Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə 10 dekabr 2020-ci il tarixində Bakıda Azadlıq Meydanında Zəfər Paradı keçirilmişdir. Öz möhtəşəmliyi, ağırlığı və mahiyyəti ilə seçilən ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdi. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş düşmən ordusuna aid hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Hərbi paradda Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. Möhtəşəm tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də xüsusi yer almişdı.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Qüdrətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində 44 gün ərzində işğalda olan bütün torpaqlarımız azad olundu, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan nəhayət kapitulyasiya aktını imzalamağa məcbur oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə də qələbə ilə başa çatdı. Beləliklə, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyümüzü öz gücü, qüdrəti hesabına bərpa etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini özü həyata keçirdi. Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan hər bir platformada gücünü göstərdi. Son illər ərzində ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə qurulması və həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər bu Qələbəni şərtləndirən mühüm məsələlər sırasındadır.
Bakıda keçirilən bu möhtəşəm parad işğalçının Azərbaycan torpaqlarından qovulduğu, ordusunun darmadağın edilməsinə həsr olunur. Bu, işğalçı və havadarlarının Azərbaycan torpaqlarından qovulmasının təntənəli təcəssümüdür. Müstəqillik illərində həmişə Azərbaycanı müdafiə edən Türkiyə 44 günlük döyüşlərdə də öz qardaşlıq və müttəfiqlik vəzifəsini çox böyük sayğı ilə yerinə yetirmişdir. Təbii ki, şanlı Zəfərimizdə ən çox hərbçilərin, əsgərlərin payı vardır. Torpaqlarımızın azadlığı uğrunda öz şirin canından keçən vətən övladlarının, şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik. Qazilərimizə Uca Tanrıdan şəfalar diləyirik. Ərazi bütövlüyümüz uğrunda şəhid olanların hər biri bütün Azərbaycan xalqının əzizidi. 10 dekabrda keçirilən hərbi parad şəhidlərimizin - Çingizlərin, Salatınların, Yusiflərin, Poladların, Xudayarların, Mübarizlərin, Samidlərin, Raqufların, ... neçə-neçə adsız qəhrəmanların yaşarı ruhunun paradıydı, şəhid analarına təsəlli paradıydı...
Bu parad müstəqilliyin möhkəmlənməsinin göstəricisidir. Bu parad dost üçün bayram və fəxarət hissi, düşmən üçün göz dağı idi. Azərbaycan bununla Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı rolunda çıxış etdiyini sübuta yetirdi. Bu parad əməkdaşlığın bütün münaqişələrdən üstün olduğunu, sülhün, barışın vacibliyini təsdiqlədi. 30 illik torpaq həsrəti ilə alışıb yanan, torpaq uğrunda qan tökən uca millətimizin şanlı qələbəsinin təntənəli Zəfər yürüşünün möhtəşəmliyi bütün dünyanı heyran qoymuşdur. Tanrı Ali Baş Komandanımızı, Xalqımızı və Ordumuzu hifz eləsin! Yaşasın müstəqil və qüdrətli Azərbaycan Respublikası!
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimi-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi