27 iyul 2022 18:53
917

Azərbaycan dili milli varlığımız və milli kimliyimizdir

Xalqın və millətin yaranmasını və formalaşmasını şərtləndirən əsas faktorlardan biri milli dildir. Dil hər hansı xalqı var edən, mövcud edən başlıca amildir. Eyni zamanda dil bir millətin milli kimliyini, milli mənəviyyatını və xüsusiyyətlərini özündə ehtiva edir. Uzun əsrlər ərzində bir millətin milli varlığının ən çətin dövrlərdə belə qorunub saxlanılmasında dilin əvəzsiz rolu olmuşdur. Nəzərə alsaq ki, Azərbaycan xalqının tarixi çox keşməkeşli və mübarizələrlə dolu olmuşdur, onda bir daha görürük ki, milli dilimiz milli varlığımıza hər zaman möhkəm bir bünövrə olmuşdur. Öz dilindən məhrum olan xalqın assimilyasiyası labüddür.  Azərbaycan dili Azərbaycan xalqının ən böyük milli sərvətidir. Bu tezisi milli-mənəvi dəyərlərə sahib olan hər bir vətəndaş bir an olsun belə unutmamalıdır.

Azərbaycan dövlətçiliyi tarixində əvəzsiz rola və müstəsna xidmətlərə malik Ulu Öndər Heydər Əliyev milli dilimizə hər zaman ən yüksək səviyyədə dəyər vermiş, dilimizin qorunub saxlanılması və daha da zənginləşdirilməsi ilə bağlı olaraq öz diqqət və qayğısını əsirgəməmişdir. Hələ Azərbaycana birinci rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyev bir sıra ziyalıların Azərbaycan dilində çıxış etməyə çəkindiyi bir vaxtda özünün bir çox çıxışlarını doğma dilində etmişdı. Bu Ulu Öndərin öz millətinə və onun dilinə nə qədər bağlı bir siyasi lider olmasının göstəricisi idi. Məhs Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dövlət dili statusu aldı. O, dövr üçün Azərbaycan SSR yerli dilin rəsmi statusa malik olduğu azsaylı respublikalardan biri idi. Buna da Ulu Öndər Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində nail olunmuşdu.

Ulu Öndər müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də milli dilimizin inkişafı ilə bağlı problemləri hər zaman diqqətdə saxlamışdı. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olunmuşdu. Bu sənəddə göstərilirdi ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Həmin dövrdən ötən müddət ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib.

Xarici ölkələrdə yaşayan və işləyən diaspora nümayəndələri ilə görüşlərdə Ümummilli Liderimiz Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, hansı xarici ölkədə, dünyanın hər hansı bir yerində yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı öz ana dilini, öz milli-mənəvi dəyərlərini heç zaman unutmamalıdır.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dil siyasətini müasir dövrümüzdə də uğurla davam etdirir. Cənab Prezident İlham Əliyev 12 yanvar 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı Haqqında” Sərəncamlar imzalamışdır. Məhs bu sərəncamlar əlifba ilə bağlı problemləri kökündən və birdəfəlik həll etmiş oldu. Minilliklər boyu formalaşan, təkmilləşən və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur, məgrurluq mənbəyimizdir. Milli dilimiz 44 günlək Vətən müharibəmizdə düşmən üzərində qazandığımız parlaq qələbəyə şahidlik etdi. Biz tam əminik ki, Müzəffər Ali Baş Komandanın və qalib xalqımızın danışdığı milli dilimiz danyada öz layiqli, öz əvəzolunmaz yerini tutur və gələcəkdə də tutacaqdır.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini