17 oktyabr 2025 21:42
195

Media nümayəndələri Naxçıvanda “Duzdağ” müalicə mərkəzində oldular

Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə muxtar respublikaya mediatur çərçivəsində jurnalistlər axşam saatlarında “Duzdağ” müalicə mərkəzinə səfər ediblər.

Jurnalistlərə məlumat verildi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində olan “Duzdağ” müalicə mərkəzi də fəaliyyət göstərir. Labirint şəkilində ümumi uzunluğu 42 kilometr olan Duzdağın yeraltı hissəsi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdədir. Burada ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzu bir çox xəstəliklərin, o cümlədən bronxial astma, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit, allergik rinit və digər xəstəliklərin müalicə və profilaktikasında faydalıdır. Mərkəzdə xəstələr üçün 474 çarpayı mövcuddur.

Bildirilib ki, "Duzdağ" müalicə mərkəzinin duz mağaralarında bronxial astma, xroniki bronxit, pollinoz, allergik rinit kimi xəstəliklər müalicə olunur. Mərkəzdə təcrübəli həkim və fizioterapevt komandası xidmət göstərir. Yeraltı şaxtalardakı köhnə duz mədənlərində gecələyən xəstələr speleoterapiya (yunan dilində “speleon” mağara, “terapiya” isə müalicə deməkdir) üsulu ilə müalicə olunaraq şəfa tapırlar.

Orxan Vahidoğlu, "İki sahil"