26 iyun 2022 14:08
1234

Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır

Azərbaycan xalqı sorağı minilliklərdən gələn tarixi boyu olduqca mürəkkəb şəraitlərdə yaşamış, dövlətlər qurmuş, varlığını sübuta yetirmiş və inkişaf edib formalaşmışdır. Ona görə də milli maraqlarımızı qorumaq üçün ölkəmizin daim güclü siyasi hakimiyyətə, iqtisadiyyata, diplomatiyaya və orduya ehtiyacı var. Bunlar müstəqilliyimizi təmin edəcək çox vacib vasitələrdir. Bu amilləri nəzərə alan Azərbaycan Prezidenti bu mühüm istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirərək həmişə diqqət mərkəzində saxlayır. Prezidentin fəaliyyətində isə ordu quruculuğu birinci yerdədir. Bununla bağlı ölkə başçısı demişdir: “Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”. Heç kim unutmamalıdır ki, Azərbaycan artıq 30 ilə yaxındır ki, müharibə şəraitində yaşayan bir ölkədir və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifə olaraq təyin olunmalıdır. Qeyd edək ki, bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir. Müstəqillik əldə olunduğu ilk vaxtlardan etibarən daimi inkişaf yolu keçən Azərbaycan ordusu indi dünyanın ən güclü 50 ordusu siyahısına yerləşmiş və Cənubi Qafqazın ən güclü silahlı qüvvəsi statusunu almışdır. Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır, istehsal olunan hərbi sursat və silahlarımız dünya miqyasında tanınır. Ölkə başçısının Sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə artıq 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur ki, bu da Azərbaycanı idxalçı ölkədən ixracçı ölkəyə çevrilməyinə şərait yaradır.

Ordumuz silah istehsal etməklə yanaşı, dünya səviyyəsində silahlarla da təchiz olunur. Müxtəlif illərdə keçirilən hərbi paradlarda Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirmişdir. Bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər. “Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır”- deyən ölkə başçısı bu faktı bir daha təsdiq etdi.

Son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində çox böyük yol qət edilmişdir. Bəli, dövlət başçısının dediyi kimi gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidir. Bu bizim üçün əsas prioritetlərdən biridir. Məlumdur ki, biz keçmişimizi müəyyən səbəblərdən bilmirik. Xüsusilə Sovet dövründə dərsliklərin çoxu saxta idi və Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. İndi bu vəziyyət dəyişməlidir və ordudan çıxan hər bir əsgər artıq bizim tariximizlə, bizə dost və düşmən olan dövlətlərlə və şəxslərlə bağlı məlumat sahibi olmalıdır. Bu gün özünü fərqli təqdim etməyə çalışan hər bir şəxsin realda hansı işlər gördüyünü bilməli və ona uyğun mövqedə olmalıdır. Unutmayaq ki, ən böyük güc bilikdir. Azərbaycanın da ən böyük gücü sağlam ideoloji savada malik, dövlətinə və xalqına bağlı vətənpərvər gəncləridir.

Orduya bu qədər yüksək qiymət verilməsi ölkə rəhbərliyinin Qarabağ məsələsindəki prinsipial mövqeyini də təsdiqləyən bir faktordur. Son vaxtlar ölkə başçısının düşünülmüş və dəqiqliklə icra olunan siyasəti nəticəsində bütün dünyada Azərbaycan tərəfinin haqlı mövqeyi dəstəklənir. Ermənistan isə bütün arenalarda uduzmağa məcburdur. Çünki, Ermənistanın müstəqillik tarixi rüsvayçılıq tarixi və diktaturadan ibarətdir.

Sonda bir daha, Silahlı Qüvvələrinin şəxsi heyətini və vətənpərvər hər bir vətəndaşımızı 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.

Sevda Əliyeva, 
Füzuli rayon 59 nömrəli tam orta məktəbin biologiya müəllimi