20 may 2022 20:24
441

“Cəbrayıl” komandası Region Liqasının 2021-2022-ci il mövsümünün qalibi olub

AFFA-nın təşkil etdiyi Region Liqasının 2021-2022-ci illər mövsümünə yekun vurulub.

“İki sahil” xəbər verir ki,  mayın 20-də Şamaxı şəhər stadionunda üçüncü yer uğrunda oyunda “Qusar” və “Araz-Naxçıvan” komandaları qarşılaşıblar. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Araz Naxçıvan” bürünc medallara yiyələnib.

Final qarşılaşmasında isə “Cəbrayıl” və “Xan Lənkəran” komandaları üz-üzə gəliblər. Həlledici oyunda rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Cəbrayıl” komandası AFFA Region Liqasının 2021-2022-ci illər mövsümünün qalibi olub.

Həlledici oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib. “Cəbrayıl” komandasının üzvü Tapdıq Əhmədov mövsümün ən yaxşı oyunçusu kimi mükafatlandırılıb. Daha sonra müvafiq olaraq, “Araz-Naxçıvan”, “Xan Lənkəran” və çempion “Cəbrayıl” komandasına medallar təqdim olunub.

Mükafatları AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov təqdim ediblər.

Qeyd edək ki, “Cəbrayıl” komandası 2022-2023-cü illər mövsümündə ölkəmizi UEFA Region Liqasında təmsil edəcək.