07 dekabr 2021 13:19
2615

Şərəfli oğullar Vətəni yaşatmaq üçün dünyaya gəlirlər

Rəcəb Məmmədov Vətənin işığı oldu, nur saçdı...

Heç fikirləşmisiniz dünyanın ən ağır, ən qorxulu, ən dəhşətli sözü hansıdır? Mənim nəzərimdə nəticəsindən asılı olmayaraq istər qalib , istər məğlub ol, fərq etməz, dünyanın ən qorxunc, ən dəhşətli sözü müharibədir. Müharibə qanla yazlıan tarix, sözün bitdiyi, zorun, gücün önə çıxdığı qanlı meydandır. Müharibə nakam sevgilərin, ürəklərdə dəfn olunmuş arzuların, üzlərdə donub qalmış məsum təbəssümlərin tökülən qanla birlikdə torpağa kömüldüyü vəhşət meydanıdır. Müharibə ölüm saçan silahların meydan suladağı, nərildədiyi, guruldadığı qaynar qazandır. Bu qazanda ölüm bişib, dərd göyərir…

Bəzən mənə elə gəlir ki, müharibədə guruldayan, nərildəyən, part deyib partlayan, yeri, göyü lərzəyə salan silah səsi deyil, anaların, bacıların, sevgilisini müharibəyə yola salan qızların, ər yolu gözləyən xanımların, ata yolu gözləyən övladların ürəklərinin səsi, qəlblərinin atəşidir…

Əgər məndən soruşsalar ki, dünyanın ən dərin dəryası hansıdır? Heç çəkinmədən deyərdim, oğlu şəhid olmuş anaların göz yaşlarının töküldüyü ən dərin dəryalardır. Əgər məndən soruşsalar ki, dünyanın ən uca zirvəsi hansıdır? Heç tərəddüd etmədən, qətiyyətlə deyərdim ki, müharibədə şəhid olmuş ərinin namusunu qoruyan, onun döyüşçü şərəfini uca tutan xanımların layiq görüldükləri müqəddəs zirvələrdirlər.

Əgər məndən soruşsalar ki, dünyanın ən əzəmətli dağı hansıdır? Yenə də heç çəkinmədən deyərəm ki, oğlu müharibədə şəhid olmuş atalar dünyanın ən əzəmətli dağlarıdırlar...

Əgər məndən soruşsalar ki, dünyanın ən qaynar ocağı, ən yanar odu haradadır? Yenə də çox düşünmədən deyərdim ki, ata həsrətilə yanan şəhid övladlarının ürəyi… Oğul istəyirəm ki, o ürəyin səsini, dağın dərdini dinləyib, o dəryanın suyunu görüb dözə bilsin…

Müharibənin bir üzü ölümü, qanı, qorxunu, həyəcanı, ayrılığı, həsrəti özündə ehtiva etsə də, bir üzü də qəhrəmanlığı, şərəfi, ləyaqəti, cəsurluğu, ölümü öldürüb ölməzlik qazanmağı, əbədiyaşarlığı təcəlla edir. Müharibə Tanrı dərgahına gedən yolun başlanğıcı, Şəhidliyə açılan qapı, Allahla insanın arasındakı məsafənin daraldığı yerdir. Müharibə yeganə meydandır ki, qaçanda Allahı çağırır, qovanda… Müharibədə qazanılan Zəfər bəlkə də yeganə qələbədir ki, hamı ondan özünə pay götürə bilir. Bayrağa bükülüb gələn döyüşçü də… Bayrağı götürüb küçələrə çıxanlar da…

Əminliklə deyə bilərəm ki, dünyanın ən şirin, ən qürurlu, heç vaxt yaddaşlardan silinməyən qələbəsi də müharibədə əldə edilən qələbədir… Əgər məndən soruşsalar ki, dünyanın ən ağır yükü hansıdır? Heç çəkinmədən deyərdim ki, Şəhid yükü… Bu yükün altına kimsənin çiynini verməsini istəməzdim… Çiyinlərdə daşınan təkcə cansız bədən deyil - arzudur, xəyaldır, sevgidir, düşmənə nifrətdir, qəhrəmanlıqdır, cəsarətdir…

Bir ananın ümidi, bir övladın gücüdür… Bilmirəm sizlər də mənim qədər göylərə baxırsınız? Bilirsiniz nə görürəm göylərdə? Al, əlvanlıq, əzəmət, qürur, nur, parıltı, gülüş, işıq, sevgi… Mənə elə gəlir ki, şəhidlər özləri ilə birlikdə analarının gözünün nurunu, bacılarının sevincini, sevgililərinin sevgisini, bu sevgiyə hopmuş gülüşünü, ürəklərinin odunu, atalarının əzəmətini, qüdrətini, qardaşlarının gücünü, qüvvətini… övladlarının arzularını, istəklərini, xoş xəyallarını, xoşbəxt günlərini də öylərə aparıblar. Ona görə də göy üzü daha mənalı, daha gözəl, daha rəngarəng olub. Qeyrətli oğullarımız göylərə çəkiləndən göylər qeyrət rəmzi olub… Gecələr göy üzünü qaranlıq alanda düşünürəm ki, analar övladları üşüməsinlər deyə qara saçlarını onların üstlərinə səriblər. Göy üzü ona görə qaralıb. Şəhid analarının qar kimi ağarmış o müqəddəs saçlarında Vətənin ağ gününü görürəm.

