17 oktyabr 2025 22:14
107

Əsrlərin stereotiplərini sındırmaq mümkündürmü?

Gender bərabərliyi mövzusu müasir dünyanın əsas prioritetlərindən biridir. Hər bir fərdin cinsindən asılı olmayaraq bərabər imkanlara malik olması həm sosial ədalətin, həm də davamlı inkişafın təməl şərtlərindəndir. Bu baxımdan, gender bərabərliyinin təmin edilməsi yalnız hüquqi məsələ deyil, həm də iqtisadi və mədəni tərəqqinin vacib göstəricisidir.

Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova İkisahil.TV-yə müsahibəsində gender bərabərliyinin təmin olunması yollarına, qadınların cəmiyyət və iqtisadiyyatda rolunun gücləndirilməsinə, eləcə də mövcud qanunvericilik və sosial siyasət çərçivəsində konkret tədbirlərin əhəmiyyətinə aydınlıq gətirdi.

-Arzu xanım, qadın və kişi arasında bərabərlik real həyatda mümkündürmü?

-Qadın və kişi arasında bərabərlik real həyatda mümkündür, lakin bunun təmin olunması müəyyən səy və sistemli yanaşma tələb edir. Hüquqi baxımdan qadın və kişi bərabərliyi qanunlar vasitəsilə qorunur. Hər iki cinsin seçki hüququ, təhsil, əmək və mülki hüquqlar baxımından bərabərliyi təmin edilir. Lakin bu məsələdə hüquqi çərçivə kifayət deyil, sosial və mədəni faktorlar da əsas rol oynayır. Praktikada bərabərliyin təmin olunması üçün cəmiyyətdə stereotiplərin və köhnə patriarxal düşüncələrin aradan qaldırılması vacibdir. Qadın və kişinin həm ailədə, həm iş yerində, həm də ictimai həyatda eyni imkanlara malik olması, onların qərarvermə proseslərində, təşəbbüslərdə və layihələrdə bərabər iştirak etməsi, iqtisadi və sosial müstəqilliklərinin tanınması şərtdir. Yalnız hüquqi, sosial və mədəni sahələrdə paralel tədbirlər həyata keçirildikdə qadın və kişi arasında həqiqi bərabərlik mümkün olur və cəmiyyət daha ədalətli, inklüziv və davamlı inkişaf edən mühitə çevrilir.

-Ailədə qərarların bərabər verilməsi realdırmı, yoxsa praktikada hələ də patriarxal yanaşma qalır?

-Ailə daxilində qərarların bərabər verilməsi nəzəri baxımdan mümkündür və gender bərabərliyinin vacib göstəricilərindən biridir. Hər iki tərəf uşaq tərbiyəsi, təhsil, ailə büdcəsi və yaşayış yeri seçimlərinə birgə qərar verə bilər. Bu yanaşma həm ailədaxili ədaləti gücləndirir, həm də uşaqların cəmiyyətdə daha bərabər düşüncə ilə böyüməsinə imkan yaradır. Lakin praktikada hələ də patriarxal təsirlər qalmaqdadır. Bir çox ailələrdə ənənəvi rollar kişinin ailənin maliyyə təminatçısı, qadının ev və uşaq işlərinə cavabdeh olması  dominant olaraq qalır. Bu  hala xüsusilə regionlarda daha sıx rast gəlinir.Demək olar ki,  ailədə qərarların bərabər verilməsi mümkün olsa da, onun real həyata keçirilməsi üçün həm maarifləndirmə, həm də qadınların iqtisadi və sosial imkanlarının artırılması vacibdir. Ailə üzvlərinin bir-birinə hörmət və bərabər münasibət göstərməsi bu prosesin əsas şərtlərindəndir.

-Qadınların iqtisadi müstəqilliyi cəmiyyətdə bərabərliyi necə gücləndirir? Bu baxımdan mikro və kiçik bizneslərin rolu nə qədər önəmlidir?

-Cəmiyyətdə gender bərabərliyinin təmin edilməsində qadınların iqtisadi müstəqilliyi mühüm rol oynayır. Öz gəlirinə malik olan qadınlar yalnız ailə daxilində deyil, ictimai və iş həyatında da qərarvermə prosesinə aktiv şəkildə cəlb olunurlar. Bu,  qadınların səs və nüfuz sahibi olmalarına, stereotiplərin zəifləməsinə və gender əsaslı diskriminasiyanın azaldılmasına şərait yaradır. Eyni zamanda, iqtisadi cəhətdən müstəqil qadınlar təhsil, sağlamlıq və şəxsi həyatla bağlı qərarlarını daha azad şəkildə verə bilir, bu da onların həm şəxsi, həm də peşəkar inkişafına kömək edir. Mikro və kiçik bizneslər qadınların iqtisadi müstəqilliyinə nail olmaqda əsas vasitələrdən biridir. Bu sahədə qadınlar az risklə öz bacarıqlarını sınayır, sərmayələrini yönləndirir və gəlir əldə edirlər. Mikro və kiçik müəssisələr qadınların həm yerli iqtisadiyyata töhfəsini artırır, həm də onların liderlik, təşəbbüskarlıq və idarəetmə bacarıqlarının inkişafına imkan yaradır. Bu, eyni zamanda, cəmiyyətdə qadınların aktiv iştirakını və sosial nüfuzunun yüksəlməsini təmin edir. Bu baxımdan qadınların iqtisadi müstəqilliyinin təmin olunması və onların biznes sahələrində dəstəklənməsi cəmiyyətdə gender bərabərliyinin gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edir.

-Gələcək nəsillərdə gender bərabərliyi təhsil sistemindən, valideyn tərbiyəsindən, yoxsa texnologiyalardan asılı olacaq?

-Deyərdim ki, gender bərabərliyinin formalaşmasına bir neçə faktor təsir edəcək. Təhsil sistemi burada əsas rol oynayır. Müəllimlərin və təhsil proqramlarının qərəzsiz yanaşması uşaqlara həm qadın, həm də kişinin hüquq və imkanlarını eyni səviyyədə dəyərləndirməyi öyrədir. Valideyn tərbiyəsi də böyük əhəmiyyət daşıyır. Evdə yaradılan nümunələr,  məsələn, ailə qərarlarının paylaşılması, ev işlərinin və iqtisadi məsuliyyətin bərabər bölüşdürülməsi uşaqlarda təməl dəyərlərin mənimsənilməsinə təsir göstərir. Valideynlərin öz davranışları və üslubu gələcək nəsilin gender rollarına dair baxışlarını birbaşa formalaşdırır. Texnologiya və sosial media isə bu prosesi həm də sürətləndirə və genişləndirə bilər. Onlayn resurslar, interaktiv platformalar və maarifləndirici tətbiqlər gənclərin geniş dünyagörüşü əldə etməsinə və gender bərabərliyi ilə bağlı aktual nümunələri izləməsinə imkan yaradır. Eyni zamanda, texnologiya stereotiplərin təkrarını da gücləndirə biləcəyindən düzgün filtrasiya və məlumatlı yanaşma vacibdir. Deyərdim ki, indi də, gələcəkdə də gender bərabərliyi həm təhsil, həm valideyn tərbiyəsi, həm də texnologiyanın inteqrativ təsiri ilə formalaşır və formalaşacaq da

-Gender stereotipləri uşaqlıqdan formalaşır. Valideynlər və məktəblər bu stereotiplərin qarşısını necə ala bilər?

-Əlbəttə, gender stereotipləri uşaqlıqdan başlayaraq formalaşır və bu proses çox vaxt şüursuz, gündəlik davranışlar və ətraf mühit vasitəsilə baş verir. Valideynlərin rolu burada əsasdır. Onlar uşaqları arasında ayrı-seçkiliyə şərait yaratmamalı, hamısına eyni imkanları təqdim etməli, cinsi əsaslı iş bölmələrinə məcbur etməməlidirlər. Məsələn, qızlara yalnız ev işləri öyrətmək və ya oğlanlara yalnız idmanla məşğul olmaq imkanı vermək bu stereotiplərin güclənməsinə səbəb olur. Əksinə uşaqlara müxtəlif bacarıqların öyrədilməsi, qərarvermə və məsuliyyətin bərabər paylaşılması onlarda bərabərlik anlayışını inkişaf etdirir. Eyni zamanda, məktəblərin rolu da çox böyükdür. Təhsil proqramları gender bərabərliyini təşviq edən dərslər və layihələrlə zənginləşdirilməlidir. Müəllimlər stereotiplərə qarşı nümunə olmalı, sinifdə bərabər davranışı təmin etməli və uşaqlara müxtəlif peşə və fəaliyyət imkanlarının hər cins üçün açıq olduğunu göstərməlidirlər. Demək olar ki, valideynlərin və məktəblərin birgə fəaliyyəti, düzgün nümunələrin göstərilməsi və bərabər imkanların təmin olunması uşaqlarda gender stereotiplərinin erkən yaşda formalaşmasının qarşısını alır və gələcəkdə daha ədalətli cəmiyyətin əsasını qoyur.

-Bəs gender bərabərliyi təmin olunmayan cəmiyyətdə ədalət necə qorunur?

-Bu tip cəmiyyətlərdə ədalətin qorunması çətinləşir. Ədalət yalnız qanunlarda deyil, həm də cəmiyyətdə imkanların və hüquqların bərabər olmasında özünü göstərir. Qadınlar və kişilər eyni imkanlara malik olmadıqda, cəmiyyətin qərarvermə mexanizmləri və sosial-iqtisadi sistemləri ədalətli işləyə bilmir. Bu iqtisadi, siyasi və mədəni sahələrdə də özünü göstərir. Ədalətli cəmiyyət üçün gender bərabərliyi hüquqi, sosial və mədəni sahələrdə təmin edilməlidir. Qadınlar və kişilər bərabər imkanlara malik olmalı, təhsil və maarifləndirmə vasitəsilə bu bərabərlik gücləndirilməlidir. Yalnız bu halda ədalət həm qanun qarşısında, həm də gündəlik həyatda qorunmuş sayılır.

-Arzu xanım, cəmiyyətdə qadınlar və kişilər gender bərabərliyi məsələsinə necə baxırlar, onların fikirləri hansı məqamlarda üst-üstə düşür və hansı sahələrdə fərqlənir?

-Qadınların və kişilərin gender bərabərliyinə yanaşmaları həm üst-üstə düşən, həm də fərqlənən cəhətlərə malikdir. Üst-üstə düşən məqamlar əsasən bərabər hüquqların və imkanların vacibliyi ilə bağlıdır. Həm qadınlar, həm də kişilər qəbul edirlər ki, iş, təhsil, sosial və siyasi sahələrdə hər iki cinsin eyni imkanlara malik olması cəmiyyətin inkişafı üçün önəmlidir. Çox vaxt hər iki tərəf uşaqların təhsilində, tibbi xidmətlərə çıxış imkanlarında və hüquqi qorunmada bərabərlik prinsiplərinin tətbiqini dəstəkləyir. Ziddiyyət təşkil edən sahələr isə daha çox ənənəvi və sosial rollar, eləcə də qərarvermə mövzularında ortaya çıxır. Bərabərliyi tam təmin etmək üçün həm qadınların, həm də kişilərin maarifləndirilməsi, stereotiplərin aradan qaldırılması və hüquqi dəstəyin gücləndirilməsi vacibdir. Bizim "Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyi ‘regionlarda bu sahədə davamlı marifləndirmə işləri aparır, əhali arasında gender bərabərliyi haqqında məlumatların yayılmasına, hüquqi biliklərin artırılmasına və ictimai şüurun gücləndirilməsinə xüsusi diqqət yetirir.

Şəmsiyyə Əliqızı, “İki sahil”