10 dekabr 2021 22:17
1686

Heydər Əliyev - Azərbaycan ədəbiyyatının hamisi və təəssübkeşi

“İki sahil” Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində filologiya elmləri doktoru, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova ilə müsahibəni təqdim edir:

- Dekabrın 12-si Azərbaycan xalqının yaddaşında və ictimai-siyasi həyatında kədərli notlarla yer alır. Çünki həmin gün Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət başçısı Heydər Əliyevin ilahi əbədiyyətə qovuşduğu gündür. Heydər Əliyev Azərbaycanı, Azərbaycan xalqını sevən və onu ucalara qaldıran, dövlətçiliyi yaradan, qoruyan bir rəhbər olmaqla bərabər həm də ədəbiyyatı qəlbən sevən böyük bir şəxsiyyət idi.

- Heydər Əliyevin imza atdığı işlərin nəhəngliyi imkan verir ki, nəinki ədəbiyyat, eləcə də bir sıra digər mövzularda onun miqyaslı şəxsiyyətindən, proseslərə dərin nüfuzundan bəhs edək. Heydər Əliyev ədəbiyyatı həyatından, tərcümeyi-halından epizod kimi yox, tale kimi keçirən şəxsiyyətdir. Çox az lider var ki, onların siyasi fəaliyyəti ədəbiyyatla bu qədər kəsişir, ortaq müstəviyə gəlir. Heydər Əliyev bu mənada müstəsna şəxsiyyətlərdəndir. Özü dəfələrlə vurğulayıb ki, ədəbiyyatı o qədər sevirəm ki, şeirlə, sənətlə görüşmək mənə hər zaman xoşdur. 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayında qeyd edirdi ki, mən uşaqlığımdan Azərbaycan və dünya ədəbiyyatını mütaliə edərək böyümüşəm və oxuduğum əsərlər məndə hər zaman böyük təsir buraxırdı, onlardan bəhrələnirdim. Onun sinif və tələbə yoldaşlarının Heydər Əliyev haqqında fikirlərini oxumuşdum. Qeyd edirdilər ki, Heydər Əliyev cəmi bir neçə günə  Lev Tolstoyun “Hərb  və sülh” əsərini oxuyur, ertəsi gün gəlib bizə ayrı-ayrı epizodlarını danışırdı, yaxud hazırlanan tamaşalarda baş obraz kimi özü çıxış edirdi. Yəni, ədəbiyyatla, sənətlə bağlılıq Heydər Əliyevin kiçik yaşlarından ruhunda qərar tutan məqam olub. Amma tək ədəbiyyatla bağlı deyildi bu mütaliə, Heydər Əliyev bütün digər sahələrin gözəl bilicisi idi. Peşəkar yanaşma, səriştə və nüfuz bacarığı, dəqiq təhlillər onun zəngin arsenala sahib olduğunun göstərici idi. Heydər Əliyev əvvəl milli məfkurəni, sоnrа müstəqil dövləti yаrаtdı. Bu bахımdаn minillik dövlətçilik tаriхimizə milli məfkurəyə istinаd edən ilk və yeni Аzərbаycаn dövlətinin qurucusu kimi dахil оldu. Аzərbаycаnı azərbаycаnlılаrın iхtiyаrınа verən və Аzərbаycаn хаlqı “öz tаleyinin sаhibidir” – deyən ilk böyük dövlət хаdimimizdir Heydər Əliyev. Ona qədər Аzərbаycаn tаriхində belə bir siyаsi kоntekstin оlmаdığı hər kəsə bəllidir.

Ümummilli dəyərləri ideоlоji bахımdаn ilk dəfə O təsbit etdi. Heydər Əliyev iqtisаdi cоğrаfiyаnı böyük quruculuq işlərilə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsıylа gerçəkləşdirdi. Аzərbаycаnın qаpılаrını Dədə Qоrqudun, Bаbəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cаvidin, Şəhriyarın üzünə tаybаtаy аçmаqlа, əslində, Аzərbаycаnın məfkurəvi necəliyini müəyyənləşdirdi. 1993-cü ildə isə Аzərbаycаn хаlqı Heydər Əliyevi hаkimiyyətə təkcə Аzərbаycаnı hərbi-siyаsi böhrаndаn qurtаrmаq üçün deyil, həm də Ümummilli Liderin 25 il əvvəl bаşlаdığı Аzərbаycаnçılıq əsərinin ən ciddi səhifələrini yаrаtmаq üçün dəvət edirdi. Çünki bu mənəvi аbidənin – siyаsi Аzərbаycаnın sirri 1969-cu ildən bаşlаyаrаq Heydər Əliyevin üslubundа kəşf оlunmuşdu.

Heydər Əliyev Sovet epoxası dövründə hakimiyyətdə olduğu illərdə, yəni 1969-cu ildən 1982-ci ilə qədər nəhəng bir imperiyanın daxilində müstəqil Azərbaycanı addım – addım qurmağa, yaratmağa çalışdı. Qısaca ifadə etməyə çalışsaq: dissident siyasəti! Onun 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu və dəqiq ifadə edir. Bunu Heydər Əliyevin özü də bilirdi və bəyan edirdi.

 Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” kitabında belə bir epizod yer alıb: “Qurultayda Heydər Əliyevin çıxış etdiyi iclası mən aparırdım və belə bir replika atdım:- Heydər müəllim, bir dəfə “Ən böyük dissident elə mən özüm olmuşam” dediniz.  Tamamilə doğrudur – dedi Heydər Əliyev və: - “Düzdür, mən şeir yazmıram, roman və ya hekayələr yazmıram. Ancaq 1969-cu ildən başlayaraq 1987-ci ilə qədər Kommunist Partiyasında ən böyük dissident mən idim”.

Bir neçə faktın üzərində dayanmaq istəyirəm. 1959-cu ildə  Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması çap olundu. Bilirsiz ki, poema çap olunan kimi ciddi rezonans doğurdu, müəllifini həbs olunmaq təhlükəsi gözləyirdi. Niyə? Çünki ilk dəfə olaraq, orada azadlıq, milli dil, milli varlıq problemləri qoyulmuşdu və sovetin qılıncının at oynatdığı bir zamanda belə məqamlara varmaq bağışlanmırdı.  Heydər Əliyev bu zaman Dövlət təhlükəsizliyi orqanlarında çalışırdı. Vəzifəsindən irəli gələn səlahiyyəti isə millətin milli-mənəvi dərdlərinin tərcümanı olmağa, onun ehtiva olunduğu məqamları qorumağa imkan verirdi. Çıxışlarında həmin məsələ ilə bağlı fikirləri var. Ulu öndər bildirir: “Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən  zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. “Gülüstan” poemasını yazmışdı. Ondan ötrü o zaman həbs etmək məsələsini qoymuşdular. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayət yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı”.

Yaxud yazıçı Mövlud Süleymanlının “Dəyirman” povesti. “Qırx ilin yeddi görüşü” əsərində yazıçı Mövlud Süleymanlı qeyd edir ki, o zaman mənim “Dəyirman” povestim təzə çıxmışdı. Əsər böyük səs-küyə səbəb oldu, Yazıçılar Birliyində povest ətrafında geniş müzakirə aparıb amansız tənqidlərə məruz qoydular.  Daha sonra yazıçılar əsəri götürüb Heydər Əliyevin yanına gediblər. Heydər Əliyev soruşub ki, nə var bu əsərdə?  Deyiblər ki, Sovet ideologiyasına zidd məqamlar var, hələ yoldaş Əliyev, altından xətt də çəkmişik, əsərdə 73 ədəd söyüş də yer alıb. Heydər Əliyev altından xətt çəkilmiş sözün birini oxuyub və gülərək deyib, baho, ona qalsa gərək rus xalqı Şoloxovu məhkəməyə verə”.

Bu məqamları niyə xatırladıram? Demək istəyirəm ki, Heydər Əliyev ədəbiyyatı sevməklə bərabər, yeri gələndə yazıçını yazıçıdan qoruyurdu, himayə edirdi, azad sözün, azad düşüncənin yanında dayanırdı. Bəlkə də bütün sənət adamlarını tək-tək tanıyaraq ona hamilik edir, arxasında durmaq kimi ümdə vəzifələri həyata keçirirdi. Böyük ədəbiyyatşünas alim Yaşar Qarayevin “Müstəqillik dövrünün milli öndəri” məqaləsində yaxşı bir fikri var. Yazır ki, 60-cı illərə qədər Azərbaycanda “dissident” olmaq mümkün idi. Yəni şair və yazıçıların buna “imkanları” var idi. 1969-cu ildən sonra bu imkan aradan qaldırıldı. Bəziləri təəccüb edir ki, niyə Azərbaycanda “altmışıncıların” sandıqdan, yasaqdan çıxan əsərləri olmadı? Çünki sandığa ehtiyac olmadı. Hətta Moskvada, mərkəzi jurnallarda çap edə bilmədikləri əsərlərini yazıçılar Bakıda çap edirdilər...  Yaxud Anarın “Şəxsiyyətin miqyası” məqaləsində oxumuşdum. Qeyd edirdi ki, yalnız Moskvanın deyil, hətta Pribaltika kimi sərbəst, müstəqil fikrə alışmış regionların belə ziyalıları bizim bəzi kitabları oxuyanda, tamaşa və filmlərimizi görəndə onların yasaqlanmamasına təəccüb edirdilər. Bütün bunlar Heydər Əliyevin azad sözə, azad dəyərlərə, milli varlığın ifadəsinə yaratdığı imkanın müstəsnalığı idi ki, bütün bunlar da sonucda müstəqil Azərbaycanın yaranması ilə nəticələndi.

Tahir Taisoğlu: Elnarə xanım, ümummilli lider Heydər Əliyevin klassik ədəbiyyatın inkişafı, xalqa qaytarılması istiqamətində də imza atdığı böyük işlər var. İstərdim,  bu barədə də danışaq.

- Bəli. Ümumiyyətlə, ədəbiyyatın uzun illərin mənəvi təmassızlığından sonra yeni bir bədii-fəlsəfi zirvədən keçmişə, özünə qayıtma dövrü məhz Heydər Əliyevin payına düşdü. Bu mərhələ milli özünüdərk, milli mənlik şüurunun dirçəldilməsi illəri kimi Heydər Əliyevin simasında dolğun mövcudluğunu yaşadı. 1970-ci illərdə ümumiyyətlə, respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlamışdı. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin böyük şəxsiyyətlərimizin yubileyləri ilə bağlı verdiyi sərəncamlar və bu sərəncamlardan irəli gələrək görülən işlər, hər imzanın ətrafında böyük bir hərəkat başlatması böyük anlam daşıyırdı. Məsələn, “Dədə Qorqud” dastanının 1300 illiiyinin keçirilməsi ilə bağlı Heydər Əliyevin imzaladığı Sərəncam ən unudulmazlar sırasındadır.  Dahi şəxsiyyət öz çıxışında bu Sərəncamı verməkdə məqsədini gözəl ifadə edərək bildirirdi ki, mən bununla Azərbaycanın 1300 illik tarixini, Oğuz mənşəyinə aid olduğumuzu dövriyyəyə gətirirəm.  Dədə Qorqud bizim tariximizi, milli Oğuz mənşəyinə mənsubluğumuzu əks etdirir.

-  Bu dastanı sovet hökuməti bir vaxtlar qadağan eləmişdi.

- Elədir. Şair Adil Babayev yazır ki, Şərqin ən böyük dastanı olan “Kitabi Dədə Qorqud”u  adi döyüş əsəri kimi qiymətləndirirdilər və onun araşdırılmasının qarşısını alırdılar. Amma milli-mənəvi dəyərlərimizi, dilimizi sovet dövründə tamamilə sıradan çıxarmaq məqsədi qoyulsa da reallaşdıra bilmədilər. Heydər Əliyev abidənin xalqa qaytarılmasında böyük işlər gördü.

