“Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanov barədə danışıb.
“İki sahil” xəbər verir ki, o, təcrübəli çalışdırıcının 50 illik yubileyi münasibətilə onun haqqında fikirlərini bildirib: “Bu gün böyük qürur və fəxrlə deyirəm ki, “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanovdur. Çətin günlərimiz də olub, bərabər böyük uğurlar əldə etmişik, tarixi nəticələr qazanmışıq. Biz o çətin günlərdə də Qurban Qurbanova güvənmişik, indi də güvənirik və bundan sonra da güvənəcəyik. İnanıram ki, Qurban hoca növbəti yubileylərini də məhz “Qarabağ”ın baş məşqçisi kimi keçirəcək.
Qurbanov futbol ictimaiyyətinə nümunə olacaq şəxsiyyətdir. Onun “Marsel” ilə oyundakı jesti yaddaşlardan silinməyəcək, tarixdə qalacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qurban Qurbanovun məhz həmin hərəkətini xatırladaraq, nümunə gətirdi. Qurban hoca ilə qürur duyur və fəxr edirik. Əminəm ki, bundan sonra da “Qarabağ”ımız Qurban Qurbanovla yeni tarixi uğurlar əldə edəcək”.