Torpaq şirindir. Həmin torpaqda Vətən yerləşəndə daha şirin olur. Belə olmasaydı, Birinci və İkinci Qarabağ müharibələri zamanında minlərlə igid oğul və qızlarımız öz canlarını bu müqəddəs Vətən torpaqları uğrunda qurban verməzdilər, insan üçün həyatda ən şirin və müqəddəs sevgi olan övlad sevgisini Vətən sevgisinə qurban verməzdilər.
Bu qəhrəmanlar silah götürüb döyüşlərə qatılıb bu torpaqların onlara əbədi beşik olduğunu, Vətənə düşmən ayağı dəyməməsi üçün canlarını belə əsirgəmədiklərini dünyaya görk etdilər, tarixə əbədi bir salnamə yazdılar.
Vətənlə bağlı hər şey müqəddəsdir, onu qəlbən sevən vətəndaş üçün; torpağı da, dili də, ədəbiyyatı da, suyu da, çörəyi də.
Vətənin müqəddəs, dəyişməz, əbədi olduğunu təlqin etməklə Vətən insan qəlbində müqəddəsləşmir. Necə ki, ananın müqəddəs olduğunu kimsəyə anlatmağa ehtiyac duyulmur. O, istək, o sevgi insan doğularkən onunla birgə onun qəlbində yaranıb özünə əbədi yuva salır.
Uşaq özündən asılı olmayaraq hələ dünyanı anlamamışdan, ritmi, ahəngi altında yuxuya getdiyi ana laylası, qulaq oxsayan, qəlbi riqqətə gətirən oxşamaları ilə fərəhlənib qol-qanad açır.
Bu minvalla yata bilməyəndə səni uyudan, ağlayanda səni ovunduran, hələ anlamaq bacarığı olmayanda belə insanı öz ovqatında yaşadan dil insanı öz sevgilisinə, vurğununa çevirir.
Görkəmli alim, müəyyən müddət Azərbaycan Respublikasının maarif naziri (1993) vəzifəsində işləmiş, 1984-cü ildən Bakı Dövlət Universitetinin (BDU) Türkologiya kafedrasına rəhbərlik etmş, 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü, 1998-ci ildə Türkiyə Cumhuriyyətinin “Ləyaqət nişanı” (ordeni) ilə təltif olunmuş, Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə “Türk dünyasına xidmət” ödülünün sahibi, görkəmli türkoloq alim, Əməkdar elm xadimi, ən əsası isə təmənnasız insan, akademik Tofiq İsmayıl oğlu Hacıyev kimi.
Vətənə sevgi, öz ana dilinə məhəbbət, onun dialekt və şivələrinə qayğı akademikin bütün elmi yaradıcılığının üzərindən bir qırmızı xətlə keçir.
Dərc olunan qəzet və jurnal məqalələri, nəşr etdirdiyi elmi kitab və monoqrafiyalarla tanış olduqca bu sevginin hüdudları genişlənir, əlçatmaz, ünyetməz olur.
1958-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə qurtaran gələcək akademik Tofiq Hacıyevin öz dilinə sevgisi, ona bağlılığı ilk qələm təcrübəsi kimi ortaya çıxan məqalələrində bu gün də özünü göstərməkdədir.
Gənc məzun ilk elmi məqaləsi olan “Cəbrayıl şivələrinin fonetikası” (ADU-nun “Elmi əsərlər”i, dil və ədəbiyyat seriyası-1960. N5, səh. 3-15) həmin şivədə işlənən səslilərdən (saitlərdən-S.Z), onların variantlarından, dodaqlanmayan qalın səslərdən söhbət açır. Məsələn, sözün əvvəlində, ortasında və axırında gələn “a” səsinin nə üçün uzanmasının səbəblərini izah edir və bununla bağlı yazır: “Səslilərin uzanması ilə Azərbaycan dilində sözün mənasındakı müxtəliflik başqa-başqa türk dillərində (türkmən, yakut, qırğız, xakas, soru və s.) olan kimi deyildir. Həmin dillərdə, Azərbycan dilindəkindən fərqli olaraq, məna fərqi yaradan səslinin uzanması heç bir başqa səsin zəifləməsinin və ya düşməsinin nəticəsində əmələ gəlmir”.