Şəhidlik bilirsiniz mənim üçün nə deməkdir? Gözü, könlü toxluq. Zənginlik, mənəvi böyüklük. İlahi sevgi. Allaha bağlılıq… Bir də bitib-tükənməyən Vətən sevgisi. Torpağa bağlılıq. Vətənə sədaqət, bir də dövlətə inam deməkdir. Desəm ki, bizim üçün Vətən hər şeydən öncədir, məncə, bu, səmimi alınmaz. Hətta bir az da gülünc görünər. Pafosdan, şablonçuluqdan o tərəfə keçməyən, şit bir cümlə, bayağı bir ifadə forması alar bu söz. Bütöv bir millət, ümumi bir toplum haqqında «Öncə Vətəndir» demək sözçülükdən uzağa getməyən yalnız bir boşboğazın cümləsi ola bilər.

Hamımıza gün kimi aydındır, elə insanlar var ki, onlar üçün Vətən tutduğu vəzifəsi, maşını, gözəl güzəranı, yaxşı dolanışığı, ailəsinin qayğısız, xoşbəxt, firavan həyatıdır. Şəhid, əsl döyüşçü, vicdanlı vətəndaş üçün hər şeydən öncə Vətəndir. Anasının göz yaşını, bacısının sevincini, sevgilisinin arzularını, özünün həyatını, şirin canını Vətənə qurban verməyi bacaranlar üçün öncə Vətəndir. Şəhidlər içlərində ölümü öldürərək, qorxunu yenərək, bütün dünyəvi hisslərə qalib gələrək o zirvəyə yüksələ bilən mələksimalı qəhrəmanlardır. Bəzən mənə elə gəlir ki, Allah onlara gedəcəkləri yolun gözəlliyini, müqəddəsliyini sanki öncədən göstərib, sonra bu yola rəvan edib. Məni qınamayın, şəhidlərimizin təkcə oxşar taleləri , qəhrəmanlıqları, cəsarətləri, vətənə olan sevgiləri deyil, halları, xasıyyətləri, zahiri görünüşləri, ailəyə, valideynə olan münasibətləri ilə də bir-birilərinə çox bənzəyirlər. Bəzən öz oğlu haqqında danışan ananı dinləyəndə sanki mən bu hekayəni başqa bir şəhidin həyatından bilirəm. Bu məğrur anaları, başı qarlı dağa bənzər dağ vüqarlı ataları, şəhidlərin dərdli qohumlarını dinləyəndə düşünürəm ki, bu böyük, qürurlu insanlar oğullarını döyüşə yola salanda arxalarınca su deyil, göz yaşlarını səpiblər. Ona görə gözlərində yaş qalmayıb…

Vətəni canından, Vətən Sevgisini yar sevgisindən, torpağı ana qucağından üstün tutanlar Şəhidlik yolunu seçə bilirlər.

44 günlik Vətən Müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş, qəhrəmanlıq dastanımızın yeni səhifələrini yazmış oğullarımızdan biri də Rəcəb Xalid oğlu Məmmədovdur. Əslən Ucar rayonunun Qulabəndə kəndindən olan Rəcəb 22 iyul 1995-ci ildə Rusiya Federasiyasının Podolsk vilayətində dünyaya göz açıb. Dolanışıq üçün qərib diyara üz tutan valdeynlərinin çəkdikləri çətinliklər, Vətən nisgili, el-oba həsrəti Rəcəbin qəlbinə bir Sevgi dastanı, Vətən nəğməsi yazıb. Vətəndən uzaqda anasının oxuduğu laylalarda ilk eşitdiyi sözə Vətən kəlməsi, Azərbaycan olub. İlk dəfə əlinə çantanı alıb Podolsk şəhər məktəbinə gedəndə, müəllimi lövhəyə Ana, Vətən kəlmələrini yazanda Rəcəb yad insanların içində ayaqa qalxıb, «mənim vətənim Azərbaycandır. Onun bir hissəsi də ermənilərin işğalı altındadır», deyib. Balaca bir körpənin, ilk dəfə əlinə çanta alıb məktəbə gedən bir uşağın etiraz səsinə müəllimlər, məktəb rəhbərliyi təəccüb edib. Valdeynlərini məktəbə dəvət edib «söhbət» aparıblar. Bu uşaq böyüyüb Vətəninin qəhrəman oğlu olacaq, - deyiblər. Valdeynlərinin ümid yeri, güvənc yeri olub Rəcəb. Beşinci sinfə kimi Podolskda təhsil alan Rəcəb məktəbin ən sevimli şagirdi olub, «balaca rəssam» kimi fitri istedadı ilə hamıdan seçilib. Görmədiyi, tanımadığı vətənini, onun qaynar Günəşini, Qarabağının meşələrini, Topxananı çəkirmiş öz əsərlərində. Bir dəfə Rəcəb böyük bir topun yanında, qucağında top mərmisi ilə öz şəklini çəkir. “Mən Qarabağın azad olunmasında döyüşəcəyəm”, - deyib qəzəblə yumruğunu düyünləyir. Sevimli Vətənimin bir hissəsi işğal altındadı, deyir. Müəllimləri yenə valdeynlərini fərdi söhbətə çağırırlar. Hətta bu balaca qəhrəman belə davam edərsə, «milli, irqi, ayrı-seçkilik salarsa», onu məktəbdən xaric edəcəklərini bildirirlər.

Xalid artıq qürbətdə yaşamağın mümkünsüz olduğunu, övladlarının Vətən həsrətini, Vətən sevgisini hər şeydən üstün tutub Vətəndə böyümələri üçün Vətənə dönməli olur. Xətai rayonunda yurd-yuva qurur. Rəcəb təhsilini Xatai rayonundakı 221 nömrəli orta məktəbdə davam etdirməli olur. Bu təhsil ocağında biliyi, bacarığı ilə seçilən Rəcəb hamının sevimlisinə çevrilir. Dərslərini yaxşı oxusa da, ailənin maddi durumu onu ali təhsil müəssisələrinə deyil, əmək meydanına üz tutmağa məcbur edir…

Hərdən mənə elə gəlir ki, Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullar onun ilk sətirlərini analarına oxuyublar. “Ana, mən hər şeyə hazıram, sən də hazır ol. Haqqını halal et” sözlərini qürurla səsləndirən Rəcəb kimi. “Oğlum haqqım halalın olsun! Nə etmisənsə, sən etmisən” cavabını verən Həbibə xanım kimi… Həbibə xanım özünü toparlamağa çalışır. Rəcəblə bağlı xatırələri yaddaşında təzələndikcə üzündə gün doğubmuş kimi sifəti nurlandı:

- Övlad dərdi heç bir dərdə bənzəmir. Hər gün ürəyimdə min dəfə Rəcəblə danışıram, sual verirəm, cavab ala bilmirəm. Hər bir arzumu üzümdən, baxışımdan duyan Rəcəbim sanki gözümün içinə baxıb gülümsəyir. Nur üzlü balamı yuxuda görəndə də gülümsəyib bircə kəlmə ilə, - Ana məndən narahat olma, mənim yerim çox rahatdır, - deyib çəkilib gedir. İnanıram ki, oğlum cənnətdədir.Təsəlli tapıram ki, Rəcəbim Vətən yolunda şəhid olub. Xalqımın qəhrəmanlıq tarixini yazanlardan biri də mənim Rəcəbimdir. Mən anayam. Anaya qəhrəmanlıq deyil, oğlunun, öladının quru nəfəsi də bəs edər. Keşkə kasıb olaydı, bir qarnı ac, bir qarnı tox olaydı, yanımda olaydı Rəcəbim… 

Amma qismət deyilən bir şey var. Allah da mənim oğlumun taleyin belə yazıbmış. Oğlum dünyaya gəlişindən o biri övladlarımdan fərqlənirdi. Bütün arzularım, istəklərim, gələcək planlarımı Rəcəblə qurardım. Ər, arvad düşünürdük ki, ahıl yaşımızı, qocalığımızı Rəcəblə bir yerdə keçirəcəyik… Mən Allahın qədərinə inanan adamam. Bunu da Allahın yazısı, qədəri, qisməti bilirəm. Rəcəb Rusiya Federasiyasının Podolsk şəhərində dünyaya gəlib. İş üçün, çörək üçün Rusiyaya getmişdik. İşimiz gücümüz də qaydasında idi. Rəcəb ibtidai təhsilini də Podolsk şəhərindəki 10 nömrəli orta məktəbdə alıb. Siniflərində hamıdan fərqlənirdi. Müəllimlərin, şagird yoldaşlarının sevimlisi idi. Gözəl rəssamlıq qabiliyyəti var idi. Maddi imkanımız sonralar yaxşı olmadığı üçün rəssamlıqla məşğul ola bilmədi. Gündəlik çörək qazanmaq, evimizi, ailəmizi dolandırmaq fikirləri ilə yaşadı. Çox qayğıkeş, evə ataya, anaya canıyanan oğul idi, Rəcəbim.

2016-cı ilin aprel döyüşləri başlayanda onu evdə saxlaya bilmirdik. Onda da qəlbi könüllü gedib döyüşmək arzusu ilə döyünürdü. Odur ki, təkidlə döyüşə getmək istəyirdi. Kəsdim qarşısını, yalvardım. Dedim ki, Rəcəb, mənim ümidim də, arzum da sənsən. Sən müharibəyə getsən, mən neyləyərəm? Evimizin dirəyi sənsən. Mənim göz yaşımdan, ağlayıb, sızlamağımdan keçə bilmədi. Məcbur qalıb mənimlə razılaşdı. Elə hey deyirdi ki, mən tək sənin deyil, Vətənin dirəyi olmaq istəyirəm. Zaman gələcək, mənimlə fəxr edəcəksən.

2020-ci ilin yayında ermənilərin torpaqlarımıza növbəti təcavüzü, general Polad Həşimovun şəhid olma xəbərini eşidib, özünə yer tapa bilmirdi. Həqiqi hərbi xidmətini ön cəbhədə keçirmiş, düşmənlə üz-üzə olan mövqelərdə qulluq etmişdi. Fiziki sağlamlığı normal, hərbi cəhətdən hazırlıqlı idi. Əsgərlikdə tuşlayıcı olmuşdu. Artıq bu dəfə nə atası ilə məsləhətləşdi, nə mənim sözümə məhəl qoydu. Bircə onu dedi ki, ana, qaradan artıq rəng yoxdur. Bu ermənilər əməllicə hədlərini aşdılar. Onları durdurmaq gərəkdir. Bu dəfə döyüş olsa, dayanmayacağam. Sən demə, gedib könüllü yazılıbmış. Sentyabrın 21-də Rəcəbə Xətai Rayon Hərbi Səfərbərlik İdarəsindən çağırış vərəqi gəldi. O gün onun üçün toy-bayram idi. Toy demişkən, gözümün nurunun istədiyi, könül verib, könül aldığı qız var idi. Nə qədər etsəm də, adını mənə demədi. Mənimlə tanış etmədi. Deyirdi ki, qoy müharibə bitsin, sağ-salamat qayıdıb gələrəm, səni gəlininlə tanış edərəm. Elçi gedib, el adəti ilə qızı ata -anasından istəyərik. Müharibə ölüm, qan-qadağa deməkdir. Birdən başıma bir iş gələr, qız uşağıdır, bir adını iki etməyək. 

Rəcəb maddi çətinliyimizi özünə dərd edərdi. Gecə-gündüz çalışardı ki, qazansın, gətirsin, özünə bir gün ağlasın. Bir dəfə mənə dedi ki, ay ana, nə olardı, biz də zəngin ailə olardıq. Sevdiyim qızla ailə qurub, ikimiz ayrı yaşayardıq. Dedim, Rəcəbim, bunu özünə dərd etmə. Əgər tək yaşamaq istəsəniz, biz atanla köçüb Ucara gedərik, qardaşınla birlikdə yaşayarıq. Sevinmişdi. Amma razı da olmadı. Dedi ki, yox, buna vicdanım yol verməz. Gərək özüm özümə gün ağlayam. Atasının səhhətində problem var. Qıçında mil gəzdirir. Əmək qabiliyyətli deyil. Qayğıkeş balam bizim də yükümüzü çəkirdi. Rəcəb bir qədər “Pirəküşkül”də təlimlərdə iştirak edəndən sonra döyüş bölgəsinə yollandı. Müharibənin başladığı ilk gündən Füzulinin düşməndən azad olunması uğrunda döyüşlərə qatıldı. Tez-tez zəng edər, bizdən hal-əhval tutardı. Narahatlığı bizdən idi. Ordumuzun gücünə çox inanırdı. Qalib gələcəyimizə, düşmənə dərs verəcəyimizə çox əmin idi. Sonuncu dəfə oktyabrın 5-də axşamüstü zəng etmişdi. Əhvali-ruhiyyəsi çox yüksək idi. Ordumuzun əzmlə irəlilədiyini dedi .

- Ana haqqını halal elə, mən hər şeyə hazıram, sən də hazır ol, - dedi.

Dedim, Rəcəbim, gözümün nuru, mənim nə haqqım var? Səni dünyaya mən gətirsəmsə də, hər əziyyətimizi sən çəkmisən. Sən bizim yaşam səbəbimiz olmusan. Sən haqqını halal elə! Sözün açığı, heç ağlıma da gətirmirdim ki, Rəcəb nəyin halallığını alır. Rəcəbə o qədər arxayın idim ki… Hər çətinlikdən çıxmağı, ölümə belə qalib gəlməyi bacaran igidim idi. Düşünmədim ki, balam şəhadət yolçusudur. Artıq mənimlə xudahafizləşib Tanrısına qovuşdu. Oktyabrın 9-da şəhid xəbəri gəldi. Dedim balam zəng edib dili ilə halallıq istədi. Gədəcəyi yolu Allah ona öncədən göstəribmiş. Evimin dirəyi Vətənimin dirəyi oldu. Arzuladığı, seçdiyi yolun yolçusuna çevrildi. Rəcəbsiz bizə çox çətindir. Amma ölməzdir,əbədiyaşardır… Adı tarix yazanlardandır… Evimizin yanında şəhidlərə abidə qoyulub. Hər gün abidənin önünə tər çiçəklər düzülür. Məktəblilər, təzə ailə quranlar ziyarətə gəlirlər. Təsəllim odur ki, balam indi könüllərdə yaşayır. Bir ürəkdən çıxıb min ürəyə köçüb. Mənim Rəcəbim artıq Vətənin, millətin Rəcəbi olub. Rəcəbimə bu yaraşırdı. Qəhrəmanlıq yaraşırdı…

Atasının, anasının üzünü ağ etmək, Vətənin bir parçası olmaq yaraşırdı, onu da etdi. Bizim də, Vətənin də üzünü ağ edən oğlum, cənnətdəki yerin, məqamın daim uca olsun! 

Atası Xalidin xatirələrindən:

- Mən atayam. Ata üçün, valdeyin üçün övadının sağlığı, salamatlığı, yaşaması, həyatda olması hər şeydən dəyərlidir. Heç bir ataya, şəhid olmuş, həyatını itirmiş övlad cənazəsi qucaqlamağı, dərddən qovrulub yanmağı arzu etmərəm. Hətta düşman olsa belə… Heç kim övladını şəhid olsun, qəhrəman olsun deyə böyütmür. Heç o fikirdə də deyiləm ki, şəhid qəhrəman oğuldan həyatını hər nə olursa-olsun qoruyub yaşayan qorxaq yaxşıdır. Atanın, valideynin həmişə bir arzusu olar: övladı ilə iftixar duysun, fəxr etsin. Mən Rəcəbimlə həmişə qürurlanmışam. Rusiyada yaşayırdıq. İbtidai təhsilini Podolsk şəhərində alıb. Məktəbdə demək olar ki, müəllimlərin hamısı Rəcəbi tanıyırdı. Məni sinif rəhbəri, direktor dəfələrlə məktəbə dəvət edib, xəbərdarlıq edirdilər. Rəcəb uşaqları başına yığıb Qarabağdan, Şuşadan danışırdı. Evdə övladlarıma işğal olunmuş rayonların adını yazıb həmin tarixləri əzbərlətdirmişdim. Ermənilərin bizim qaim-qədim düşmənimiz olduğunu, hər zaman pusu da durub bizdən qisas alacaqlarını demişdim. Onlara ermənidən aralı durmağı, bu murdarlarla nəinki dostluq etməyi, oturub-durmağı belə qadağan etmişdim. Beləcə, oğlum vətənpərvərlik duyğusu, qisas hissi ilə böyümüşdü. Bütün körpələr kimi gözəl uşaqlığı, gözəl gülüşü var idi. Qayğıkeş, fərqli bir bala idi. Adamı heç çətinliyə salmağı sevməzdi. Tələbkar deyildi. Nə olsa, ona qane olurdu. Orta məktəbi bitirib vedooperatorluq kursunu oxumuşdu. Amma ixtisasına uyğun heç işləmədi. Evin, ailənin qayğısı böyük idi. Yükün ağırlığını Rəcəb çəkirdi.

Müharibə başlayanda qisas qiyamətə qalmaz deyib, getdi cəbhəyə. Çox inamlı idi. Hər zəng edəndə deyirdi ki, tezliklə qələbə xəbərini verəcəm bizə. Bizi sevindirəcəyini deyirdi. Təəssüf ki, qələbəni görmədi. Sonuncu dəfə, oktyabrın 5-də zəng etmişdi…Füzuli rayonunun işğaldan azadlığı uğrunda döyüşürdülər… Oktyabrın 9-da oğlumun şəhid xəbərini aldım. Doğma Qulabənd kənd qəbiristanlığında dəfn etdik ciyərparamızı. Qəbrinin üstündə çox möhtəşəm abidəsini qoymuşuq. Rəcəb gözəlliyi, hər şeyin yaxşısını sevən idi. Rəcəbdən sonra yaşam həvəsim, həyat sevgim, inamım itib. Ata heç vaxt övladlarına fərq qoymaz. Hətta valdeynlər zəif, xəstə övladlarını daha çox sevər, qayğı göstərərlər. Rəcəb anasının, mənim, bütün ailənin ümidi, evimizin dirəyi idi. O ümid işıqları söndü, o dirək, dayaq çökdü… Rəcəb belimi qırdı. Qalmışam ağır yük altında. Oğlumla, Rəcəblə hər zaman fəxr etmişdim. İndi də qəhrəmanlığı, Vətənin, millətin oğlu ola bildiyi, cavan canını vətən yolunda qoyduğu üçün daha çox fəxr edirəm. 

