«Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdilər. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi. Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü. Bəs indi vəziyyət necədir? Uşaqlar az qala dünyaya göz açandan repetitor yanına, hazırlıq kurslarına gedirlər. Əlbəttə ki, valideynlərin vəsaiti hesabına. Yəni, valideynləri şagird üçün indi həm maddi, həm mənəvi, həm də digər bütün resurslarını səfərbər edirlər. Bu, o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görürlər. Ona görə də valideyn məktəbə gəlib iradını bildirir ki, sən mənimlə birlikdə övlad böyütmüsən ki, onu da döyürsən»
Bu fikirləri təhsil eksperti Kamran Əsədov «İki sahil» qəzetinə açıqlamasında bildirib.
K.Əsədov qeyd edib ki, son günlər mediada bəzi müəllimlərin şagirdlərə fiziki təzyiq göstərmələrini, yaxud şagirdlərin müəllimlərə qarşı tərbiyəsiz və hörmətsiz davranmalarını əks etdirən videogörüntülər yayımlanır: «Bildiyimiz kimi, bu görüntülər ölkə mediasının gündəmindən düşmür, cəmiyyət arasında geniş müzakirələrə səbəb olur. Təhsil haqqında qanun var. Müəllim qanunvericiliklə müəyyən edilmiş cinayət tərkibli hərəkətlərə yol veribsə, qanunda nəzərdə tutulduğu kimi cəzalandırıla bilər. Ancaq müəllim və şagird arasındakı münasibətlərin hər bir kiçik detalını qanunvericilikdə axtarmaq da düzgün deyil. Ümumiyyətlə, hesab edirəm ki, şagirdi döyməklə, qorxutmaqla heç nəyə nail olmaq olmaz. Müəllim-şagird münasibəti çox həssas münasibət olduğundan baş vermiş olaylarda birtərəfli qərar vermək doğru olmaz. Məktəblərdə psixoloqun fəaliyyət göstərməsi çox önəmlidir. Bu cür şiddətin, münaqişənin baş verməməsi üçün məktəb psixoloqları mütəmadi şəkildə, heç olmasa ayda bir dəfə uşaqlarla görüşüb onlar arasında psixoloji testlər keçirməli, hazırki durumları ilə maraqlanmalıdırlar. Çünki hər bir şagird müxtəlif ailələrdən gəlir və müəyyən problemlər yaşayırlar. Eyni zamanda,müəllimlər də mütamadi olaraq psixoloji testlərdən keçməlidirlər. Bu gün məktəbdə yaranan münaqişələrin xeyli hissəsi şagirdlərin davranış xüsusiyyətləri ilə bağlıdır. Müəllimlər şagirdlərin qeyri-adekvat davranışlarından narazıdırlar. Amma müəllimlərimiz bir həqiqəti unudurlar ki, şagirdlərin tərbiyəsi valideynlərlə yanaşı, müəllimlərin də vəzifə borcudur. Əslində, pis müəllim, pis şagird yoxdur. Müəllim və şagird arasında yaxşı və ya pis münasibət var. Ancaq yaxşı və ya pis münasibət qurmaq şagirdin deyil, müəllimin məsuliyyətindədir.»
Təhsil ekspertinin qənaətinə görə təcrübə göstərir ki, bir çox məktəblərdə müəllim-şagird münasibətlərində yol verilən səhvlər məhz müəllim tərəfindən şagirdə göstərilən münasibətlərdə yaş həddinin nəzərə alınmamasından irəli gəlir: «Bəzən müəllimlər özünü tanımış, dərk etmiş yuxarı sinif şagirdlərinə də uşaq gözü iləbaxır, onlarla uşaq kimi rəftar edirlər. Şagirdi danlayır, sinifdən çıxarır, onları müxtəlif sözlərlə təhqir edirlər. Bugünkü təhsil sistemində bu hallar yolverilməzdir. Müəllim-şagird münasibətləri şagirdin bir şəxsiyyət kimi formalaşmasına, inkişaf etməsinə xidmət etməlidir. Müəllimlik peşəsi təkcə öz fənnini tədris etməklə bitmir. Bu peşə müəllim adını daşıyan şəxsdən pedaqoji fəaliyyət tələb etməklə yanaşı, psixoloji biliklərə yiyələnməyi, şagirdlərlə ünsiyyətdə etik-estetik mədəniyyəti şamil etməyi tələb edir. Qədim zamanlardan bəri müəllimlik peşəsinə böyük hörmətlə yanaşılıb və bu proses davam etməkdədir. Bu gün bu müqəddəs ada kölgə salınmamalıdır.»
Şəmsiyyə Əliqızı, «İki sahil»