Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar–Texnoloji Kollecdə növbəti tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatı dəstəyi sayəsində keçirilib. “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda olan bu tədbir maarifləndirici xarakter daşıyırdı. Onun iştirakçıları isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbər müavini, polis polkovniki Tanrıverdi Aydınov, Dövlət Komissiyasının işçi qrupunun böyük məsləhətçisi Rahib Əliyev, Lənkəran rayonlar arası narkoloji xəstəxananın baş həkimi Vüqar Əliyev, Kollecin direktoru dosent Ruslan Həmidov, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, psixoloq Zülfiyyə Əliyeva, direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Kollecin müəllim heyəti və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr idilər.
Tədbiri Kollecin direktoru Ruslan Həmidov açıb və öz məruzəsində bəşəriyyətin ən böyük bəlası olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial–iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, eyni zamanda cinayətkarlığı səbəb olmasını deyib.
Məruzə ətrafında Tanrıverdi Aydınov çıxış edib: “Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifədir. Azərbaycanın dövlət siyasətində başlıca yer tutan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniyaya qarşı mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyətə bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə duran, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Onun həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında izahat işlərinin geniş səpkidə aparması əsas məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir.
Bəşəriyyət üçün ən təhlükəli bəla sayılan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT 26 iyunu Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Həmin gün narkomaniyaya qarşı mübarizə ilə bağlı atılan addımların hesabatı sayılır. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün stimul yaranır”.
Lənkəran rayonlar arası narkoloji xəstəxananın baş həkimi Vüqar Əliyev çıxışda bildirib ki, bəla ilə mübarizədə vətəndaşlar əlindən gələni etməli, eləcə ictimai qınaq mexanizmi daim işlək vəziyyətdə olmalıdır. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla bütün cəmiyyət üçün böyük təhlükədir. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial–iqtisadi tərəqqini ləngidən, həyatı iflic edən narkomanlığa qarşı hamımız qətiyyətli olmalıyıq.
Çıxışlardan sonra tədbir iştirakçılarına Komissiya tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıb və tələbələrin mövzu ilə bağlı suallarına cavab verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü