Torpaqları qanunsuz zəbt edənlər haqqında ciddi tədbirlərin görüləcəyini bildirən Prezident İlham Əliyev vurğulayır ki, əgər bu və ya digər məmur çirkaba bulaşarsa, cəza çox sərt olacaq
Dədə Qorqudun «Torpağı əkib becərmədinsə qorumağına dəyməz, qorumadınsa əkib becərməyinə dəyməz», atalardan qalma hikmətlərdən olan «Torpaq deyər öldür məni , dirildim səni» kimi müdrik kəlamların sayını çox artırmaq olar. Çünki yeganə Tanrı vergisidir ki, torpaq sonradan yaranmır, istehsal olunmur. Elə buna görə insanı dünyaya gətirən ana ilə eyni səviyyədə əziz tutulan, həyat qaynağı sayılan hava, su, od, torpaq dördlüyü arasında önəmi ilə seçilən torpaq həmişə müqəddəs hesab edilib və bu bağlılıq dəyişilməzdir. Buna görə də qəribçilik həsrətini bir ovuc torpağı öpməklə, qoxulamaqla söndürənlər, başqa ölkələrə səfərləri zamanı bir ovuc müqəddəs Vətən torpağını qiymətli sərvət kimi aparanlar milli-mənəvi dəyərlərimizə bağlı insanlardır. Tarxdə baş verən müharibələrin əksəriyyəti ərazi, əlavə torpaq mənimsəmə iştahaları ilə bağlıdır. Bu ədalətsizliyin ağrı-acısını 30 il çəkən Azərbaycan xalqının Ermənistanın zəbt etdiyi ərazilərimizin işğaldan azad edilməsini toy-bayram kimi qeyd etməsi torpağa bağlılığın, Vətən uğrunda şəhid olmaq müqəddəsliyinin ifadəsidir.
Torpaq həm də kəndlinin çörək ağacı, yaşam qaynağıdır. Son illərdə ölkəmizdə aparılan torpaq islahatları aqrar sahəni inkişaf etdirməklə, tətbiq olunan güzəştlərin həyata keçirilməsi ilə fermer təsərrüfatlarının sayı da artır. Respublikamızın daxili bazarı yerli, daha keyfiyyətli məhsullarla təmin olunur. Kəndlərin yenilənən infrastrukturu, müasirləşən siması, fermer təsərrüfatlarında aqrotexniki vasitələrdən səmərəli istifadə, suvarma sistemlərinin təkmilləşdirilməsi, Ailə Biznesinə Asan Dəstək kimi layihələrin tətbiqi ilə kənd sakinlərinin ailə büdcələri formalaşır. Aqrar sahədə çalışan fermerlərə güzəştli şərtlərlə subsidiyaların, gübrələrin verilməsi, aqrotexniki vasitələrlə təmin olunmaları, yerli icra orqanları tərəfindən iş adamlarına edilən əsassız təkliflərin qarşısının alınması, kəndlinin torpaq vergisindən azad edilməsi kimi digər imtiyazlar bölgələrdə yaşayan sakinlərin həyat tərzinin yaxşılaşdırılmasına göstərilən dövlət qayğısıdır. Çox təəssüf ki, hələ də neqativ əməlləri, özlərini başqalarından üstün tutma hallarının mövcudluğu, dövlət tərəfindən kəndliyə göstərilən qayğıya kölgə salma halları mövcuddur.
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əvəzsiz rolu olan, Azərbaycanın ixrac imkanlarını genişləndirən aqrar sahənin inkişafı ilə bağlı tövsiyələrini bildirən dövlət başçımız dünya bazarlarında «Azərbaycan brendi» ilə tanınan məhsullarımızı kəndli əməyinin bəhrəsi adlandırır. Dünya iqtisadiyyatının bir parçası olan ölkəmizi də gözlənilən tənəzzüldən, ərzaq qıtlığından xilas edəcək biznes mühitinin daha da yaxşılaşdırılmasından, emal sənayesinin inkişafından bəhs edir. Hazırda beynəlxalq problem kimi müzakirə olunan taxıl və dənli bitkilərlə təminat Azərbaycan üçün də aktualdır. Sadalanan nailiyyətlərin davamının, əhalinin ərzaqla təchizatının yerinə yetirilməsinin bir yolu var: Torpağı əsl sahibinə tapşırmaqla qorumaq, ondan səmərəli istifadə etmək.
