07 dekabr 2021 18:01
1645

“SOCAR Türkiyə” qardaş ölkəyə 16.5 milyardlıq sərmayə yatırıb - FOTO

SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Türkiyə” bir qrup azərbaycanlı jurnalistlər üçün qardaş ölkəyə səfər təşkil edib.

Səfərin ilk günü “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov pandemiya qaydalarına uyğun Azərbaycanın media nümayəndələri üçün mətbuat konfransı keçirib.

“Xüsusi Sənaye Bölgəsi” adını alan Türkiyədə ilk şirkət

Zaur Qəhrəmanov məlumat verib ki, dünyanın ən qədim neft istehsalçıları arasında yerləşən SOCAR Türkiyədə fəaliyyətə başladığı gündən bu günə qədər “SOCAR Terminal”, “Petkim”, Star neft emalı zavodu və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları ötüb. Layihələrin investisiya xərcləri belədir: “Star Neft Emalı Zavodu 6,3 milyard dollar, Depolama 600 milyon dollar, SOCAR Konteyner Terminalı 400 milyon dollar, “Petkim” özəlləşdirməsi 2 milyard 40 milyon dollar və əlavə olaraq hər il təxmini 100 milyon dollar olmaqla ümumilikdə 1 milyard dollar investisiya, TANAP 6,5 milyard dollar.

Baş icraçı direktor qeyd edib ki, “SOCAR Türkiyə” Aliağadakı bütün törəmə şirkətləri əhatə edən ərazi üçün “Xüsusi Sənaye Bölgəsi” adını alan Türkiyədəki ilk şirkətdir.

Z.Qəhrəmanov diqqətə çatdırıb ki, həm Azərbaycan, həm də Türkiyə dövlətinə göstərdikləri dəstəyə görə təşəkkür edirik: “SOCAR Türkiyə”nin regionda mövqeyi güclüdür. Bizə həm Azərbaycan, həm də Türkiyə hökuməti dəstək göstərir. Şirkət fəaliyyətini gücləndirmək niyyətindədir. Bəzi investisiyalar yatırımı etmək niyyətindəyik."

Z.Qəhrəmanov bildirib ki, pandemiya səbəbindən illik planlaşdırma aparmaq mümkün deyil: “Artıq həftəlik planlaşdırma aparırıq. Pandemiya ilə bağlı vəziyyətin necə olacağını söyləmək çətindir."

90 faiz əməliyyatlar dollarla aparılır

Media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Z.Qəhrəmanov vurğulayıb ki, Türkiyə lirəsinin məzənnəsi ilə bağlı vəziyyət “SOCAR Türkiyə”nin fəaliyyəti üçün böyük risklər daşımır: “Şirkətin lirə ilə əməliyyatları azdır: Məhsulların topdan satışı dollar ilə aparılır. Lirə ilə olan əməliyyatlar gündəlik həyata keçirilir. Yəni bizə bir günün təsiri ola bilər. 90 faiz əməliyyatlar dollarla aparılır. Bizim üçün əsas risklər qlobal müstəvidə olan risklərdir.”

“SOCAR Türkiyə”nin baş icraçı direktoru vurğulayıb ki, bu il “SOCAR Türkiyə”nin faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəəti (EBİTDA) təqribən bir milyard dollar təşkil edəcək: “Şirkətin illik EBİTDA gəliri təqribən 750 milyon dollar təşkil edir, lakin bu il ərzində gəlirlər orta gəlirlərdən çox olacaq.”

TANAP Türkiyənin təbii qaz ehtiyacının təqribən 12%-ni təmin edir

Trans-Anadolu boru kəməri (TANAP) haqqında jurnalistlərə məlumat verən Zaur Qəhrəmanov vurğulayıb ki, TANAP vasitəsi ilə 30 iyun 2018-ci il tarixindən 26 noyabr 2021-ci il tarixinədək Türkiyəyə 13,4 milyard kubmetr qaz çatdırılıb. Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından 26 noyabr 2021-ci il tarixinə qədər TANAP-la Avropaya 7,09 milyard kubmetr təbii qaz ötürülüb. TANAP Türkiyənin təbii qaz ehtiyacının təqribən 12%-ni təkbaşına təmin etmək gücünə sahibdir.

Bu il “Petkim”in gəlirləri rekord həddə olacaq

Baş icraçı direktor 2021-ci ilin “Petkim” üçün çox uğurlu bir il olduğunu diqqətə çatdıraraq bildirib ki, bu il “Petkim”in gəlirləri rekord həddə olacaq: “İl hələ bitməyib ancaq artıq bizim gəlirlərimiz rekord həddədir. “Petkim” Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 17 faizini qarşılayır. Petkim kompleksi ildə 3.6 milyon ton fərqli neft-kimya məhsulları istehsal edir və onun 50 faizi Türkiyə daxilində, 40 faizini isə Avropaya, Koreyaya və digər ölkələrə ixrac edir.”

55 milyon avro sərmayə ilə qurulan “Petkim” KES

Zaur Qəhrəmanov onu da bildirib ki, "SOCAR Türkiyə"nin qrupdaxili müəssisələrinə məxsus 4 inzibati binası da daxil olmaqla 22 istehlak məntəqəsində istehlak edilən elektrik enerjisi yaşıl enerji ilə təmin edilir: "SOCAR Türkiyə" bərpa olunan enerjiyə əsaslanan enerji təchizatının strateji əhəmiyyət kəsb etdiyi bir dünyada nümunəvi bir kompleks istifadəyə verib. Gücü 51 meqavat olan “Petkim” Külək Elektrik Stansiyası (KES) 2017-ci ildən fəaliyyət göstərir. Təqribən 55 milyon avro sərmayə ilə qurulan “Petkim” KES hər biri 3 meqavat gücündə 17 külək turbini ilə ildə 200 giqavat elektrik enerjisi istehsal etməyi hədəfləyir. “Petkim” KES təmiz enerji resurslarının sənayedə istifadəsi və karbon emissiyalarının azaldılması üçün uğurlu model nümayiş etdirir.”

Türkiyənin emal olunan neft məhsulları ehtiyacının 25%-ni ödəyən müəssisə

Növbəti gün media nümayəndələri Türkiyənin İzmir şəhərinə səfər etdilər. Star neft emalı zavodunun (NEZ) inzibati binasında "SOCAR Türkiyə"nin “Neft Emalı və Neft Kimya İş Birliyi”nin və “Petkim”in baş direktoru Anar Məmmədov media nümayəndələri ilə görüşdü.

A.Məmmədov qeyd edib ki, "Star" neft emalı zavodu Avropa, Orta Şərq və Afrika (EMEA) bölgəsindəki son zamanlarda reallaşdırılan ən böyük neft emalı üzərə layihələrindən biridir: “Neft emal zavodunun istismar çevikliyini, səmərəliliyini və logistika qabiliyyətini daha da inkişaf etdirmək üçün həyata keçirilən əlavə investisiyalarla birlikdə ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı gözlənilir. İldə 11 milyon ton xam neft emal həcmi olan "Star" NEZ dizel və naftadan əlavə, Türkiyədəki cari çatışmazlığın əhəmiyyətli komponentlərindən olan təyyarə yanacağı və LPG kimi neft məhsulları da istehsal edir. Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır. Gündəlik 35 min kub metr xam neft işləmə qabiliyyətinə malik olan neft emalı zavodunun saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1.9 milyon kub metrə çatdı. Səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün təxminən 600 milyon dollar əlavə saxlama investisiyaları qoyulur. Bu investisiyalar başa çatdıqda, "Star" Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kub metrdən 2,2 milyon kub metrə qədər artacaq. Bu həcm ildə 11 milyon ton neft emal edən bir neftayırma zavodu üçün ideal ölçüdür. Bu şəkildə Star neft emalı zavodunda xammal qaynağı çeşidliliyi yarana biləcək. Bu layihələrdən birinin 2021-ci ildə, digərinin isə 2022-ci ildə tamamlanması hədəflənir."

"Petkim” illik 3.6 milyon ton istehsal gücünə malikdir

“Petkim”in baş direktoru bildirib ki, son beş ildə "Petkim" neft-kimya kompleksinin EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə orta illik göstəricisi 380 milyon dollar təşkil edib: “2016-cı ilə qədər isə bu göstərici 90 milyon dollar təşkil edirdi. Son 5 ildə əlavə dəyər yaratmaqla “Petkim”in EBITDA göstəriciləri bir neçə dəfə artdı. Biz bu göstəriciyə az investisiya yatırmaqla nail olduq, yəni biz kiçik investisiya ilə böyük dəyər yaratdıq."

“SOCAR Türkiyə"in “Neft Emalı və Neft Kimya İş Birliyi”nin və “Petkim”in baş direktoru jurnalistlərin diqqətinə çatdırıb ki, "Petkim” illik 3.6 milyon ton istehsal gücünə malikdir: “Petkim”in 15 əsas istehsal müəssisəsində və 6 köməkçi müəssisəsində 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur. Bu məhsullar ölkə daxilində demək olar ki, bütün sənaye sahələrində 1500-dən çox müştəri tərəfindən istifadə olunur. Eyni zamanda, Petkim xaricdə 350-dən çox müştəri portfelinə malikdir. 78 ölkəyə ixracat həyata keçirilib. Türkiyənin neft-kimya məhsulları üzrə ehtiyacın təxminən 16 faizini qarşılayır. “Petkim” 2021-ci ilin üçüncü rübündə neft-kimya məhsulları xərclərinin artmasına və mənfəət marjasındakı azalmaya baxmayaraq 9 aylıq toplam satışlarını 19,165 milyon TL-yə yüksəltdi. Neft-kimya məhsullarına tələbatın artması ilə birlikdə tədarük məhdudiyyətlərinin yaşandığı bu sürəcdə “Petkim” Star neft emalı zavodunun inteqrasiyası ilə istehsalına fasiləsiz davam etmək üstünlüklərindən də istifadə etdi. Məhsul müxtəlifliyinin və fasiləsiz istehsalın toplam satışlarda əks olunduğu bu dövrdə tutumlardan istifadə əmsalı əvvəlki ilə müqayisədə 89,5 faizdən 92,2 faizə yüksəlib."

Pandemiya dövründə Türkiyənin səhiyyə sektoruna töhfə verən müəssisə

A.Məmmədov xüsusi vurğulayıb ki, pandemiya dövründə “Petkim”in fasiləsiz və müvəffəqiyyətli istehsalını davam etdirə bilməsindəki ən əhəmiyyətli amil Star NEZ ilə bir-birinə inteqrasiya olunmuş fəaliyyətidir: “Dünyadakı ticarətin yavaşladığı bir dövrdə “Petkim” ehtiyacı olan əsas xammalı olan naftanı "Star" NEZ-dən fasiləsiz və yüksək keyfiyyətli tədarük etməyə davam edə bildi. Bu şəkildə yüksək tutumu ilə fasiləsiz istehsalına davam etdi. “Petkim” Türkiyənin pandemiya dövründə hər vaxt olduğundan daha çox ehtiyacı olan tibbi vəsait üçün xammal istehsalına istiqamətləndi və səhiyyə sektoruna əhəmiyyətli dərəcədə töhfə verdi. Pandemiyaya və portfelindəki məhsulların qiymətlərinin aşağı düşməsinə baxmayaraq “Petkim” 2020-ci ildə əməliyyat gəlirliliyini 21% artıraraq 1.9 milyard TL-ə çatdırdı. Pandemiya dövründə daxili bazara önəm verən “Petkim”in 2019-cu ildə 60% olan daxili satış payı 2020 -ci ildə 67% -ə yüksəldi. Xalis mənfəət isə 14% artaraq 1.1 milyard TL-ə çatdı."

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən mətbuat konfransından sonra jurnalistlər zavodların ərazisində oldular və qurulan infrastruktur ilə yaxından tanış oldular.

Media nümayəndələri Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən Star neft emalı zavodunun və “Petkim”in istehsalat sahələri ilə tanış oldular. “İki sahil” qəzetinin əməkdaşının da qatıldığı mediatur zamanı jurnalistlərə məntəqəni gəzdirərək layihə barəsində geniş məlumat verildi. Mediaturun məqsədi milyardlıq layihələr barəsində ictimaiyyəti daha da geniş məlumatlandırmaq və son zamanlar görülən işlər, əldə edilən nailiyyətlər barədə açıqlamalar vermək olub.

İzmirdə bir gün

Jurnalistlər üçün ayrılan sərbəst zamanda media nümayəndələri üçün Aqora Açıq Hava Tarixi Muzeyini ziyarət ediblər. Basmane deyilən bölgədə Agora Muzeyi tarixiliyi, yerləşdiyi mövqeyi ilə ziyarətçilərdə maraq doğurdu.

Daha sonra media nümayəndələri İzmir şəhərinin Konak meydanında yerləşən tarixi Saat qülləsi ilə tanış olublar. Buranı daha əyləncəli edən Saat qülləsinin ətrafında uçan göyərçinlərə hər kəsin yem verməsidir. 1901-ci ildə tikilmiş qüllənin hündürlüyü 25 metrdir və dörd mərtəbəlidir. Qüllə sultan II Əbdülhəmidin istəyi ilə Osmanlı əyalətlərində eyni dövrdə tikilmiş çoxsaylı saat qüllələrindən biridir. Orijinal memarlığı və tikintisində tətbiq olunan metod sayəsində digər saat qüllələri arasında xüsusi bir yer tutur. Osmanlı saat qüllələri arasında ən estetik görünüşlü və ən zərif saat qülləsi olaraq qəbul edilib.

Orxan Vahidoğlu, “İki sahil”

Bakı-İstanbul-İzmir-Bakı