16 may 2022 18:51
718

İsrarla bizdən 12 balı Britaniyaya vermək tələb olundu - Nümayəndə heyətinin rəhbəri

“Biz Ukraynaya 12 bal vermək istədiyimiz halda, israrla həmin səsi Britaniyaya vermək tələb olundu”.

“İki sahil” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov deyib.

Onun sözlərinə görə, bu barədə final gecəsi dərhal təşkilati quruma məktub ünvanlanıb. Məktubda Azərbaycan münsiflər heyətinin verdiyi səsin nəzərə alınmaması barədə açıqlama tələb olunub: “Biz final gecəsi artıq səsimizin nəzərə alınmadığını gördük və təşkilatçılara müraciət məktubu ünvanladıq. Həmçinin bu gün də sözügedən hadisə ilə bağlı növbəti etiraz məktubunu Avropa Yayım Birliyinə ünvanladıq. Yəqin ki, iki günə rəsmi cavab gələr”.

İsa Məlikov Azərbaycanın bundan sonrakı addımlarına da toxunub: “Düşünürəm ki, Azərbaycanın bundan sonra verəcəyi qərar gələn cavabdan asılır. Həm növbəti illərdə iştirak baxımından, həm də ki, ümumiyyətlə, bu hadisəyə qiymət baxımından”.

AYB-nin Azərbaycan və digər 5 ölkənin münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinin isə rəsmi olmadığını deyib: “İstinad olunan saytlar AYB və ona yaxın saytlardır. Bu barədə AYB ümumi açıqlama verməyib və ora daxil olunan, yəni kənarlaşdırılan ölkələrin adını çəkməyib”.

Qeyd edək ki, 14 may tarixində baş tutan final gecəsində Azərbaycan və bir sıra ölkənin Avroviziyadakı münsif səsi qeydə alınmayıb.