17 dekabr 2021 15:30
688

Lotereyaların təşkili proseduru dəyişir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında “Lotereyalar haqqında” qanuna mühüm dəyişikliklərə baxılır.

“İki sahil” xəbər verir ki,  qanun layihəsi dövlət başçısının sərəncama uyğun olaraq hazırlanıb və aşağıdakıları nəzərdə tutur:

- lotereyaların təşkili və keçirilməsi sahəsində tənzimləyici orqanın müəyyən olunması və onun fəaliyyət dairəsinin təkmilləşdirilməsi, o cümlədən tiraj komissiyasının üzv ola biləcək şəxslərin siyahısının və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədlərin səlahiyyətli orqanla razılaşdırılması prosedurunun müəyyən olunması;
- lotereyanın uduş fondunun yuxarı həddinin (80 faizdən çox ola bilməməsi tələbinin) aradan qaldırılması və bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsinin növbəti tirajda oynanılmasının nəzərdə tutulması;
- lotereya şərtlərinin təkmilləşdirilməsi, lotereyanın təşkili və keçirilməsi, habelə onun şərtlərində dəyişiklik edilməsi ilə bağlı müddətlərə yenidən baxılması (müddətlərin optimallaşdırılması);
- lotereya biletində nəzərdə tutulmalı bir sıra məlumatların lotereya təşkilatçısının internet səhifəsində əks olunması;
- virtual lotereyanın təşkili və keçirilməsinin hüquqi əsaslarının yaradılması;
- lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi əsasları və qaydasının təkmilləşdirilməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, “Bədən tərbiyəsi və idman haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Atçılıq haqqında”, “Reklam haqqında”, “Dövlət satınalmaları haqqında”, “Telekommunikasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) “Lotereyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb.
Vergi Məcəlləsinə də bir sıra dəyişikliklər təklif olunur. Bunlar aşağıdakılardır:
- idman mərc oyunlarının (elektron idman mərc oyunlarının) lotereyalarla oxşar hüquqi rejimdə vergi qanunvericiliyi baxımından tənzimləməyə cəlb edilməsi, lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək (əvvəl 10 manat idi) uduşların gəlir vergisindən azad edilməsi,
- idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcılarının, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi kimi təsbit olunması, habelə bu sahədə vergitutma obyektinin və vergi dərəcələrinin dəqiqləşdirilməsi. (operatorlar və təşkilatçılar dövriyyədən 6%, satıcılar isə onlara çatacaq komisyon haqqından 4%) Əvvəl gəlir və mənfəət vergisi ödəyirdilər.
“Reklam haqqında” qanuna isə aşağıdakı dəyişikliklər təklif ounur:
- Qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Qeyd edək ki, qumar oyunları dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” qanuna uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.