29 mart 2022 02:57
1213

Real dünyanı toruna salan virtual aləm

Sosial şəbəkələrin faydalı tərəflərindən necə yararlanaq?  

Araşdırmalar gündə orta hesabla iki saatımızı sosial mediada keçirdiyimizi göstərir. Mütəxəssislər xüsusilə pandemiya dövründə fiziki məsafə ilə bağlı problemlərin internetdə edilən paylaşımları artırdığını söyləyirlər. Dünyada üç milyard insan, yəni, əhalinin təxminən 40%-i internetdə sosial şəbəkələrdən istifadə edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq gündən-günə artır. Bəziləri üçün sosial şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlir.

Sosial media nədir və ona nələr aiddir?

Şübhəsiz, sosial medianın yetərincə müsbət və gündəlik həyatımız üçün yararlı funksiyaları danılmazdır. Müasir dövrümüzdə texnologiyanın sürətli inkişafı sayəsində dünyada baş verən hadisələr barədə anında xəbər tutmaq istəyi insana hakim kəsilir. Yoxlanmamış “fake“ xəbərlərin sosial mediada “at oynatması“ problemin yalnız aspektlərindən biri sayıla bilər. Təəssüflə vurğulamalıyıq ki,  hazırda sosial media növlərindən biri və deyərdik ki, ən  populyarı olan sosial şəbəkələrdə hədsiz vaxt keçirmək gündəlik həyat axarını pozur, normal həyatın fövqündə durur və insan psixikasına hakim kəsilə bilir. Çünki sosial şəbəkələr həm şəxsi ünsiyyət, həm də işgüzar sahədə, reklam işlərində, müxtəlif məlumatların ötürülməsində başlıca vasitələr arasındadır.

Sosioloqlar və psixoloqlar bu mövzuda çox sayıda araşdırmalar  apararaq insanların sosial şəbəkədən istifadə vərdişlərini analiz ediblər. Mütəxəssislər bu araşdırmaları ümumiləşdirərək  aşağıdakı bəzi həqiqətləri ortaya çıxarıblar:

Sosial şəbəkələrdə gün ərzində 23 dəqiqədən artıq vaxt keçirənlərdə xoşbəxtlik hissi və həyatdan razılıq duyğusu azalmağa başlayır.

Sosial şəbəkələr insanın özündə yanlış xatirə, başqalarında isə yanlış təəssürat yaradır. Belə ki, istifadəçilər həmin an özlərini nə qədər pis hiss etsə də, çəkdikləri şəkilləri paylaşanda gülümsəyir və xoşbəxt görünməyə çalışırlar. Daha sonra bu şəkillərə baxanda həmin anlar onlarda yanlış xatirələr yaradır.

Sosial şəbəkə insanları yalnızlaşdırır – sosial şəbəkədə gündə 2 saatdan çox vaxt keçirənlər digərlərinə nisbətən 2 dəfə daha çox özlərini yalnız hesab edir. Sosial şəbəkədəki dostlar insanı sosial etmir – virtualdakı dostlar real həyatda ünsiyyət olmadan həqiqi dostlara çevrilmir.

Sosial şəbəkədə həddindən artıq vaxt keçirmək yuxu pozuntusuna səbəb olur.

Bir insan fərqli sosial şəbəkələrdə özünü fərqli aparır.

25 yaşından aşağı sosial şəbəkə istifadəçiləri paylaşdıqları şəkillərdə daha az gülür (gülümsəyir). Həmçinin qadınlar kişilərə nisbətən şəkillərdə eynəkli düşməkdən çəkinir. Sosial şəbəkədə paylaşdığınız emosiyalar yoluxucudur – paylaşdığınız sevinc və ya qəm dostlarınıza da asanlıqla keçə bilər.

Sosial şəbəkələr sizdə dostlarınıza qarşı paxıllıq yaradır – əsasən də dostların xoşbəxt şəkillərini görəndən sonra, sizi nəsə oxşar paylaşım etməyə məcbur edir.

Sosial şəbəkələrdə çox sayda tanımadığın insanı izləmək insanı depressiyaya sala bilər.

Mütəxəssislər, eyni zamanda, valideyn nəzarətindən kənar qalan ünsiyyətin daha dərin fəsad və sui-istifadə hallarına yol açması barədə xəbərdarlıq edirlər. Bununla yanaşı, uşaq və yeniyetmələr arasında kosmik sürətlə populyarlığı artan sosial şəbəkələr özlərində kifayət qədər problem, asılılığa meyil və yetkin fərdin formalaşmasına zərər vuran əlamətlər daşıyırlar. Nəinki yeniyetmələr, eləcə də yetkin insanlar arasında asılılıq meyilləri artsa da, çox insan həddən ziyadə sosial şəbəkə asılılığını ya gec dərk edir, ya da bunu anlamaq və etiraf etmək istəmir.

Sosial şəbəkədən asılılığı necə müəyyən etməli?

Araşdırmalara əsasən, sosial şəbəkə asılılığını üç kriteriya əsasında müəyyən etmək olar:

İstifadəçi sosial şəbəkələrdən istifadə edərkən istifadə müddəti üzərində nəzarətini itirir. Belə istifadəçilər özlərində davamlı şəkildə sosial media şəbəkələrində vaxt keçirmək ehtiyacı hiss edirlər.

Digər fəaliyyətlər (istər iş, istər asudə vaxt, istərsə də yeniyetmələrdə məktəb və dərs hazırlığı) ciddi şəkildə arxa plana keçir.

Tədricən gündəlik həyatın vacib mövzuları ilə müqayisədə sosial şəbəkə prioritet əldə edir, şəxs real həyatdakı dost-tanışlar və mövzular əvəzinə sosial şəbəkədəki ünsiyyət, mövzu və trendlərə üstünlük verir.

Mütəxəssislər qeyd edirlər ki, asılılığı olmayanlar sosial şəbəkə münasibətlərinin real ünsiyyəti üstələdiyini hiss etdiklərində, onlayn həyata ayırdıqları zamanı məhdudlaşdırmağa çalışır və buna nail olurlar. Lakin asılılıq yaranmış insanlar belə bir problemin olduğunu qəbul etmir, özlərində davamlı şəkildə sosial şəbəkələrdə vaxt keçirmək istəyi hiss edirlər.

Bəs bu asılılığın təhlükəsi nə qədərdir?

Uzun müddətdir ki, alimlər sosial şəbəkə asılılığı ilə psixoloji problemlər arasında əlaqənin mövcudluğundan bəhs edirlər. Bu vəziyyət yeniyetmələr arasında daha ciddi hal alır, asılılığı olan hər üç yeniyetmədən birində depressiv əlamətlər müşahidə olunur. Mütəmadi sosial şəbəkələrdən istifadə edən şəxslərdə zaman keçdikcə aqressivlik, stress, yuxu və qida rejiminin pozulması, depressiya halları müşahidə olunur, özü də bilmədən həm özünə, həm də başqalarına qarşı xoşagəlməz rəftar yaranır. O cümlədən son zamanlar bir qrup saxta istifadəçilər tərəfindən bəzi şəxslərin şantaj edilməsi, onlara hədə-qorxu, təhqiredici mesajların göndərilməsi nəticəsində həmin insanlarda psixoloji narahatlıqlar yaranır. Bunun qarşısı vaxtında alınmadıqda sonu heç də xoş olmayan hallarla nəticələnir. Heç kimlə dərdini paylaşmayan, depressiv və tək qalmağa meyil göstərən bu insanlar hətta daha sonra özlərinə ziyan vurur, sonu ölümlə nəticələnən intihara əl atırlar.

Son zamanlar sosial şəbəkələrlə bağlı tədqiqatlar onu göstərir ki, bu, həqiqətən də bəzi ailələrin dağılmasına gətirib çıxarır. Çünki sosial şəbəkələrə aludə olan gənc qadınlar, kişilər bəzi hallarda öz ailələrini unuda, oradakı müvəqqəti, hətta virtual sevginin qurbanına çevrilə bilirlər. Bir müddət sonra onlar necə böyük səhvə yol verdiklərini başa düşürlər.

Sosial şəbəkə asılılığından necə qurtulmalı?

Alimlər sosial şəbəkə asılılığından qorunmaq üçün ilk addımın gecə yatarkən smartfonu yataq otağından “sürgün“ etmək və onun əvəzində analoji saat vasitəsilə səhər yuxudan durmaq lazım olduğunu vurğulayırlar. Smartfonda bildiriş funksiyasını söndürmək lazımdır. Kiminsə hansısa paylaşıma yazdığı rəy barədə bildirişi açan istifadəçinin ana səhifəyə geri dönüb uzun müddət orada “gəzib-dolaşması“ qaçılmaz reallığa çevrilib. Ona görə də hər bildiriş səsi insanı əlindəki mühüm işlərdən ayıraraq diqqətini müəyyən bir müddət ərzində sosial şəbəkəyə cəmləməsinə, vaxt və enerji itkisinə səbəb olur.

Yemək və gəzinti zamanı, eləcə də kitab oxuyarkən mobil telefonu kənara qoyaraq, diqqətin yayınmasına imkan verməmək lazımdır. Eyni zamanda, sosial şəbəkə üçün gündəlik konkret vaxt çərçivəsi müəyyən edilməli, həmin vaxtdan kənarda sosial şəbəkələr tabı olmalıdır. Sosial şəbəkə tətbiqlərini smartfonda arxa plana atmaq və ya əsas səhifədən çıxarmaq lazımdır. Bu, mobil telefonu götürən zaman qeyri-ixtiyari olaraq hansısa bir sosial şəbəkə tətbiqinə girməyin qarşısını alır.

Uşaqların hansı yaşdan etibarən sosial şəbəkələrdən istifadəsinə icazə verilməsi müəyyən edilməli, onların şəbəkələrdə keçirdiyi vaxta ciddi nəzarət olunmalı və hansı mövzu və kontentlərin ön planda dayanmalı olduğu diqqətdə saxlanılmalıdır.Həmçinin fiziki və psixoloji fəsadlarla üzləşməmək üçün vaxtımızı sosial şəbəkələrdə daha az və faydalı şəkildə keçirməli, hər hansı bir çətinliklə üzləşdikdə bunları gizlətməməli, ailəmiz, yaxınlarımızla bölüşməli, ehtiyac olarsa mütəxəssislərə müraciət etməliyik.

Təsadüfi deyil ki, sosioloqlar sosial şəbəkələrdən mənfi istiqamətdə istifadə olunmaması üçün müəyyən maariflənmə işlərinin aparılmasını zəruri hesab edirlər. Çünki insanlar yanlış yolda olduqlarını bilmirlər, onları düzgün yola yönləndirmək isə bu sahədə işləyən, kifayət qədər məlumatı olan insanların üzərinə düşür.

Yaqut Ağaşahqızı, “İki sahil”