Yaxud Heydər Əliyevin Nizami Gəncəvi ilə bağlı gördüyü böyük işlər. Bu il də məlum olduğu kimi, Nizami ilidir. Heydər  Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin bu ili “Nizami ili” adlandırması da şairin adının yaşadılması yönündə böyük anlam daşıyır.  İl ərzində bütünlükdə Nizami əsərlərinə kökləndik, şairlə bağlı müxtəlif  konfranslar keçirildi, dəyərli məqalələr, kitablar meydana qoyuldu. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, “Ədəbiyyat qəzeti” də Nizami Gəncəviyə həsr olunmuş 48 səhifəlik xüsusi buraxılış hazırladı, Ədəbiyyat İnstitutunda nizamişünas alimlərin iştirakı ilə bu buraxılışın geniş təqdimatını keçirdik ki, bütün bunlar cənab Prezidentin verdiyi Sərəncamın vacibliyindən irəli gələrək görülən işlərin müstəsnalığı idi.

Amma Heydər Əliyev bu müstəsnalığı sovet dövründə yaradırdı. Bilirsiz ki, 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında  imzaladığı qərar nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. Niyə? Bu barədə milli istiqlal şairimiz Xəlil Rza Ulutürkün “Gündəliyində” əhəmiyyətli bir epizod var. Yazır ki, “Xəmsə ” yaradıcısının anadan olmasının 840 illiyi bayramı keçiriləndə böyük qazax şairi Oljas Süleymenov Heydər Əliyevə belə bir sual verib: Axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz? Heydər Əliyev cavab  verib: “Tələsməyimiz əbəs deyil. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır ki, hər il bayramını keçirməyə dəyər”.

Nəsimi ilə bağlı gördüyü işlərə nəzər salaq. Məlumdur ki, 70-ci illərə qədər Nəsimi “Divan”ı yalnız bir dəfə, görkəmli ədəbiyyatşünas Salman Mümtaz tərəfindən, 1926-cı ildə ərəb əlifbası ilə çap olunmuşdu. 1972-ci ildə türkmən ədəbiyyatşünası Qullayev həmin “Divan”ın dili üzərində müəyyən türkmənləşmə əməliyyatı apararaq yenidən çap etdirmiş, şairi türkmən ədəbiyyatının klassiki kimi təqdim etmişdi. Ancaq Heydər Əliyevin müdaxilə və müqaviməti nəticəsində bu saxtalaşdırma cəhdi uzun çəkmir, rəsmi dairələrdə tanınmasına yol verilmir və şairi Azərbaycan ədəbiyyatının dəyərli klassiki kimi tanıtmaq, təbliğ etmək yönündə davamlı tədbirlər planı start götürür.  Heydər Əliyevin Sərəncamı əsasında 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi keçirildi. Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin divanı çap olundu. Bütün ölkə Nəsimi əhval-ruhiyyəsində oldu, şairin şəkli həmin dövrdə çap olunan qəzetlərin loqosuna çevrildi.

- Yaddaşlarda qalan, hamı tərəfindən sevilən möhtəşəm bir “Nəsimi” filmi çəkildi

- Film çəkildi, özünün əsərləri çap olundu. Eyni zamanda, Heydər Əliyev Nəsiminin yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə nail oldu. 1980-ci ilin fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyuldu və heykəlin açılış mərasimində şəxsən özü iştirak etdi. Beləcə, sovet ideologiyasının birbaşa marağında olduğu Nəsimini milli ədəbi-tarixi yaddaşdan çıxdaş etmək niyyətinin qarşısı böyük siyasətlə alındı. 

Yaxud 1982-ci ilin 15 yanvarında Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədiləşən tarixi yaddaş baxımından əhəmiyyətli idi. Bu il avqustun 30-31-i Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin iştirakçısı olarkən həmin tarixi hadisəni xatırladım və gələn il artıq qırx yaşı olacaq o məqbərənin Şuşada əsasının qoyulması ilə Ümummilli Liderin millət üçün yaddaşın qorunması baxımından nə qədər  gərəkli işlər gördüyünü bir daha dərindən dərk etdim. Biz o məqbərənin açılışını ancaq şəkillərdən görmüşdük, amma 39 ildən sonra, xüsusilə də erməni işğalından təmizlənmiş Şuşada o məqamı yaşamaq yəni çox heyrətamiz duyğu idi.

Ulu öndər ədəbiyyatı bir çox ədəbiyyatçılardan yaxşı bilirdi. Çünki  işinin çoxluğuna baxmayaraq daim mütaliə edirdi və çox da zəngin yaddaşı var idi. Mənim yadıma nəyi saldınız? Deməli, 1980-cı ilin 27-31 oktyabrında Heydər Əliyev "Ədəbiyyatların dostluğu - xalqların dostluğudur" adlı Bakıda Umumittifaq konfransı təşkil edib. Dünyanın bir çox ölkələrindən ora şair və yazıçılar dəvət olunub. Məruzəçi də özü olub. Bu barədə ədəbiyyatşünas alim İmamverdi Əbilovun “Dünənin, sabahın çağdaş dahisi” kitabında maraqlı fikirlər yer alır. Yazır ki, məhz həmin konfransdakı nitqi ilə Heydər Əliyev etnos-millət-bəşəriyyət bağlılığının harmoniyasına yeni istiqamətdə aydınlıq gətirdi. O, sadəcə nitq söyləmədi, şərq-Azərbaycan mədəniyyətinin mədəni dünya üçün nadir sərvət olduğunu, mənəvi missiya daşıdığını qonaqlara məharətlə aşıladı. Mirzə Fətəli Axundzadənin "Şərq poeması"ndan, Səməd Vurğunun "Zamanın bayraqdarı" əsərindən parçalar söylədi - həm azərbaycanca, həm də rusca.  Vyaçeslav Sukaçev, Aleksandr Smerdov, Vasili Bıkov, Aqniya Barto, Zoya Kedrina, kubalı və hindistanlı qonaqlar salondakı təntənəli sükutdan, tükənməz alqışlardan heyrətə düşmüşdülər. Yanaşı əyləşdiyim hindistanlı yazıçı Prakaş Bharti çətin danışdığı rus dilində mənə qəribə sual verdi:

- Vaş rukovoditel poet ili prozaik?

Yəni qonaq, ölkə rəhbərinin yazıçı olduğuna tam inanmışdı, indi isə onun hansı  sahə üzrə yazıb-yaratdığını bilmək istəyirdi.

Unikal yaddaşı vardı Heydər Əliyevin. Turan Cavidin xatirələrində bu böyük şəxsiyyətlə bağlı mühüm faktlar yer alır. Bu faktlara Azər Turanın “Cavidnamə” əsərini oxuyarkən rastlamışdım. Deyir, 1983-cü ildə Mоskvаdаn yаydа istirаhət üçün Bаkıyа gəlmişdi Heydər Əliyev. 1983-ün 24 sentyаbrındа  Аzərbaycan Dövlət Akademik Teatrında “İblis”ə bахmаğа gəldi.  Tаmаşаdаn sоnrа müzаkirədə əsəri elə dəqiq təhlil elədi ki... Zаrаfаtındаn dа qаlmаdı. Dedi ki, indi məndən sоruşsаlаr ki, İblisi görmüsən, cаvаb verərdim ki, bəli, – Hаmleti göstərib – İblis belə оlаr, – dedi. İkinci dəfə 1984-cü ildə sentyаbrın 15-də Rus Drаm Teаtrındа “Şeyх Sənаn”а bахdı, rəhmətlik Zərifə хаnımlа birgə. Birinci hissədən sоnrа məni qоnаq оtаğınа çаğırdı və içəri girən kimi, “tаmаşаdа bir neçə оbrаzı iхtisаr ediblər”, - söylədi. Düz deyirdi. Sоnrа isə musiqidən dаnışdı. Fikrətin musiqisini çох təriflədi və kоr ərəbin mаhnısını ifа elədi, sözləri və melоdiyаnı dəqiq ifа edirdi. Təəccüb ediləcək bir hаl idi. Drаmаturgiyаnı yахşı bilirdi, duyurdu. О, Cavidi Şekspirlə deyil, Höte ilə müqаyisə etməyin tərəfdаrıydı. “Fаust”lа “İblis”i müqаyisə edirdi.

Heydər Əliyevin Hüseyn Cavidə nə qədər həssas yanaşdığı, bunun çox dərin sübutu olduğu hamımıza məlumdur. Bilirik ki, Heydər Əliyev 1982-ci ildə böyük bir işə imza atmışdı. Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmək kimi üzərinə böyük bir missiya götürmüşdü. Bu təbii ki, ayrı bir söhbətin predmeti olacaq bir mövzudur,  Tahir müəllim.  Hüseyn Cavidin nəşinin gətirilməsi türkçülüyün, turançılığın Azərbaycana qaytarılması idi. Bizim “Ədəbiyyat qəzeti”ndə bilirsiniz ki, müzakirə saatı layihəsi var. Yəni mənim layihəmdir və orada ədəbiyyata dair müxtəlif məsələləri aktuallaşdırırıq. Hardasa 3 il əvvəl idi, belə bir mövzu qoymuşduq: “Repressiya: gizlin və gerçəkləri ilə”. Həmin müzakirədə iştirak edən mərhum alim Cəlal Qasımov çox ibrətamiz bir fikir səsləndirdi. Dedi ki, bəraət dövründə - 56-cı ildən sonra udanlar və uduzanlar oldu. Fikrimcə, Cavid uduzanlar siyahısındadı,  Ruhulla Axundov, Vəli Xuluflu isə udanlar. Yəni, Cavid 37-də güclü idi, yoxsa 56-da? 37-də Cavid türkçü kimi, turançı kimi böyük idi. 56-da isə ona bir sovet mundiri geyindirib kiçiltdilər. “Cavid və oktyabr inqilabı” adlı yazılar yazıldı. Əlbəttə, o dövrdə Cavid bəraət almasaydı 4 cildliyi çıxmayacaqdı, haqqında danışılmayacaqdı, dərsliklərə düşməyəcəkdi, haqqında monoqrafiyalar yazılmayacaqdı. Lakin bütün bu proses onun dilinə, üslubuna toxunulmaqla həyata keçdi. Məncə, bu reabilitasiya Cavidin sovet hökumətindən intiqamı deyildi. Sistemin özünün özündən intiqamı idi. Məncə Cavidin bəraəti onun Sibirdən dönüşü ilə başladı. Cavidin dönüşü əslində Cavidə dönüşün başlanğıcı oldu. Nə idi  Cavidə dönüş? Cavidə dönüş türkçülüyə dönüş, turan əxlaqına dönüş, Cavidə dönüş sufi təfəkkürünə dönüş, milli-mənəvi əxlaqi dəyərlərə dönüş idi.

Yəni 1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətin yeni epoxası başlayır. Yeri gəlmişkən, Cavidin nəşinin niyə məhz Naxçıvanda basdırılması da ayrı özəlliyi ilə diqqət çəkir. Nəriman Həsənzadə ilə söhbətimdə danışmışdı bu barədə. Dedi, Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmişdi. Cavidin məqbərəsini niyə Naxçıvanda qurmaq istədi, burda yox? Mən yanında durmuşdum, kimlərləsə söhbət edəndə dedi elə Naxçıvan yaxşıdı ki, Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər. Bura qədər dərin düşünürdü Heydər Əliyev.

 -Ulu Öndər o tayda olan insanlarımızı da düşünürdü.

- Ümumiyyətlə, bütövlük anlayışı Heydər Əliyev üçün heç zaman öz sabitliyini pozmadı. Ən böyük xüsusiyyəti o idi ki, Heydər Əliyev zamanları, epoxaları qarşı-qarşıya qoymağı sevmirdi. Necə ki, ədəbiyyatı bütöv görürdü, vahid Azərbaycan idealı da onun bütöv, bölünməz gördüyü amallar sırasında idi. Ona görə də müstəqil Azərbaycanı müəyyənləşdirdiyi o məfkurə necəliyindən qurub yarada bildi.