərini dedilər. Adları tarixə «91-lər» kimi yazılan həmin ziyalılar « Azərbaycan sizin sözünüzü gözləyir!» başlıqlı məktubla Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət ünvanladılar. Azərbaycanı gözləyən təhlükələrdən qoruya biləcək gücə, təcrübəyə, idarəçilik məharətinə malik Ulu Öndərdən respublikanı düşdüyü vəziyyətdən çıxarmaq üçün xilaskarlıq missiyasını yerinə yetirməyi xahiş etdilər. Dünənə kimi küçə və meydanlarda səhərdən axşama qədər demokratiyadan danışsalar da, demokratiyanın mahiyyətini başa düşməyən, daxili və xarici düşmənlərimiz tərəfindən idarə olunan naşıların, hakimiyyət hərislərinin səriştəsizliyindən istifadə edən qüvvələr Azərbaycanın sərvətlərini talan edirdilər. Müraciətdə yazılan «Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!» sözlərində Azərbaycan xalqının ümumi rəyi ifadə olunurdu. Bu tarixi missiyanı yerinə yetirmək üçün Yeni Azərbaycan Partiyasının yaradılması təklifini irəli sürən ziyalılar təşkilata rəhbərliyə ən layiqli namizədin ulu öndər Heydər Əliyev olduğunu bildirir və bu təşəbbüsə razılıq verməsini xahiş edirdilər. Ziyalıların müraciətinə «Yeni, müstəqil Azərbaycan uğrunda!» məktubu ilə cavab verən ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli- demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, genişplanlı iş aparılmasını və respublikanın bütün ictimai- siyasi, sosial, iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Bu möhtəşəm vəzifələri isə «Müstəqillik yolu qədər çətin yol yoxdur… Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» söyləyən Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. Belə də oldu. Yarandığı gündən partiyanın qurucusu Heydər Əliyevin «Yeni Azərbaycan Partiyasının əsas prinsiplərindən biri də budur ki, əgər əqidə etibarı ilə ziddiyyət yoxdursa, o bütün siyasi partiyalarla, bütün siyasi qurumlarla əməkdaşlıq etməyə hazırdır. Müxalifət naminə müxalifət ola bilməz… Yeni Azərbaycan Partiyası çalışacaq ki, Azərbaycan bütün sağlam qüvvələrin birləşməsinə öz payını versin» sözlərini əsas prinsip kimi diqqətdə saxlayan və fəaliyyəti ilə doğruldan YAP-ın üzvlərinin və təəssübkeşlərinin sayının artması partiyanın demokrtik prinsiplərə sadiqliyindən qaynaqlanır.

21 noyabr 1992-ci ildə zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyası artıq 29 ildir ki, respublikamızın siyasi- ictimai həyatında fəal iştirak edir, xalqı arxasınca aparır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir.

YAP-ın II qurultayında partiyanın yaradılmasında təşəbbüskarlıq göstərənlərin xidmətlərini « Həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Naxçıvanda bizim partiyanı yaradanlar,- mən demişəm, indi də deyirəm,- partiyanın veteranlarıdır, partiyanın qızıl fondudur Bizim partiyada bunlara həmişə hörmət olmalıdır və onların xidmətləri həmişə yüksək qiymətləndirilməlidir» sözləri ilə dəyərləndirən ulu öndər Heydər Əliyev onu da bildirirdi ki, partiyada gənclərin sayı daha artıq olmalıdır: «Çünki gənclər bu partiyada bişməlidirlər.»

Qısa müddətdə üzvlərinin sayı artan Azərbaycanın davamlı inkişafına layiqli töhfələr verən Yeni Azərbaycan Partiyası ölkədə aparılan demokratik islahatların önündə gedərək başqa siyasi partiyalara da nümunə oldu. Siyasi əqidəsindən asılı olmayaraq iqtidar partiyasının müxtəlif partiyalarla təşkil olunan dialoqları, məsləhətləşmələri, 6 partiyanın YAP-na qoşulması, Zəfərimizlə bağlı 50 partiyanın birgə həmrəylik Bəyanatını imzalaması ölkədəki demokratiya və siyasi plüralizmin ifadəsidir.

Bu gün Azərbaycanın ən nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunmasında, islahatçı ölkə kimi tanınmasında,
 sivilizasiyalararası körpü imicini qazanmasında bu partiyada təmsil olunanların əməyi danılmazdır. Hər zaman qeyd olunduğu kimi, uğurlu başlanğıc daha böyük hədəflərə ünvanlanan istəkdir.
Azərbaycanın siyasi, iqtisadi inkişafının davamlılığı, respublikada ictimai-siyasi sabitliyin təmin olunması, müdafiə qüdrətinin möhkəmlənməsi YAP-ın əsas hədəfləri sırasındadır.

Ölkədə keçirilən siyasi kampaniyalarda qələbə qazanaraq xalqın etimadını doğruldan partiyanın sıralarının genişlənməsi Ulu Öndərin adı ilə bağlı olan bu partiyaya ümumxalq məhəbbətindən, Prezident, YAP-ın Sədri İlham Əliyevə əbədi etimaddan irəli gəlir.
İnsanlar bu partiyanın siyasətini dəstəkləyir və ətrafında sıx birləşirlər.

YAP ümumxalq partiyası imicini birliyi ilə təsdiqləyir.

2018-ci ilin aprelində keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən dövlət başçısı seçilən İlham Əliyev andiçmə mərasimində gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar olduğunu bildirmişdir: «Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim.» Azərbaycanın iqtisadi qüdrətinin, siyasi nüfuzunun artması, hərtərəfli inkişafın təmin edilməsi o deməkdir ki, Ulu Öndərin cələcəyimiz üçün müəyyənləşdirdiyi inkişaf konsepsiyası daim aktualdır, yeni dövrün tələblərinə uyğun təkmilləşir. Onun yolu yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”

İkinci Qarabağ müharibəsində partiya üzvlərinin döyüş bölgələrində olması, hərbçilərimizə mənəvi dəstək göstərməsi, şəhid ailələrinin, qazilərin problemləri ilə maraqlanması YAP-a inamı daha da gücləndirir. Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi naminə önəmli islahatlara imza atan Prezident, Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin «Biz birlikdə güclüyük!», «Qarabağ bizimdir!», «Qarabağ Azərbaycandır!» çağırışları, eyni zamanda bu partiyanın xalqla həmrəyliyinin ifadəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»