18 fevral 2022 20:07
4709

Torpaqda çirklənmə problemləri

Çirklənmə dedikdə sadəcə göy üzünə diqqət yetirdiyimiz üçün ayaqlarımızın altında olan sərvəti görə bilmirik. Biz gündəlik həyatda istifadə etdiyimiz hər məhsulu torpaqdan alırıq. Torpaq bizə hava, su kimi gərəklidir. Bizi qidalandıran bitki, meyvə-tərəvəz çirkli torpaqda yetişdikdə zərərli maddələr bu məhsullar vasitəsilə birbaşa orqanizmimizə daxil olur. Torpaq yer səthinin dərisidir. O insanın və min illər boyu təbiətdə gedən proseslərin təsiri ilə dağılıb və yaralanıb. Beləliklə, ayağımızın altında olanlara baxmaq, onun dəyərini fərqinə varmağın zamanı gəlib çatıb.

Torpağın çirklənməsi dedikdə insan sağlamlığına və ekosistemə təhlükə yarada biləcək dərəcədə yüksək konsentrasiyalarda zəhərli kimyəvi maddələrin olmasıdır.

Naxçıvan Muxtar Respublikasında torpaqlar çirklənmiş və ya çirklənməmiş bütün hallarda müxtəlif birləşmələrlə zəngindir. Belə birləşmələrə metallar, qeyri-üzvi ionlar və duzlar və s. daxildir. Bu birləşmələr əsasən torpaqda olan mikrobların fəaliyyəti və orqanizmlərin parçalanması nəticəsində əmələ gəlir. Torpaq çirkləndiricilərinin miqdarı təbii səviyyədən artıq olduqda, çirklənmə əmələ gəlir. Torpağın çirklənməsinin iki başlıca səbəbi var: təbii və antropogen (texnogen).

Torpaq çirklənməsi elə bir mürəkkəb prosesdir ki, o insanların siqaret kötüklərini yerə atmasından tutmuş, sənaye fəaliyyəti kimi böyükdən kiçiyə bir çox səbəbləri vardır. Hər bir səbəb digəri ilə zəncivari əlaqələnmişdir.

Təbii kimyəvi elementləri yer üzünə yuyan və süzən bəzi təbiət hadisələri baş verdikdə də torpaq təbii olaraq çirklənə bilər. Təbii çirklənmənin bəzi nümunələri atmosferə zərərli qazların konsentrasiyasını yayan vulkanik püskürmələr, yanğınlar və turşu yağışlarıdır. Yağıntı olduqda, zəhərli qazlar su damlaları ilə çökür. Bu toksinlər torpağın məhsuldarlıq və keyfiyyətini itirməsinə səbəb olur.

Torpağın antropogen (texnogen) çirklənməsi bir neçə növ prosesdən, bəziləri məqsədyönlü (sənaye), bəziləri isə təsadüfi olaraq yaranır. İnsan tərəfindən törədilən torpağın çirklənməsi təbii proseslərlə birlikdə torpaqda çirklənmə səviyyəsini artıra bilər. Misal olaraq, kimyəvi maddələrin saxlanması, daşınması və ya istifadəsi zamanı təsadüfən dağılmalar və sızmalar (məsələn, yanacaqdoldurma məntəqələrində benzin və dizelin sızması), ətraf mühitdə çirkləndiricilərin yayılması ilə nəticələnən sobalar və ya digər prosesləri əhatə edən istehsal prosesləri, xammalın, məsələn, ağır metalların, zəhərli maddələrin emissiyasını əhatə edən dağ-mədən fəaliyyəti, tikinti fəaliyyətləri, herbisidlərin, pestisidlərin və gübrələrin yayılması ilə bağlı kənd təsərrüfatı fəaliyyətləri, nəqliyyat fəaliyyəti, təsadüfi və ya bilərəkdən kimyəvi tullantıların atılması – məsələn, qeyri-qanuni tullantıların atılması torpağı çirkləndirən texnogen səbəblərdir.

Bütün bu səbəblər bizə dəfələrlə göstərir ki, uşaqları və gəncləri çox yaxşı tərbiyə etməliyik. Onlar bilməlidir ki, təbiət bir canlıdır. Təbiət güclüdür, lakin onun qayğıya ehtiyacı var. Qoruya bilməsək bu güc tükənəcəkdir.

Dahi mütəfəkkir Antuan de Sent-Ekzüperi deyirdi ki, “biz hamımız Yer kürəsi adlı gəminin sərnişinləriyik. Deməli, bizim minəcək başqa nəqliyyat vasitəmiz yoxdur”. Bunun üçün də sahib olduqlarımızın dəyərini bilməli və onları qorumalıyıq!!!

(Şəkil. Duzdağ ətəklərində çökək ərazilərdə Takırlaşmış şorakətli torpaqlar)

Aytac Quluzadə,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı