1992-ci ildə Azərbaycanda hakimiyyəti zor gücünə ələ keçirən, səriştəsiz, iddiaları ilə imkanları tərs mütənasib olan AXC-Müsavat hakimiyyəti cəmi bir ildən sonra ölkə üzərində nəzarəti tamamilə itirmişdi. Ölkədə xaos, anarxiya baş alıb gedirdi. Hakimiyyətin qolları arasında rabitə qırılmışdı. Azərbaycanın müstəqilliyi və bütövlüyü təhlükə ilə üzləşmişdi. Təcavüzkar Ermənistan bu vəziyyətdən istifadə edərək Qarabağda işğalçılıq siyasətini azğınlıqla davam etdirirdi.
1993-cü ilin Gəncə hadisələri məhz AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi, ölkədə yaratdığı anarxiya, xaos, özbaşınalığın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətinin, o dövrün iqtidarına qarşı ümumxalq inamının heçə enməsinin məntiqi nəticəsi idi. 1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar həmin ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzaladı. Surət Hüseynov bu sərəncamı icra etmədi. Prezidentin 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni sərəncamı da kağız üzərində qaldı, üstəlik, Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı növbəti səhv qərar qəbul etdi və bununla da ölkədə qardaş qırğınına əsas yaratdı. İyunun 4-də Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi, nəticədə 35 nəfər həlak oldu.
“Gəncə hadisələri” Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına gətirildi, S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirdi və Bakıya doğru hərəkət etməyə başladılar. Vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas olundu. Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Güclü siyasətçi, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində müstəqilliyin ilk illərində dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən qurtarmaq mümkün oldu, qısa müddətdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu.
1993-cü ildə ölkəni xaos, anarxiya girdabından çıxararaq sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını Prezident İlham Əliyev bu gün müasir dövrün çağırışlarına uyğun olaraq müvəffəqiyyətlə davam etdirir. Prezidentimizin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. İşğalçı Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Tarixi ədalət və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdəsini çatdıran Prezident İlham Əliyev fikirlərini belə ifadə etmişdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Müzəffər Ali Baş Komandanımızın bu sözləri ata vəsiyyətinin yerinə yetirilməsi ilə yanaşı, həm də Heydər Əliyevin əsasını qoyduğu və sonrakı dövrdə davam etdirilən müdrik siyasətin, milli dövlət quruculuğu və müasir inkişaf strategiyasının təntənəsi kimi anlaşılmalıdır.
Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf, tərəqqi yolunda inamla addımlayan qüdrətli Azərbaycanın möhtəşəm nailiyyətlərini xalqımız böyük iftixarla və sevinclə qarşılayır.
Zahid Rza, “İki sahil”