23 noyabr 2021 23:18
1092

Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir ölkə kimi tanınır

VIII Qlobal Bakı Forumu ölkəmizin beynəlxalq aləmdə yeri və rolunun aydın mənzərəsini yaratmaqla «COVID-19-dan sonrakı dünya»ya verəcəyi töhfələri də açıqladı

Dünya, o cümlədən ölkəmiz iki ilə yaxındır ki, koronavirus infeksiyasına qarşı mübarizə aparır. Azərbaycan ilk gündən bu çağırışı etdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bu inam da ifadə edildi ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək. Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi Zirvə Görüşündə də dövlət başçısı bildirmişdir ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə bu virusa qalib gələ bilərik.

Gerçəkləşdirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, bu təşəbbüsü irəli sürən dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna da aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil xarici siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfə verir. 44 günlük müharibədə Azərbaycanın hərb və siyasi qələbəsi xarici siyasətində önəm verdiyi bu prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır.

İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır. Dövlət başçısı İlham Əliyevin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Mövqeyindən bir addım belə geri çəkilməmək istəyini real addımları ilə nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni əməkdaşlıq formatı yaratdı. 29 illik müstəqillik tarixinə malik olan gənc bir dövlətin dünyanın xarici siyasətini yenidən formalaşdırması cənab İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin nəticəsidir. Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir ölkə kimi tanınır və nüfuz qazanır.

Bu günlərdə sayca səkkizinci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirakı, həmçinin hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonağın canlı və onlayn qoşulması da hazırkı postmünaqşə dövrünün reallıqlarının təhlilində əhəmiyyətli rol oynadı. “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunan Forum bir daha dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizədə Azərbaycanın istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə keçirdiyi tədbirlərə işıq saldı. COVID-19-la mübarizə tədbirləri İkinci Qarabağ müharibəsi ilə eyni vaxtlara təsadüf etdiyindən Azərbaycanın dünyaya nümunə olan davranışı, səyləri, birlik, həmrəylik çağırışları diqqətdən kənarda qala bilməz. Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı ən kəskin mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınır.

Azərbaycanın, eyni zamanda, dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizəyə töhfələri davamlılığı ilə diqqət çəkir. Ölkəmizdə virusla mübarizə sahəsində həyata keçirilən davamlı tədbirlərdən geniş bəhs edən cənab İlham Əliyev Qlobal Forumda diqqəti bu məqamlara yönəltdi ki, Azərbaycan bu xəstəliyin, böhranın baş qaldırdığı vaxtdan, lap əvvəldən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atıb. Azərbaycan bu ilin yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlayıb. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində 13 yeni dövlət xəstəxanası istifadəyə verilib və ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılıb. Ölkəmizdə qapanma olmasa da, vəziyyət nəzarət altındadır. Yeganə məhdudiyyət ondan ibarətdir ki, daxili məkanlarda maska taxmaq məcburidir.

Azərbaycan pandemiya başlayandan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Quruma toplam 10 milyon dollar həcmində iki dəfə könüllü maliyyə töhfəsi edildiyini önə çəkən dövlət başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, bununla yanaşı, bugünədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Cənab İlham Əliyevin nüfuzlu media orqanları vasitəsilə dünyaya ünvanladığı mesajlarda hazırda vaksinasiya ilə bağlı yaşanan mənzərə öz əksini tapıb. «Vaksin məsələsinə gəldikdə, deməliyəm ki, pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq… Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik» söyləyən ölkə Prezidenti İlham Əliyev birliyin, həmrəyliyin bu qlobal prbolemin həllində rolunu xüsusi vurğulayır. Cənab İlham Əliyev «Bəs, vəsaiti olmayanlar nə etsinlər» sualına cavab olaraq bildirir ki, bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar: «Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır.»

Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumundakı çıxışında bildirmişdir ki, COVID-19 pandemiyası dövründə Qlobal Bakı Forumunun keçirilməsi çox cəsarətli bir addımdır. Foruma çoxsaylı iştirakçının canlı olaraq qatılması həm də insanların həyatımızı zəhərləyən bu pandemiyanın bitməsi arzusunun ifadəsidir. Forumun “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr edilməsi zamanında verilmiş əhəmiyyətli qərardır. Binəli Yıldırım bildirmişdir ki, bu epidemiya göstərdi ki, dünyada heç bir ölkə təkbaşına təhlükəsizlikdə deyil. Bütün dünyanın güvəndə olması, bütün bölgələrin, insanların təhlükəsizlikdə olmasından asılıdır.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç diqqəti 5 milyon insanın ölümünə səbəb olan COVID-19 pandemiyasına çəkərək bildirmişdir ki, bu vəziyyət dünyanın gələcəyi ilə bağlı qarşıya yeni vəzifələr qoyur. Vəziyyət heç vaxt əvvəlki kimi olmayacaq, artıq dünya dəyişdi. COVID-19 hamıdan ümumi səylərin göstərilməsini tələb edir. Çünki bu böhran təkbaşına aradan qaldırıla bilməz. Latviya Prezidenti Eqils Levits 2020-ci ilin dekabrında BMT-nin Baş Assambleyasında xüsusi sessiya təşəbbüsü ilə çıxış etmiş Azərbaycanı alqışlayaraq qeyd etmişdir ki, bu tədbir pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması məqsədilə BMT platformasının idarə olunmasına çox gözəl nümunə oldu. Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva videomüraciətində bildirmişdir ki, pandemiya ilə əlaqədar dünya iqtisadiyyatı böyük böhranla üzləşib. 2021-ci ildə iqtisadiyyatların bərpası ilə bağlı müəyyən işlər görülsə də, hələ qarşıda həllini gözləyən vəzifələr var. Dünya əhalisinin 40 faizinin peyvənd olunmasının bu prosesə töhfə verəcəyinə əminliyini bildirən Kristalina Georgiyeva bununla bağlı birgə səylərin göstərilməsinin əhəmiyyətini vurğulamışdır.

Göründüyü kimi, hər bir çıxış Azərbaycanın irəli sürdüyü təşəbbüslərə dəstəyin ifadəsidir. Forumun mövzusuna gəldikdə isə COVID-19-dan sonrakı dünyanın mənzərəsi bugünümüzün reallıqlarından aydın görünür. Bütün dünya ölkələrinin iqtisadiyyatının durğunluq dövrünü yaşadığı inkaredilməzdir. Mübarizənin ilk günlərində tətbiq olunan məhdudiyyətlər sözsüz ki, əlaqələrin zəifləməsinə öz təsirini göstərdi. Eyni zamanda, əksər dövlətlər öncə iqtisadiyyatın bərpasına cəhdlər göstərsələr də digər tərəfdən yoluxmanın və ölüm hallarının sayının artması daha sərt addımların atılmasını, sərhədlərin bağlanmasını zərurətə çevirdi. Bütün hallarda koronavirus infeksiyasının ölkələrin ictisadiyyatına mənfi təsiri qaçılmazdır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Qlobal Forumdakı çıxışında qeyd etdiyi kimi, biz pandemiya, bəziləri isə postpandemiya dövrü haqqında danışır. Bizim artıq postpandemiya dövründə olduğumuz aydın deyil. Çünki müxtəlif ölkələr bu məsələyə fərqli yanaşır.

Keçirilən bütün tədbirlərdə səsləndirilən əminlik bundan ibarətdir ki, tezliklə pandemiya ilə mübarizə başa çatacaq, ölkələr, xalqlar öz əvvəlki həyatlarına qayıdacaqlar. COVID-19-la birgə mübarizə postpandemiya dövrünün də əsas çağırışı olacaq.

Yeganə Əliyeva, «İki sahil»