Bacısı Aytən xanımın xatirələrindən:

- Bacılar qardaşlarını çox sevən olurlar. Onlara güvənirlər. Rəcəb tək mənim yox, bütövlükdə ailəmizin güvənc yeri idi. Hamımızdan fərqli idi… sadələyi, zəhmətkeşliyi, qayğısı, diqqəti ilə fərqlənirdi. İnsan yaşlaşdıqca saflaşırdı. Biclik nədir, hiylənin, kələyin nə olduğunu bilməzdi. Allah ona mələk ürəyi vermişdi. Yəqin cavan yaşında yanına götürəcəyi Allaha agah imiş ki, onu belə saf yaratmışdı. Fədakar idi. Ailəmizin, evimizin onurğa sütunu, çörək ağacı idi. Bütün günü işləyərdi, tər tökərdi. Qazandığını özü yeməzdi, ailəyə xərcləyərdi. Əlləri kələ-kötür daşa bənzəyirdi. Amma başıma sığal çəkəndə, əlllərimi əlinə alanda özümü dünyanın ən xoşbəxti hesab edirdim. Əli haram, dili yalan bilməyən qardaşım. Özünə bütün çətinlikləri rəva bilərdi. Atamın, anamın zəhmət çəkməsinə, qayğılanmasına dözməzdi. Hər sirrini, sözünü mənə deyərdi…

Sevdiyi qız var idi. Evlənəcəkdilər… Bir yandan pandemiya, digər tərəfdən də müharibə söhbəti ortaya düşdüyü üçün gözləməyimizi məsləhət bildi. Sevdiyi qızın adını da demirdi. Müharibəyə gedərəm, şəhid olaram, qızı sonra istəyən olmaz, ailə qura bilməz, günaha bataram. Onu da deyirdi ki, qoy bütün bunlar bitsin, sonra baxarıq. Elə bil şəhid olacağını özü bilirdi.

- Siz mənimlə hər zaman fəxr edəcəksiniz, - söyləyirdi. Deyirdim, Rəcəb, qardaş, sənin qabarlı əllərinlə, vahxından tez qırışmış alnınla, vicdanlı insan, ləyaqətli oğul olmağınla biz həmişə fəxr etmişik. Bu bizə kifayətdir. Müharibəyə gedəndə içimi qorxu almışdı. Bilirdim ki, Rəcəb kələk bilməyən, saf insandır. Daldada durmaz, özünü qorumaz. Dostdan, yoldaşdan ötrü özünü oda da atar. Vətən, torpaq üçün canını yaxar. Düşündüyümüz başımıza gəldi. Oktyabrın 9-da Rəcəbin şəhid xəbərini aldıq. O gün dünyam qara boyandı. O gün işığımız sondü… həyatımız qaraldı…

Ürəyi arzularla, qayğı, dərd, əzabla dolu bir qardaş itirdim. Uşaqlığını yaşamayan, gəncikən min ilin qocası qədər çətinlik, əziyyət görmüş, bir dəfə də alnını turşutmayan, heç yoruldum deməyən fədakar Rəcəb bu dəfə müqəddəs Vətən uğrunda canını fəda etdi. Keşkə yuxuma girəydi. Keşkə yuxuda da olsa, o qabarlı əlini başıma çəkəydi. Məni o tər iyi verən gözəl, cənnət qoxulu sinəsinə sıxa biləydi. Rəcəbin tər qoxulu sinəsində cənnətimi tapırdım. Mələk qardaşım, gözü gülər qardaşım, yəqin indi bizi görür, eşidir. Sən indi Vətənin fəxri olan oğullardan birisən. Sən Vətənin üzünü ağardan oğullardansan. Səninlə qürur duyuram. Nur içində yat, nur üzlü Mələyim!

