Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və “Naxçıvan” Universitetinin bir qrup müəllim və tələbələrinin iştirakı ilə “Oxunması zəruri olan kitabların siyahısı” na daxil olan Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” kitabının müzakirəsi keçirilmişdir.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Diqqətə çatdırılmışdır ki, “Əxlaqi-Nasiri” əsəri bütün dövrlər üçün əhəmiyyətini itirməyən, təlim-tərbiyə, əxlaq və digər davranış qaydalarına dair qiymətli fikirlərlə zəngin olan əbədiyaşar bir əsərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinin də daxil edilməsi kitabda öz əksini tapmış qiymətli fikirlərin öyrənilməsinin öz aktuallığı ilə seçildiyini və günümüzdə gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayacağını bir daha təsdiq edir .
Qeyd olunmuşdur ki əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.
Tədbirdə “Naxçıvan” Universitetinin müəllimi Altay Cəfərli və universitetin magistrantı Nərmin Kərimova çıxış edərək bildirmişlər ki, Nəsirəddin Tusi bu əsərində əxlaqi tərbiyə ilə yanaşı, həmçinin dövlətçilik ənənələrinin təsvirinə və təbliğinə də geniş yer verib. Görkəmli filosof Azərbaycan siyasi fikir tarixində ilk dövlət nəzəriyyəçisi kimi də tarixə düşüb.
Sonda mərkəzdə yaradılan kitab sərgilərinə baxış olmuş və tələbələrin sualları cavablandırılmışdır.