05 avqust 2022 02:34
872

Dezinformasiya təhlükəli bir silahdır

Müasir dövrü özündən əvvəlkilərdən fərqləndirən əsas dəyişikliklərdən biri də sosial media, yəni artıq yerinə yetirdiyi vəzifəyə uyğun desək, sosial mətbuatdır. “Facebook”, “Twitter”, “İnstagram”, “TikTok” kimi sosial şəbəkələrin sayəsində yaranmış bu yeni platforma insanların ətrafda baş verənlərdən xəbərtutma vərdişlərində böyük dəyişiklər edib. Artıq insanların böyük əksəriyyəti informasiya ehtiyaclarını ictimai rəyə güclü təsir imkanları olan sosial şəbəkələr vasitəsi ilə ödəyir.

Bu tip informasiyalardan biri və ən vacibi də ordu ilə bağlı olan məxfi informasiyalardır. Hansı ki, insanlarda ən çox maraq doğuran məlumatlardan biri də elə bu tip informasiyalardır.

Bundan istifadə etməyə çalışan bəzi saytlar və sosial media istifadəçiləri sırf “like” topalamaq və izləyici sayını artıqmaq üçün Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirərək, vətəndaşlar arasında əsassız narahatlıq yaradır, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salaraq həqiqətə uyğun olmayan informasiyalar yayırlar. Onlar anlamırlar ki, dezinformasiya çox təhlükəli bir silahdır. Biz bunun fəsadlarını istər Aprel döyüşlərində, istər Tovuz hadisələrində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı gördük. Aprel döyüşləri zamanı Müdafiə Nazirliyinin, cəbhə boyu yerləşən rayonların icra hakimiyyətlərindən məsələnin nə yerdə olduğunu, nə baş verdiyini öyrənməyə başının qarışdığı vaxtda artıq sosial şəbəkələrdə müharibənin başlaması, çoxlu itki verdiyimiz barədə məlumatlar yayılmağa başladı. Sonra məlum oldu ki, "sosial şəbəkə təhqiqatçıları" bu informasiyaları erməni mətbuatından götürüb. Erməni mətbuatı da, bizim sosial şəbəkə istifadəçilərimiz də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulduğunu yazırdı. Əlbəttə, bu xəbərlər bir neçə saat ərzində rəsmi şəkildə təkzib olunmuşdu, lakin bu cəmiyyət arasında ajetaja səbəb oldu. Bənzər hallar Tovuz hadisələri zamanı da baş verdi. Elə buna görə də iki il bundan öncə Vətən müharibəsinin başladığı ilk gün, yəni sentyabrın 27-dən internetə məhdudiyyət qoyulmuşdu. Bunun vasitəsilə müharibənin gedişatına maneə törətməməsi üçün informasiya təhülkəsizliyi təmin olundu.

Hər nə qədər müharibə bitmiş olsa da, biz müharibəni Zəfərlə başa vurmuş olsaq da bugünkü gündə, hələ də qarşıya qoyulan əsas tələb  arasında informasiya mübadiləsinin, milli resursların məxfiliyinin qorunub saxlanılmasıdır. Bu mənada dövlət tərəfindən informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Artıq ölkəmizdə dövlət və qeyri-dövlət sektorlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün hüquqi-normativ aktlar hazırlanıb və müəyyən addımlar atılıb. Belə ki, həm kiber hücumların qarşısının alınması ilə bağlı Cinayət Məcəlləsinin maddələri təkmilləşdirilib, həm də dövlət sirlərinin qorunması ilə bağlı qanunlara dəyişikliklər edilib.

Dövlətin əsas vacib güc strukturlarından biri olan Müdafiə Nazirliyində informasiya təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirilir. Belə ki, ötən gün Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılması ilə bağlı əhaliyə müraciət etdi. Müraciətdə vətəndaşları bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağıraraq yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində, həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etmələri tövsiyə edilib.

Görülən tədbirlərdən biri də Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşımlar edən hərbiçilərin ordu sıralarından çıxarılması olub. Onlar xidməti uyğunsuzluqlarına görə ordu sıralarından çıxarılıblar. Bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.

Buna görə də istifadəçilərinin sayı yüz minlərlə ölçülən sosial platformanın sahiblərini və əməkdaşlarını ilk növbədə dövlətçilik maraqlarımızın qorunması, milli-mənəvi dəyərlərə hörmət və onlara sadiqlik, əxlaqi-etik normaların gözlənilməsi daha çox düşündürməlidir. Sosial şəbəkə adlandırılan internet resurslarının ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz etdiyi və mühüm təsirlərə malik olduğu üçün internet resurslarından istifadə zamanı diqqətli olmaq lazımdır. Unutmaq olmaz ki, sosial şəbəkələr ictimai rəyi formalaşdırmaqla siyasi, iqtisadi, mənəvi-əxlaqi, mədəni-etik normalar da daxil olmaqla milli dəyərlərimizin qorunmasına, ictimai rəyin tənzimlənməsinə təsir göstərir. Bu baxımdan internet müstəqilliyi digər azadlıqları məhdudlaşdırmamalı, onlayn platformada balansın qorunması üçün hüquqi tənzimlənmələrə, normativ aktlara əməl olunmalıdır.

Röya Rasimqızı, “İki sahil”