Bu məqalə çap olunandan sonrakı ildə (1961) Tofiq Hacıyevin anadan olduğu rayonun şivələri ilə bağlı ikinci bir məqaləsi nəşr olunur. “Cəbrayıl rayonu şivələrinin morfoloji xüsusiyyətləri” (ADU-nun Elmi nəşrləri, dil ədəbiyyat seriyası 1961 N3, səh.71-81) adlanan bu məqalədə isə müəllif Cəbrayıl şivələrinin morfoloji xüsusiyyətlərini diqqət mərkəzinə çəkir və bununla bağlı yazır: “Azərbaycan dilinin cənub və qərb qrupu dialekt və şivələri arasında keçid mövqeyi təşkil edən Cəbrayıl şivəsi morfoloji xüsusiyyətlərinə görə qərb qrupuna qismən, daha artıq yaxınlaşır. Cəbrayıl şivəsini ədəbi dildən, habelə Azərbaycan dilinin başqa dialekt və şivələrindən fərqləndirən bir sıra morfoloji xüsusiyyətlər nəzəri cəlb edir”.
Bu məqalədə Cəbrayıl dialekt və şivələrində işlənən bir çox soz və şəkilçilərin digər dialekt və şivələrdəki sözlərdə işlənən söz və şəkilçilərdən fərqli xüsusiyyətləri faktlar əsasında müqayisə edilir.
Müəllifin Cəbrayıl şivəsi ilə bağlı işıq üzü görən üçüncü məqaləsi “Cəbrayıl şivələrində arxaizmlər” adlanır (Azərbaycan SSR EA “Xəbərlər”i, ictimai elmlər seriyası, 1961, N3, səh. 59-63).
Arxaizmlərdən bəhs edən müəllif bununla bağlı yazır: “Dialekt və şivə leksikası yalnız təsərrüfatın müəyən sahəsi ilə əlaqədar zəngin termin xarakterli sözlərin mənbəyi olmaqla məhdudlaşıb qalmır; dialekt şivələrimiz həm də ədəbi dilimiz üçün arxaikləşmiş olan, qədim adət-ənənələrə aid, qohumluq münasbiətlərinə aid çoxlu miqdarda söz–terminləri əsrlərdən-əsrlərə keçirərək zehinlərdə saxlanılmışdır. Yalnız termin səciyyəli sözlər deyil, müasir ədəbi dilimiz üçün arxaikləşmiş, lakin başqa qohum dillərdə bu gün də canlı şəkildə mövcud olan, onlarla, yüzlərlə qeyri-termin səciyyəli sözlər də dialekt və şivələrdə qalır”.
Öz doğma dilinə, onun dealekt və şivəsinə, o cümlədən ilk dəfə dil açarkən danışdığı Cəbrayıl şivəsinə olan sevgi Tofiq Hacıyevi bu mövzuda tədqiqat aparmağa ruhlandırır. Elə bunun nəticəsi olaraq 1962-ci ildə, 26 yaşında “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edir.
Dissertasiya kitab şəklində nəşr olunarkən ona Tofiq müəllimin ən əziz tələbəsi və yetirməsi olan akademik Nizami Cəfərovun kitaba “Ön söz və ya ustadın ilk əsəri” adlı giriş məqaləsi və Tofiq Hacıyevin oğlu, fizika- riyaziyyat elmləri namizədi Azər Hacıyevin “Ön söz”ə kiçik əlavə” adlı yazısı da daxil edilmişdir.
Tofiq Hacıyev ilk elmi yaradıcılığa başlayarkən onu ən çox dialektologiya ilə bağlı məsələlər maraqlandırmış, qısa bir vaxtda bu sahəyə üç elmi məqalə və bir dissertasiya həsr etmişdir. Bütün bunlara baxmayaraq alim sonrakı illərdə bu sahəyə xüsusi diqqət ayırmamış, əsas diqqətini Azərbaycan dilinin başqa sahələrinə yönəltmişdir. Kitaba daxil edilən “Ön söz”də akademik Nizami Cəfərov bu məsələ ilə bağlı yazır: “Azərbaycan dilinin Cəbrayıl şıvəsi” mövzusundakı namizədlik dissertasiyasını Tofiq Hacıyev 1962-ci ildə böyük müvəffəqiyyətlə müdafiə etdi. Güman etmək olardı ki, gənc tədqiqatçı həmin müvəffəqiyyətdən sonra özünü bütünlüklə dialektologiyaya sərf edəcək. Ancaq elə olmadı. Çox keçmədi ki, Tofiq Hacıyev dil tarixi sahəsində ardıcıl araşdırmaları ilə tanındı... Və 1969-cu ildə otuz üç yaşında “XX əsrin əvvəlləri Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək öz dialektoloq karyerasına, demək olar, son qoydu”. (“Cəbrayıl şivəsi”, səh.3)
Akademik Tofiq Hacıyevin namizədlik işi olan və dediyimiz kimi, bir neçə il bundan əvvəl kitab şəklində nəşr olunan bu əsəri “Bir neçə söz” (səh.5), “Transkripsiya” (səh.6), “Müşahidə aparılmış kəndlərin adlarının ixtisarı” (səh.7), “Cəbrayıl şivəsinin Azərbaycan dili dialekt və şivələri arasında mövqeyi” (səh. 8-9) mətnləri və “Fonetika” (səh.11-81),“Qrammatika” (morfologiya və sintaksis (səh.82-273) və “Leksika” (səh. 274-399) fəsillərindən ibarətdir. Kitabın “Fonetika” adlanan birinci fəslində Cəbrayıl dialekt və şivələrində işlənən səslilər və onların variantları; “Səssizlər”, “Vurğu”, “Ahəng qanunu”, “Səsdüşümü”, “Səsartımı”, “Assimilyasiya” və “Dissimilyasiya” kimi qanun və hadisələr işıqlandırılır.
Səslərin yerdəyişməsi ilə bağlı müəllif yazır: “Cəbrayıl şivəsində səslərin öz yerlərini dəyişməsi hallarına çox rast gəlmək olur. Bu hadisə həm səssizlər, həm də səslilərlə səssizlər arasında baş verir. Onlardan bir neçəsini göstərmək kifayətdir.
b---r. Sözün tərkibində b və r səsləri öz yerlərini dəyişir. Məs: Carbeyil < Cəbrayıl, Tərbiz < Təbriz, İrbaham < İbrahim” və s.
Kitabın “Qrammatika” (səh.82) adlanan ikinci fəslində qrammatikanın həm “Morfologiya”, həm də “Sintaksis” bölməsi ilə bağlı fərqli xüsusiyyətlər qeyd olunur. Hal kateqoriyasından bəhs edən müəllif bununla bağlı yazır: “Cəbrayıl şivəsində isimlərin hallanmasında ədəbi dildən fərqli xüsusiyyətlər Böyük Mərcanlı, Hovuşlu, Sofulu kənd şivələrində özünü göstərir. Bu kəndlərdə ismin təsirlik halında sonu səsli ilə bitən sözlər ahəngə görə -yı; -yi, -yu, -yü şəkilçilərindən birini qəbul edir (ədəbi dildəki bitişdirici –n səsinin əvəzinə şivədə -y səsi işlənir ); həm də açıq səslər qapalılaşır; baltıyı, dəhriyi, quzuyu, sürüyü və s.” (Cəbrayıl şivəsi, səh.87)
Kitabın “Qrammatika” adlanan ikinci fəslinin “Sintaksis” (səh.244) bölməsində yazılır “Sintaktik cəhətdən nəinki Cəbrayıl rayonunun şivələri arasında, hətta, ümumiyyətlə, bütövlükdə Azərbaycan dilinin dialekt və şivələri arasında qabarıq surətdə nəzərə çarpacaq elə bir ciddi fərq yoxdur”. (Yenə orada, səh.244).
Müdafiə edəndən sonra Tofiq Hacıyevin tədqiqat obyekti birdən-birə kökündən dəyişir. O, məcmuə və jurnallarda Azərbaycanın görkəmli yazıçı və şairləri, elm adamları, onların nəşr edilmiş əsərləri ilə, məqalələrlə çıxış edir. Onun M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Füzuli, N.Nərimanov, A.Səhhət, M.P.Vaqif və digərlərinin yaradıcılığı ilə bağlı qiymətli elmi məqalələri mətbuat orqanlarının bəzəyinə çevrilir. Bütün bunlara baxmayaraq alimi daha çox dil tarixi, ədəbi dil, onun inkişaf tarixi maraqlandırmağa başlayır.
Bu məqalələrlə yanaşı, Azərbaycan ədəbi dili məsələləri alimin diqqətini daha çox cəlb edir.
Akademik Tofiq Hacıyev bütün bu işlərlə bərabər ortaq türk dili məsələlərinə də diqqətlə yanaşmış, on illər boyunca bir-biri ilə görüşləri qadağan edilmiş Türkiyə türkləri və Azərbaycan türklərinin danışdıqları dillərin eyniliyini, eyni zamanda dünyanın müxtəlif bölgələrində yaşayan türkdilli xalqların bir-birini anlamalarına imkan verən bir ortaq dilin yaradılması məsələsini irəli sürmüşdür. O, ortaq ünsiyyət dili məsələsini dolayısı ilə ortaya atmış və bu dilə sahib olmağın əhəmiyyətli olacağı qənaətinə gəlmişdir.
Ortaq ünsiyyət dili məsələsinin vacibliyi qənaətinə gələn akademik 2013-cü ildə “Türklər üçün ortaq ünsiyyət dili” adlı bir kitab (246 s.) yazıb nəşr etdirmişdir. Kitabın dəyəri nəzərə alınaraq görkəmli dilçi türkoloqun anadan olmasının 85-ci ildönümü ilə əlaqədar olaraq 2021-ci ildə həmin kitab Ankarada yenidən nəşr olundu.
Akademik Tofiq Hacıyev kitaba yazdığı “Ön söz yerinə” adlı müqəddiməsinə ulu öndər Heydər Əliyevin: “Müasir türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı addımları türk dünyasının xoşbəxt sabahından xəbər verir“ kəlamını epiqraf gətirərək bu vaxta qədər ortaq türk dili məsələsinin ortaya çıxarılması üçün mübarizə aparan vətən aşiqləri və dil sevdalılarının bu yolda apardıqları mübarizədən söhbət açır. Bununla bağlı akademik yazır: “XIX əsrin 80-ci illərində Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralı türk birliyi üçün “işdə, fikirdə, dildə bir” ideyasını irəli sürdü. XX əsrin əvvəllərində Azərbaycanda Əli bəy Hüseynzadə (Turan), Türkiyədə Ziya Göyalp bu ideyanı yaşatdılar və inkişaf etdirdilər. Əlbəttə, bir olmaq, bir məsləkə qulluq etmək yolunda bir dildə ünsiyyət saxlamağın həqiqətən böyük əhəmiyyəti var. Bu birlik ideyası ortaq türk dili ideyasını yaratdı” (Həmin əsər, səh.4).
Müəllif ortaq türk dili məsələsini qaldıranların təkcə Azərbaycan və Türkiyə vətəndaşlarından, alimlərindən ibarət olmadığını diqqət mərkəzinə çəkir və göstərir ki, yuxarıda adları qeyd olunan görkəmli şəxsiyyətlərin irəli sürdüyü ideyanı bu gün də müxtəlif türkdilli xalqların nümayəndələri müdafiə etməkdədirlər. Bunu nəzərdə tutan akademik yazır: “Söhbət ancaq Azərbaycan və Türkiyə türkcələrinin oğuzcalar olaraq yaxınlığından getmir. Bu yaxınlığı böyük dövlətçilik ustası, ulu öndər Heydər Əliyev riyazi dəqiqliklə düsturlaşdırıb: “Biz bir millət, iki dövlətik”. “Dədə Qorqud” kitabının 1300 illik yubileyinə (Bakı, 8 aprel 2000) gələn Qırğızıstanın məsul dövlət adamı bu müdrik kəlamı çox müdrikliklə – xalq yaradıcılığı, folklor nümunəsi bir atalar sözü kimi, ciddi siyasi məzmunda improvizə elədi. Dedi ki: “Biz bir millət, altı dövlətik”. Altı müstəqil türk dövləti (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Türkiyə) nəzərdə tutulurdu.