Döyüş yoldaşı Nurlan Hüseynovun xatirələri:

- Rəcəblə sentyabrın 21-də Pirəküşküldə, səfərbərliyin ilk günü tanış olmuşduq. Boy-buxunu, üzünün ifadəsi, sadəliyi, səmimiyyəti, saflığı, baməzəliyi ilə seçilirdi. Tale elə gətirdi ki, biz bir manqada xidmət edəsi olduq. Bir qazandan yemək yeyir, bir yerdə yatırdıq. Bölgü oldu, mən pulemyot heyətinə manqa komandiri, Rəcəb tuşlayıcı, qalan iki nəfər heyət nəfəri oldu. Açıq danışacağam, Rəcəb həqiqi hərbi xidməti zamanı yaxşı əsgər olduğundan geyindiyimiz hərbi uniformanın haqqını bir o ödəyirdi. Çox sərras atıcı idi. Hətta təlimlər zamanı poliqonda hədəfi dəqiq vurduğu üçün bir dəfə tabor komandiri Rəcəbin əlini sıxaraq alnından öpmüşdü. Müharibənin olacağını ağlımıza belə gətirmirdik. Elə zənn edirdik ki, hərbi səvərbərlikdir, bir neçə gün keçər, bizi evə buraxarlar. Bu səbəbdən də təlimlər zamanı silahdan istifadəyə o qədər diqqət yetirmir, bir növ evə buraxılacağımız günü gözləyir, baş girələyirdik. Bu müddətdə tək Rəcəb idi ki, bir an dayanmaz, komandanlığın verdiyi tapşırıqları yerinə yetirməyə çalışardı. Təlimlər zamanı Rəcəblə söhbət etməyə, onu yaxından tanımağa kifayət qədər vaxtımız olmuşdu. Onun danışdığından bir xoş gün görməyən, qayğıkeş, zəhmətsevər, ailəsinin yükünü çəkən bir gənc olduğunu müəyyən etdik. Əli qabar, alnı qırış…

Hətta boynunda müəyyən qədər əyrilik var idi. Hiss olunurdu ki, boynundakı o nişanə də zəhmət çəkdiyini göstərirdi. Məncə «Araz» marketdə ayı 250-300 manata fəhlə işləmişdi. Bizim heyət artıq dostlaşmış, aramızda qardaş münasibəti yaranmışdı. Acıyırdıq Rəcəbi… Bütün günü ağır işdə işləyəsən, sonunda da az maaş alasan… Uşaqlarla söz vermişdik ki, müharibədən sonra az maaşı olsa da, ona rahat bir iş tapaq. Daim əlaqəmizi, dostluğumuzu, yoldaşlığımızı davam etdirək. Sentyabrın 27-si müharibə xəbərini aldıq. Boyük bir dəsgtə ilə Füzuliyə doğru irəliləyirdik. Yolboyu insanlar yollara çıxır, bizə ərzaq, papiros, isti geyimlər verirdilər. Millətimizin birliyi, döyüşə gedən əsgərlərə olan bu xoş münasibət Rəcəbi çox duyğulandırmışdı. Rəcəb yaxınlığımda oturmuşdu. Üzündən nur tökülürdü. Özünü göylərə təslim etdiyi açıqca hiss olunurdu.

- Rəcəb, nə olub, - deyə soruşdum.

- Mən şəhid olacağımı hiss edirəm, - dedi.

Axşam hava qaralanda Horadizə çatdıq. Parkda bizə silah-sursat verildi. Ermənilər 30 il idi ki, orada möhkəmlənib, istehkam qurmuşdular. Orada hündür bir təpə var idi. Ermənilər təpənin arxasından artilleriya atəşi ilə bizim yeri vururdular. Göydə dronlar işləyirdi. Dron bizi görməsin deyə, kolun altında gizlənmişdik. Rəcəb yaxınımda idi. Üzünü mənə tutub, - Nurlan şəhid olacağımı bilirəm. Amma belə ölmək arıma gəlir. Mən döyüşüb ölmək istəyirəm, - dedi. Tək arzusu mərmi yarasından yox, döyüşərək şəhid olmaq idi. Onun bu sözlərinə qəzəbləndim. Hətta məndən böyük olsa da, üstünə qışqırdım. - Oğlum, şəhid olmayacaqsan. Öldürəcəksən! - dedim. Səhəri günü döyüş mövqeyinə çıxdıq. Rəcəb bilsəniz necə sevinirdi? Kefi göylə gedirdi…

