Dil hər bir fərdin, ümumilikdə isə xalqın mövcudluğunu şərtləndirir, onu bəşər mədəniyyətinə qoşur, qovuşdurur. Məhz dil xalqın indiyədək fəth etdiyi və gələcəkdə də fəth edəcəyi mənəvi sərvətlərin ilki, başlanğıcı və çıxış nöqtəsidir.
Bəşər mədəniyyətinin bütün sahələri kimi dil də tarixən yaranmışdır. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişaf amillərini dil qədər dəqiq təyin edə bilsin. Xalqın tarixi onun dilinin tarixi ilə başlanır.
Feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan tayfalarının konsolidasiyası baş vermiş, nəticədə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır.
Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. VI–VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarıdır.Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. Birinci minilliyin ortalarında Azərbaycan dilinin yazısı, əlifbası olmuşdur. Şifahi ədəbi dil nümunəsi sayılsa da, 1500 ildən artıq tarixi olan “Kitabi-Dədə Qorqud”un dili həm də kamil yazı nümunəsidir.
Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zamanda, bu dil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.
Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.
Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları istədiyin şəkildə çox müxtəlif bədii boyalarla ifadə etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün də çox yararlıdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi fikirləri qeyd etmək istəyirəm:
“Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.”
Azərbaycan ədəbi dilini yaradanların və onu milli varlıq kimi sonrakı nəsillərə - bizlərə olduğu kimi çatdıranların hər birinə heç şübhəsiz, borcumuz və ehtiramımız sonsuzdur. Çünki məhz onların sayəsində Anamızın-Azərbaycan adlı cənnət vətənimizin doğma dili olan Azərbaycan dili əsrlərin keşməkeşlərindən alnı açıq, üzü ağ çıxaraq mükəmməl, şirin, axıcı, işlək və zəngin bir dilə çevrilmişdir.
1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.
Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutdu. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu.
Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.
Fikrimi ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi ibrətamiz kəlamı ilə bitirmək istəyirəm.
“İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.”
Aynur Tağıyeva,
Humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi