02 fevral 2022 19:40
667

Gəncə Memorial Kompleksi erməni vandalizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir

Azərbaycanda həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri də regionların inkişafıdır. Hazırda sayca dördüncü regional inkişaf proqramı olan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam edir. Dövlət başçısının mütəmadi olaraq bölgələrə səfəri rayonlarımızın inkişafı və bütövlükdə ölkədə balanslı iqtisadi inkişafın formalaşması xarakterini daşıyır.

Prezidentimizin regionlara səfərləri həmişə yeni-yeni infrastruktur obyektlərinin, müxtəlif istehsal sahələrinin açılışı, o cümlədən, çoxlu sayda iş yerlərinin yaradılması ilə yadda qalır. Cənab Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri qeyd olunan Dövlət Proqramı çərçivəsində sayca üçüncü səfəridir. Bu səfər eyni zamanda müharibədən sonrakı dövr üçün çox xarakterikdir. Yerli və xarici ictimaiyyətin diqqəti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə bağlı olmasına baxayaraq, ölkə başçısı digər regionların inkişafını da diqqətdən kənar saxlamır: müvafiq tapşırıqlar, sərəncamlar verilir, mühüm əhəmiyyətə malik obyektlərin açılış və təməlqoyma mərasimləri həyata keçirilir. Prezidentin Gəncəyə səfərləri ölkəmizin ikinci böyük-qədim şəhərinə, həmçinin vətəndaşa olan qayğısının, diqqətinin ifadəsidir. Ölkə başçımızın Gəncəyə hər bir səfəri əlamətdar hadisələrlə yadda qalır ki, bu da şəhərin inkişafına, əhalinin sosial-mədəni həyatına böyük töhfələr verir.  Həyata keçirilən abadlıq, quruculuq işləri müasir və milli memarlıq elementləri əsasında aparılır, şəhərin tarixi imicinə xələl gəlmədən müasir şəhərsalma prinsipləri tam qorunur.

Ölkə başçımızın Gəncəyə bu dəfəki səfəri zamanı bir sıra mühüm əhəmiyyətə malik obyektlərin açılışı və təməlqoyma mərasimi diqqətləri bir daha bu şəhərə yönəltdi. Açılışı olan obyektlərdən biri də Gəncədə sayca ikinci olan 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzidir. Bildiyimiz kimi, “ASAN xidmət” mərkəzləri ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə məhz xalqın rifahı, vətəndaşın rahatlığı üçün yaradılıb. Azərbaycan brendi olaraq tanınan “ASAN xidmət” beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur. Bir sıra dövlətlərin rəsmilərinin ölkəmizə səfəri çərçivəsində bu mərkəzlərin fəaliyyəti ilə yaxından tanış olmaları da təsadüfi deyildir. Yanvarın 30-da cənab Prezidentimiz tərəfindən açılışı olan Gəncə regional “Asan xidmət” mərkəzi ölkə üzrə sayca iyirmi ikinci mərkəzdir. Ölkə başçımız səfər çərçivəsində AZƏRTAC-a müsahibəsi zamanı mərkəzin fəaliyyətinə toxunaraq qeyd etmişdir ki, “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ona görə biz xidmətin adını “ASAN” qoymuşuq”. Fəaliyyət istiqamətini genişləndirən “Asan xidmət”in Gəncə şəhərində sayca ikinci mərkəzinin açılışı, həm də  bu mərkəzlərin coğrafi əhatə dairəsini artırdığını kimi dəyərləndirilə bilər. 

Respublikamızın ikinci böyük sənaye və mədəniyyət mərkəzi olan Gəncə, təəssüf ki,  44 gün davam edən Vətən müharibəsi zamanı düşmənin faşizm əməllərindən əziyyət çəkən şəhərlərimizdən biri olmuşdu. Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları ağır itkilərə, fəsadlara səbəb olmuşdu. Gəncəyə atılan 13 raketdən 8-nin partlaması nəticəsində Gəncədə böyük təlafatlar baş verdi: 6-sı azyaşlı uşaq olmaqla 26  nəfər soydaşımız şəhid oldu, 100-dən artıq insan müxtəlif dərəcəli xəsarətlər aldı, 800-ə yaxın obyektə zərər dəydi. Münaqişədən kənar ərazilərin qadağan olunmuş bombalarla hədəfə alınması isə nə beynəlxalq hüquqa, nə müharibənin əxlaq normalarına, ümumiyyətlə heç bir mənəvi müstəviyə sığmır.

Prezidentin ötən ilin yayında Gəncəyə səfəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə sakinlərinə müraciəti onlara böyük təskinlik vermişdi. Cənab Prezident səfəri zamanı erməni faşizminin Gəncə izlərinə toxunmuş və qeyd etmişdir ki, “Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik”. Məhz həmin ərazidə Gəncə terrorlarında həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirməklə yanaşı Ermənistanın müharibə cinayətlərinin izlərini özündə əks etdirən Gəncə Memorial Kompleksinin təməli qoyulmuşdur. Bu kompleks Erməni vandalizminin dünyaya çatdırılması, beynəlxalq aləmə əyani göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Şəbnəm Eldarova,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi