07 fevral 2022 14:05
690

Cənub Qaz Dəhlizi Azərbaycanın güclənməsinə zəmin yaradıb

“Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatına çox mühüm töhfə verməklə yanaşı, həm də onun müstəqilliyini möhkəmləndirməsinə, regional aktor kimi güclənməsinə zəmin yaradıb”.

“İki sahil” xəbər verir ki,  bunu enerji siyasəti üzrə mütəxəssis, Türkiyənin milli neft şirkətində (TPAO) baş menecer müavini vəzifəsində işləmiş, “Bakı-Ceyhan. Orta Asiya və Qafqazda bitməyən oyun” kitabının müəllifi Necdet Pamir deyib.

N. Pamir qeyd edib ki, Türkiyə isə bu layihələrdə həm idxalçı, həm də tranzit ölkə kimi çox strateji rol oynayır: “Bundan əlavə, bu layihələr “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın bir-birinə daha da bağlı olmasını təmin edir”.

O, Azərbaycanın Türkiyəyə daha çox qaz tədarük edə bilməsi üçün uyğun addımların atılmasının vacibliyini də qeyd edib. N. Pamir hesab edir ki, Türkiyənin Cənub Qaz Dəhlizindəki (CQD) rolu “tranzit ölkə” kimi deyil, təchizatçı - idxalçı ölkə də kimi artırılmalıdır.

N. Pamirin sözlərinə görə, Türkiyə və ya Azərbaycanın güclənməsi hər iki ölkənin də güclənməsi deməkdir: “Vətən müharibəsində Qələbə bu birliyin ən bariz nümunəsidir. Azərbaycanla Türkiyə arasında qazın alqı-satqısı müqavilələrinin həcmi artırılmalı, müqavilənin şərtləri hər iki dövlətin ümumi maraqlarına uyğun olaraq müəyyən edilməlidir”.