Bu günlərdə Masallı, Lerik, Göygöl rayonlarına yeni təyin olunan icra başçılarını qəbul edərkən tövsiyələrini bildirən Prezident İlham Əliyevin ən başlıca tapşırığı yerli sakinlərlə görüşlərində səmimi olmaq, onların problemlərini fərdi qaydada öyrənmək, aqrar sahənin inkişafı üçün fermerlərə lazımi dəstək göstərmək idi. Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanların olduğunu vurğulayan dövlət başçımız bildirdi ki, aqrotexniki tədbirlərin tətbiqi ilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə, coğrafi yerləşmə xüsusiyyətlərinə, ən başlıcası isə yerli əhalinin illərdən bəri yaşatdığı ənənələrə uyğun inkişaf etdirilməlidir.
Dövlət başçımız kənd sakinlərini narahat edən bəzi yerlərdə əkinə yararlı torpaqların məmurlar tərəfindən əsassız zəbt olunmasını cinayət adlandırdı: «Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır.»
Təəssüf ki, belə hallar çoxdur və bu vəziyyətə qarşı ciddi mübarizə aparılır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç kim qanundan yüksəkdə dura bilməz və əlavə imtiyaza malik deyildir. Buna görə də idarəetmədə, kadrların təyinatında neqativ hallara yol verən dövlət məmurları, yerli icra orqanlarının başçıları hakimiyyətdən uzaqlaşdırılır, cinayət məsuliyyətinə cəlb olunurlar. Unutmaq olmaz ki, ərazi baxımından o qədər də böyük olmayan Azərbaycanın torpaq fonduna daxil olan hər qarış qiymətlidir.
Bu cür yolla fərqlənməyə çalışan məmurlar bilməlidirlər ki, özünün, ailəsinin istirahəti üçün mənimsədikləri ərazilərdə tikilən villaların yerləşdiyi hektarlarla ölçülən sahələr kəndli ailəsinin aylıq, illik ərzaq tədarükünü təmin edəcək torpaqdır. «Kənd yerlərindəki torpaqlardan məhsul yetişdirən, fermerlər, kəndlilər istifadə etməlidirlər» sözləri ilə bu kimi halların qarşısının alıncağını bildirən dövlət başçımızın vurğuladığı kimi, əkinə yararlı torpaqların məmurlar tərəfindən qeyri-qanuni zəbt edilməsi, hektarlarla sahənin hasara alınaraq məmurun ailəsi üçün istirahət güşəsinə çevrilməsi torpağı təri ilə cana gətirən kəndlinin əməyinin, torpağa sahiblik haqqının istismarıdır.
Kəndlərdə yaşayan əhalini ən çox narahat edən məsələlərdən biri də həmin ərazilərdəki su mənbələrinin imkanlı şəxslər tərəfindən özəlləşdirilməsidir. Su mənbələrinin də eyni qaydada qanunsuz olaraq mənimsənilməsi, nohurlara, villaların həyətlərində hovuzlara yönəldilməsi kəndlinin bir illik zəhmətinin puç olması, quruyan tarlası, ağacı, kolu… boş qalanbüdcəsidir. Bu cür haqsızlıq isə Tanrıya da xoş gedən əməl deyildir.
«Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır» söyləyən Prezident İlham Əliyev cəmiyyət tərəfindən qınanan bu kimi halların Bakı şəhərində, Abşeron yarımadasında da mövcud olduğunu, Buzovna qayalarının bəzi insanlar tərəfindən zəbt edildiyini cinayət adlandırır. Prezident tapşırığından sonra aparılan araşdırmalar nəticəsində həmin ərazidə çox böyük pozuntular aşkarlandı. Bəlli oldu ki, təbiətimizə qarşı cinayət , fauna və floranın pozulmasına səbəb qanunsuz əməllərin müəllifləri də dövlət məmurları və bəzi dırnaqarası sahibkarlardırlar.
Halbuki, bu qayalar Bakının rəmzi, əsrlər boyu Xəzərin gözəlliyini tamamlayan təbiətin rəsm əsəridir. Qayalara yaxınlaşıb ətrafı seyr edənlər indi bu zövqdən məhrum olublar. Bu əraziləri zəbt edib özləri üçün villa tikdirənlər istedadlı şair Məmməd Araz demişkən özlərini qayalarda bitən çiçək hesab etsələr də heç alaq otu da deyillər. Əsrlər boyu Xəzərin gözəlliyini tamamlayan, Bakının rəmzi sayılan bu qayalar əvvəlki gözəllikləri ilə bir neçə filmdə əbədi yaşasa da , müasir görkəmi ürək ağrıdır. Əsrlərdən bəri vüqarını qoruyan, küləyə, dənizin sərt dalğalarına sinə gərən qayalar onu əzəli görkəmindən uzaqlaşdıranların , özününküləşdirənlərin qarşısında aciz qalırlar. Daşında, torpağında əsrlərin izlərini yaşadan bu qayaları zövqlərinə uyğun dizayna məruz qoyanlar yüzlərlə insanın istəyini boğur.
Mənə dəniz verin…
Hamının çox sevdiyi mahnıda səslənən bu sözləri eşidəndə istər-istəməz ruhunda Xəzər dalğası, sevdası oyanır. Amma bu gün dənizin sahillərində yaranan vəziyyəti təsəvvürünə gətirdikdən sonra deyir ki, mənə əvvəlki, mavi gözləri ilə hamıya eyni gözlə baxan Xəzəri verin. Bu gün müxtəlif sahibkarlar tərəfindən ram edilən dənizi deyil. Yuxarıda sadalanan mənzərə çimərliklərdə də mövcuddur. Azərbaycanın dilbər güşələrini mənimsəyərək özləri üçün cənnət yaradanlar, bütünlükdə Azərbaycan xalqına məxsus torpaqları mənimsəyənlər Xəzərə də sahib çıxırlar. Belə ki, isti yay günlərində ölkə vətəndaşlarının ümumi sərvəti olan Xəzərin sahillərində dincəlmək, qumlarda gəzmək istəyənlər kimlərinsə qoyduğu müəyyən qadağalara tabe olmalıdırlar. Çünki torpaqlar kimi sahil əraziləri, çimərlikləri kimlər tərəfindənsə bölünən Xəzərin artıq əvvəlki kimi hamıya qoynunu açmaq imkanı yoxdur. Belə ədalətsizliyə qarşı etirazını bəzən coşub- daşması, dalğalarının dili ilə bildirməyə çalışsa da sonda dənizi də özünəməxsus qanunları ilə cilovlayan, susmağa məcbur edənlərin qarşısında acazliyini susqunluğu ilə bildirir.
Bu kimi hallara qarşı mübarizə aparan ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana görə Xəzərin sahilindən 130 metr kənarda tikinti aparılmasına icazə verilmirdi. Biri-birini tamamlayan tikililər artıq bu məsafəni 30 metrə qədər qısaldıb. Bəzi hallarda işğal olunan dənizin suları villaların həyət divarlarına qədər çatıb. Son illərdə xeyirxah təşəbbüs kimi İDEA-nın rəhbəri , Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsu ilə ictimai çimərliklərin salınmasına başlanılsa da hələ də dənizin özəlləşdirilməsi prosesi qalmaqdadır. Halbuki Xəzərin suyundan, dərdlərin dərmanı olan qumundan, təbii sərvətlərindən hər bir Azərbaycan vətəndaşının ekoloji tarazlığı pozmamaq, sanitariya qaydalarına əməl etmək şərtilə istifadə etmək hüququ vardır.
«Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq» söyləyən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.
Yerli televiziya kanallarına müsahibəsində kadr islahatları ilə bağlı fikirlərini açıqlayarkən ictimai nəzarətin vacibliyinə xüsusi diqqət yetirilməsinin, məmur-vətəndaş təmaslarının qarşılıqlı hörmət, səmimiyyət əsasında qurulmasının vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyevin ictimai rəyi ifadə edən «Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”» sözlərindən hər kəs nəticə çıxarmalıdır.
Xuraman İsmayılqızı, "İki sahil"