20 may 2022 12:31
416

Xoşqədəm məhkəməyə verildi

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və veriliş iştirakçılarından biri - Bərdə rayon Piyadalar kənd sakini Sadıqova Gözəl Aslan qızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.

“İki sahil” xəbər verir ki, şikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramov açıqlamasında bildirib ki, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17 may 2022-ci il tarixlərdə yayımlanan verlişlərdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etmələridir.

“İnsanların şəxsi toxunulmazlıq hüququ pozulur, istintaq sirri yayılır. Ona görə də Arif Muradov Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci (böhtan) bəndi ilə Nərimanov rayon Məhkəməsinə şikayət edib” - deyə, vəkil bildirib.

Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kəndində baş verib. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb. Hazırda cinayətin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən davam etdirilir.

Arif Muradov şikayət ərizəsində bildirib ki, mərhum telefonlarını təmir etdiyi qadınların fotolarını öz şəxsi telefonuna köçürərək saxlayıb: 

“Onların arasında mənim ailə üzvlərimə məxsus şəkillər də olub. İstintaq zamanı ailə üzvlərimiz, habelə telefonda fotoları olan başqa qadınlar şahid qismində dindiriliblər. Kənd sakinləri mənim ailəmin əxlaqına bələddirlər...”

A.Muradovun sözlərinə görə, “Səni axtarıram” verilişinin yuxarıda qeyd edilən tarixlərdə yayımlanan hissəsində mərhumun anası Sadıqova Gözəl Aslan qızı və teleaparıcı onu açıq formada qətlin təşkilatçısı və icraçısı kimi ittiham ediblər.

Vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi bu gün Nərimanov rayon Məhkəməsinə təqdim edilib.