Onun şirin danışığı, gülməli hərəkətləri bizə ruh verirdi. İlk günlər olmasına, hələ döyüşçülərin birbirilərinə yaxşı bələd olmamalarına baxmayaraq hamı Rəcəbi tanıyır və sevirdi. Danışığında bir az kəkələmə var idi. O da onun zarafatlarını daha şirin edirdi. Hətta söz vermişdik ki, Rəcəb abi, müharibədən sonra bir “Tik Tok” səhifəsi açıb səni məşhur edəcəyik. Onun hər sözü, hər zarafatı döyüşçüləri güldürürdü. Rəcəb danışanda adam ölümlə çarpışacağını ağlına belə gətirmirdi. Oktyabrın 5-i səhər səhər-səhər irəliləyib dağlıq bir əraziyə çatdıq. Dağın ətəyi zəmi, qarşı tərəf isə düşmənin beton istehkamlarla mohkəmləndirilmiş mövqeyi idi. Düşmənlə məsafə o qədər yaxın idi ki, hətta onların danışığını açıq-aşkar eşitmək olurdu. 250 nəfərlik heyətimiz boğazımız yırtılana qədər var gücümüzlə, bağıra-bağıra hücuma keçdik. Fasiləsiz olaraq gecəyə kimi döyüşüb düşməni geri otuzdura bildik. Mən bu döyüşdə Rəcəbi itirmişdim. Gecəni düşməndən aldığımız movqede qalmaq təhlükəli idi. Düşmən zəmi tərəfdən əks-hücuma keçib hər hiylə törədə, bizi mühasirəyə sala bilərdi. Bizə əvvəlki mövqeyimizə çəkilmək əmri verildi. Gecəikən leysan yağışlar yağmağa başladı. Təpə-dırnaq suyun içində idim. Bədənimdə ağrılar var idi. Səhər açılanda yaralılarımızın və şəhidlərimizin olduğunu eşitdik. Mən ayağından yaralanmış bir döyüş yoldaşımızın qoluna girib arxaya çəkilməkdə ona kömək edirdim. Həm də özüm üçün ağrıkəsici dərman götürəcəkdim. Bu an yenə Rəcəblə rastlaşdıq. O, əlində avtomatı səngərdə, döyüş mövqeyində idi. Rəcəb qolundan tutduğum yaralı yoldaşımızı görüb, - narahat olma, sənin də əvəzinə döyüşəcəyəm, - söylədi.

Dedim Rəcəb, özünü qoru, çalış sağ qal. Qəhrəmanlıq etməyə tələsmə. Hətta bölük komandirinə zarafatla dedim ki, mənim bu dəlimi qoru. İrəliyə çox çıxmağa imkan vermə. Bu bizim Rəcəblə son görüşümüz oldu. Mən yenidən döyüş mövqeyinə dönəndə iki nəfər şəhidimizin olduğunu dedilər. Şəhidlərimiz səngərdə arxası ustə qalmışdılar. Yaxınlaşıb baxanda kimliyini müəyyən edə bilmədim. Tanımadığımı dedim. Bilirsiniz, Rəcəb qarabuğdayı idi. Qıvrım, seyrək saçı var idi. Yerdə uzanıqlı vəziyyətdə olan şəhid isə ağappaq nur saçırdı. Mən geri dönəndə döyüş yoldaşlarımızdan biri,

- Rəcəbi gördün, - deyə soruşdu.

Sən demə, şəhid olan elə Rəcəbmiş. Bizə ruh verən, həyat eşqli, yaşam həvəsimiz!.. Hər an, hər kəlməsi, bitib-tükənməyən gözəllikləri ilə zəngin olan Rəcəb. Onun yaralandığı heç hiss olunmurdu. Tərtəmiz idi. Sanki xoşbəxt, qayğısız bir formada yatmışdı. Düşmən snayperi düz onun sevgi dolu ürəyini nişan almışdı. Rəcəb özünün istədiyi formada, döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdi. O, həyatı gözəlləşdirən, ona rəng qatan insanlardan idi. İnsanlığın naxışı idi. Uşaq kimi saf idi. Bü cür insanların itkisi çox ağır olur. Göz yaşısız, sakit xatırlamaq olmur Rəcəbi. Onun şəhidliyi bəlkə də saflığının, bu dünyada çəkdiyi zülmün, zillətin mükafatı idi. Mən Rəcəbin cənnətdə, Tanrı dərgahında olduğuna çox inanıram. Allah belələrini dərgahına alar. Nur içində yatsın! Məqamın uca olsun, qardaşım!

Vətən müharibəsində göstərdiyi döyüş rəşadətinə görə Rəcəb Xalid oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azadlığına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Oğullar, şərəfli oğullar Vətəni yaşatmaq üçün dünyaya gəlirlər. Əsl kişilər, namuslu insanlar üçün hər şeydən öncə Vətəndir. Özlərini vətənin azadlığı, torpaqların bütövlüyü uğrunda qurban verməyə hazır olan, şəhidlik şərbətini içənlərin sayı az olsa da, belələrinin parlaq, işıqlı həyatı hamı üçün nümunədir. Belələrin həyatı bir ulduz kimi parıldayaraq daim Vətən mülkünə işıq saçır, nur çiləyir.

Rəcəb işıq oldu, nur saçdı, Vətənin qaranlıq gecələrini aydınlandıran, əbədiyaşarlıq qazananlardan oldu. Nə qədər ki Vətən var, nə qədər ki Vətəni sevən, onu canından əziz bilən insanlar var, o qədər də Rəcəblər yaşayacaq. Şəhidlər ölməz, Vətən bölünməz!..

Elşən Qəni