01 iyun 2022 23:56
1507

Qarğıdalı bitkisinin əhəmiyyəti

Qarğıdalı bitkisindən yüksək və keyfiyyəti məhsul almaq üçün ən mühüm amil, aqrotexniki tədbirlər kompleksini düzgün və torpaq iqlim şəraitinə uyğun aparmaqdır. Qarğıdalı bitkisini çox erkən müddətdə soyuq torpağa səpmək toxumların cücərmə qabiliyyətini azaldır. Belə olduqda dən şişir və temperatur çatışmadığından cücərti vermir. Qarğıdalı üçün optimal səpin müddəti aprel ayının ikinci ongünlüyündən sonradır. Səpindən sonra bitkilərə qulluq işləri, bu işlərin müddəti və üsulu torpağın tipi, mexaniki tərkibi, sahənin alaqlanma dərəcəsi və bitkilərin bioloji xüsusiyyətləri ilə sıx əlaqədardır.

Qarğıdalı əkinlərinə elə qulluq etmək lazımdır ki, torpaqda həmişə lazımi qədər istilik, hava rütubət və həll olunmuş maddələr olsun. Qarğıdalı əkinlərinin ilkin becərilməsi xüsusi əhəmiyyətə malikdir. Becərilmə mexanikləşdirilmiş və əl üsulu ilə aparılır. Cərgəarasına kultivasiya çəkdikdən sonra əl ilə becərmə və seyrəltmə aparılmasının xüsusi əhəmiyyəti danılmazdır. Belə ki, yenicə inkişaf etməyə başlayan qarğıdalı bitkisinin diblərinin yumşaldılması, alaq otlarının məhv edilməsi, bitki çox düşən sahələrdə seyrəltmənin aparılması, boş qalmış ərazilərdə əlavə səpin aparılması bol məhsulun bünövrəsini qoyur. Qarğıdalı bitkisinə 2-3 dəfə su vermək və bir o qədər də kultivasiya çəkmək lazımdır. Birinci kultivasiya 8-10 sm, ikinci 6-8 sm, üçüncü isə 5-6 sm dərinlikdə aparılmalıdır.

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Qarğıdalı yağı insan orqanizmi üçün ən əhəmiyyətli qida məhsuludur. İnsanlarda atereskleroz, qandakı xolesternin azalması və bir çox xəstəliklərin müalicəsində qarğıdalı əhəmiyyətlidir. Xalq təbabətində ishal və vərəm xəstəliyinə qarşı qarğıdalı qıçasının telməyi ilə birlikdə yeyilməsi münasibdir. Qovrulmuş qarğıdalı uşaqların kökəlməsinə xeyirlidir. Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir. Qarğıdalı saçağının dəmlənib içilməsi daxili qanaxma, öd kisəsi və sidik yollarının müalicəsində tətbiq edilir. Qarğıdalı B qrupu vitaminlərilə zəngindir və bu səbəbdən sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Lakin qarğıdalı həddən artıq çox yeyilərsə köpə səbəb olur. Qarğıdalı sıyığı körpələr üçün çox xeyirlidir. Qarğıdalı iştahanı azaldır və bu səbəbdən arıqlama məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər.

Qarğıdalı heyvandarlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir, çünki o, yüksək qidalı qarışıq və şirəli yemlər mənbəyi kimi bütün növ heyvan və quşlar üçün faydalıdır: dən, silos, təzə-yaşıl yem və emal qalıqları kimi istifadə olunur. Qarğıdalının yüksək qidalılığı onun zəngin kimyəvi tərkibə malik olması ilə bağlıdır. Belə ki, onun tərkibində 14-15% su, 65-70% azotsuz ekstrativ maddə - nişasta, 9-12% zülal, 4-6% yağlar, kül və vitaminlər vardır.

Tam yetişməmiş - süd yetişmə inkişaf fazasında olan qarğıdalı qıçaları bişirilməklə və konservləşdirilməklə qidalı ərzaq kimi istifadə olunur. Qarğıdalı bitkisində külli miqdarda karbohidratlar olduğu üçün silosbasdırmada xeyli yaxşı nəticələr alınır. Yaşıl kütləsi (gövdə, yarpaq, qıçalar) tez qıcqırır və çoxlu miqdarda süd turşusu çıxır, belə silos heyvanlar tərəfindən yaxşı yeyilir və yaxşı həzm olunur. Qarğıdalı bitkisini yaşıl yem kimi istifadə edərkən, süpürgə əmələ gəlmə fazası ilə süd yetişmə fazası arasında biçərək heyvanlara verirlər.

Qarğıdalı gövdəsi texniki məqsədlər üçün də istifadə olunur, ondan kağız, tikinti materialı və həmçinin izoləedici - təcrid materialı və s. hazırlanır. Qıçaların mərkəz hissəsi kimya sənayesində istifadə edilir, ondan furfural maddəsi alınır ki, o da bitki və mineral yağların ayrılmasında, süni (saplar) parçaların - neylon və plastmasın alınmasında istifadə edilir.

Son illər dünyada və Azərbaycanda qarğıdalı məhsullarını, qarğıdalı yağının konserviləşdirilmiş dəninin, ununun gündəlik qida rasionuna surətlə daxil olması və istifadəsi bu bitkiyə fermerlərin marağını xeyli artırmışdır. Digər tərəfdən quşçuluq və heyvandarlıqla məşğul olan fermerlər qarğıdalıdan daha çox istifadə etməyə çalışırlar. Eyni zamnda Azərbaycanda müxtəlif bitkilərin müqayisəli üstünlüyünə dair aparılmış tədqiqatları göstərir ki, qarğıdalı ölkə səviyyəsində müqayisəli üstünlüyə malik olmasa da, regional səviyyədə o müqayisəli üstünlüyünü saxlayır. Xüsusilə təmin olunmuş dəmyə şəraitində (eyni zamanda suvarma əkinçiliyi şəraitində) ideal becərmə texnologiyası tətbiq olunduğu şəraitdə qarğıdalı müqayisəli üstünlüyə malikdir. Ona görə qarğıdalının müqayisəli üstünlüklə yetişdirilməsinə geniş imkanlar vardır. Qeyd olunmalıdır ki, heyvandarlıq məhsulları Azərbaycanda nəzərəçarpacaq müqayisəli üstünlüyə malikdir və qarğıdalı heyvanların bəslənilməsində mühüm yer tutur.

Günel Seyidzadə, 
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, böyük elmi işçi, a.e.f.d., dosent