27 aprel 2022 21:14
863

YAP Yasamal rayon təşkilatında Mədət Quliyevlə gənclərin görüşü keçirilib FOTO

YAP Yasamal rayon təşkilatında müdafiə sənayesi naziri, Milli qəhrəman Mədət Quliyevlə gənclərin görüşü keçirilib.

Tədbirin rəsmi hissəsindən öncə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri, Milli qəhrəman Mədət Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və tədbir iştirakçıları ilə birgə Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə Yasamal rayonu ərazisində salınmış abidə kompleksi ziyarət olunaraq gül dəstələri düzülüb.

Sonra YAP Yasamal rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq ilk öncə müdafiə sənayesi naziri Mədət Quliyev haqqında tədbir iştirakçılarına məlumat verdi, ölkəmizin ictimai-siyasi həyatında əvəz olunmaz xidmətləri tədbir iştirakçılarının nəzərinə çatdırdı. 
Sonra söz Mədət Quliyevə verilib. Çıxış edən Mədət Quliyev ilk öncə Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb. Sonra qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi: “Ümummilli Liderimiz ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli surətdə istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirdi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin praqmatik xarici siyasət strategiyası Azərbaycanı dünya siyasətinin layiqli təmsilçilərindən birinə çevirdi. Əlbəttə ki, bütün bunlarla yanaşı, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini, Onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu da nəzərə almaq lazımdır. Təsadüfi deyil ki, hələ 2003-cü ildə keçirilmiş prezident seçkisi ərəfəsində Ümummilli liderimiz Heydər Əliyev xalqa müraciətində, məhz Azərbaycanın Prezident İlham Əliyevə etibar olunmasını məsləhət bilmişdi. Ötən müddət ərzində Azərbaycanın nail olduğu inkişaf, tərəqqi bir daha sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Məhz Onun rəhbərliyilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilib. Bütün bunlar 44 günlük Vətən müharibəsində Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı zəfərini və Azərbaycan tərəfindən dünyada yeni reallıqların yaradılmasını şərtləndirdi.”

Sonra YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayevanın təqdimatı ilə Mətbuat pr.40 ünvanında yerləşən ərazi partiya təşkilatının bir qrup şəxsinə müdafiə sənayesi naziri Mədət Quliyev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tərəfindən  partiya vəsiqələri təqdim olundu.
Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb.  Sonda gənclərlə xatirə şəkli çəkdirilib.

Orxan Vahidoğlu, “İki sahil”