Akademik Tofiq Hacıyev nümunə göstərməklə bildirmək istəyir ki, ortaq türk dili məsələsi təkcə Azərbaycan və Türkiyədə deyil, digər altı türkdilli respublikalarda da həyata keçirilməsi vacib olan məsələlərdən biri hesab olunurdu.
“Ön söz” və on dörd bölmədən ibarət olan bu kitabda “Türklər üçün ortaq ünsiyyət dili” ideyasının yaranması tarixindən, bu ideyanı irəli sürüb sona qədər müdafiə edən, Əli bəy Hüseynzadə, Ziya Goyalp və Türkiyə türkcəsinin ümumtürk dəyəri haqqında geniş məlumat verir. Bu məsələlərin yerinə yetirilməsində ümumi ünsiyyət dili və ümumi əlifba, ümumi imla məsələsinin nəzərdən keçirilməsinin vacib olduğunu qeyd edir.
Bu məsələ ilə bağlı müəllif yazır: “Türklər üçün ümumi ünsiyyət dilinin işlənməsini, normal fəaliyyətini təmin edən faktorlar sırasında vahid əlifba və ümumi imlanın mühüm yeri var.” (Yenə orada, səh.208)
Müəllif bununla demək istəyirdi ki, vahid əlifba olmadan heç zaman dil birliyindən söhbət gedə bilməz. Əgər ortaq əlifba olmasa onda müxtəlif türkdilli xalqların danışığında mühüm fərqlər əmələ gələcək və onlar nəticədə bir-birini başa düşməkdə çətinlik çəkəcəklər. Vahid əlifbanı türklər üçün ortaq ünsiyyət dilinin əsasını təşkil etdiyini əsas görən müəllif bununla əlaqədar yazır: “Vahid əlifba çevrəsindən kənar qalan türkcələrdə fərqlər zaman-zaman sərt şəkildə artmışdır. Məsələn, yazı dili olmayan, ədəbi forması ancaq folklor dili olan Sibir türkcələrinin bu gün bütün türkcələrdən ciddi şəkildə, bir-birini anlamayacaq dərəcədə fərqlənməsində, şübhəsiz bu faktorun, dilin əlifba ilə idarə olunmamasının da rolu olmuşdur.” (Yenə orada, səh.210)
Müəllif ortaq dilin yaranmasında ortaq əlifbanın rolunu yüksək qiymətləndirsə də, bununla işin hələ bitmədiyin qeyd edir. Göstərir ki, ortaq imla olmadan tək ortaq əlifba ilə istəyə nail olmaq qeyri-mümkündür.
Akademik ortaq imlanın mühüm əhəmiyyət kəsb etdiyini əsas gətirərək yazırdı: “Deməli, vahid imla olmadan vahid əlifba gücsüzdür. Deməli vahid əlifbanın olması hələ məsələnin həlli deyil. Vahid imla da vahid əlifba qədər vacibdir. Vahid orfoqrafiya səslə hərf arasındakı münasibətdən başlanır: müxtəlif türkcələrdə eyni səs eyni hərflə ifadə olunmalıdır.” (Yenə orada, səh.216)
Sonda akademik belə bir qənaətə gəlir ki, müxtəlif tək-tək şəxsiyyətlərin türklər üçün ortaq ünsiyyət dili ilə bağlı apardıqları işlərdən müsbət nəticə gözləmək qeyri-mümkündür. Bunun üçün dövlətlər səviyyəsində iş aparılmalıdır. Bunu nəzərdə tutan müəllif yazır: “Əlbəttə, bu işdə son söz türk dövlətlərinindir, türk dövlət başçılarınındır. Dilçilər, ideoloqlar, millətin açıq, milli fikir sahibi, ziyalıları nə qədər danışsalar da, bu sözdür. Bu sözün iş olması üçün dövlət, hakimiyyət səviyyəsində sərəncamlar, xalqın sıravi övladlarının işıqlı fikirlərinin yola çıxması, gerçəkləşməsi üçün ali dekretlər öz sözünü deməlidir.” ( Yenə orada, səh.223)
Tofiq Hacıyevin türklər üçün ortaq ünsiyyət dili məsələsinə yanaşması bu məsələ ilə bağlı mübarizədə iştirak edən digər kəslərin yanaşmasından tamamilə fərqlənir. Məsələn, bu məsələni ilk dəfə ortaya atan İsmayıl bəy Qaspıralı ortaq əlifba məsələsinin qabardılmasına ehtiyacın olmadığını vurğulayırdı. O, ortaq əlifba kimi ərəb əlifbasından istifadəni məqbul sayırdı. Lakin XX əsrin sonlarında türkdilli dövlətlərdə olan əlifba dəyişikliyini nəzərə alan Tofiq Hacıyev bu məsələyə fərqli formada yanaşırdı.
2021-ci ildə Türkiyədə nəşr olunan “Türklər üçün ortaq ünsiyyət dili” kitabına yazdığı “Ön söz”də Lefke Avrupa Universitetinin müəllimi Nazim Muradov belə yazır: “Türk dünyasının ortaq Türkcə uğrunda mücadilə edən iki öndər şəxsiyyəti – İmayıl bəy Qaspıralı və Tofiq Hacıyev Türk dünyasında ortaq əlifba, ortaq imla və ortaq dil məsələlərinin həlli yolunda böyük əmək verən böyük ziyalılarımızdan olmuşlar... 1880-ci illərin əvvəllərindən 1910-cu illərin ortalarına qədər – tam 35 il bu işə Qaspıralı İsmayıl bəy öndərlik etmiş, yetmiş ildən çox (1917-1991) davam edən Bolşevik-Sovet rejiminin sonlarına doğru isə Türk dünyasının məşhur ziyalılarından biri olan Azərbaycanlı aydın Tofiq Hacıyev ortaq əlifba, ortaq imla və ortaq dil məsələsini gündəmdə tutan aydınlarımızdan olmuşdur.” (Türklər üçün ortaq ünsiyyət dili: Akçağ yayınları, 1. Baskı, (Ankara 2021, səh.7)
Bu məsələ ilə bağlı görkəmli şəxsiyyətlər başa düşürdü ki, türkdilli dövlətlərin birliyi ilk olaraq dil birliyindən, əlifba birliyindən, imla birliyindən başlamalıdır. Dövlətlərin birliyi bu cür bünövrə üzərində qurulmalıdır. Elə bu əsasa söykənərək əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Cox çəkmədi ki, bu şura Türk Dövlətləri Təşkilatına çevrildi.
Elə başa düşürəm ki, XIX əsrin səksəninci illərində Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralı tərəfindən irəli sürülən, XX əsrin əvvəllərində Azərbaycanda Əli bəy Hüseynzadə, Türkiyədə Ziya Göyalp, XXI əsrin əvvəllərində akademik Tofiq Hacıyev tərəfindən inkişaf etdirilib, çatılası yolları dəqiqləşdirilən, 2021-ci il noyabrın 12-də Türkiyədə-İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII zirvə görüşündə istiqaməti və nəticəsi müəyyənləşən bu ideya nə vaxtsa həqiqətə çevriləcək, Tofiq müəllimin və ondan əvvəlki Vətən aşiqlərinin arzuladığı Turan dünyanın diqqətini cəlb edəcək bir birliyə çevriləcəkdir. O zaman bu ideya uğrunda mübarizə aparan hər bir kəsin arzusu gerçəkləşəcək və ruhları əbədi şad olacaqdır.
Sərdar Zeynal,
Filologiya üzrə elmlər doktoru