06 avqust 2022 01:10
652

Dünya gənclərinin ortaq əməkdaşlıq platforması

Humanitar  çağırışların müəllifi kimi tanınan  ölkəmizdə irəli sürülən  beynəlxalq təşəbbüslərin davamı olaraq  yaradılan  Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi gələcəyimizə etibarlı təminatdır  

  Dünya  ictimaiyyətinin diqqətinin Azərbaycana yönəldiyi  son illərdə  «Niyə Azərbaycan?» sualına maraqlı qüvvələrin yanaşma tərzləri  fərqli olsa da ,  cavab dəyişilməzdir: Düşünülmüş daxili və xarici siyasəti nəticəsində beynəlxalq əlaqələri möhkəmlənən, dünya siyasətinə təsir imkanları artan,  prinsipial mövqeyinə sadiq qalaraq etibarlı tərəfdaş kimi tanınan,   diplomatiyası   dəstəklənən, Qərb ilə Şərq arasında  sivilizasiyalararası dialoq məkanı kimi seçilən Azərbaycan  nadir, dayanıqlı inkişaf yolu ilə dünyaya inteqrasiya edən məkandır. Avropa ilə Asiya arasında  körpü olan, sivilizasiyaların birləşdiyi məkanda yerləşən,  mötəbər tədbirlərə ev sahibliyi edən, tolerantlıq, dinlərarası, millətlərarası münasibətlərlə bağlı təcrübəsi təbliğ olunan, milli-mənəvi sərvətlərini bəşəri dəyərlərlə zənginləşdirən Azərbaycan dünya ictimaiyyətinə ünvanlanan çağırışların səsləndirildiyi tolerant ölkədir.

  «Niyə»nin səbəbini «qara piar» fonunda axtaranlar, həqiqətləri  şəxsi  maraqları baxımından yozanlar  yalnız ermənipərəst dairələrə xidmət göstərənlərin təbliğat maşını olan «Human Rights Watch» , Amnestiy İnternational, Freedom House, «The Guardian» , BBC kimi qərəzli qüvvələrə xidmət edənlər belə artıq  İkinci Qarabağ müharibəsində   Ermənistan üzərində Qələbə çalan Azərbaycanın  Zəfərini etiraf edirlər. Ötən illərdən bəri qazanılan  uğurların  xronikasına  qısa nəzər salmaqla Azərbaycanın qüdrətli dövlətə çevilməsi, sivlizasiyalararası mərkəz kimi tanınmasının formulu aydın olur:  Prezident İlham Əliyevin göstərdiyi qətiyyət, siyasi iradə, Vətənimizin qüdrətlənməsi naminə çəkilən zəhmət.  Uğura aparan  yolda  dövlət başçımızın siyasətini potensial gücü, birliyi ilə dəstəkləyən Azərbaycan gəncliyinin də  xidmətləri böyükdür. Faktlara və tarixi hadisələrə nəzər salaq.    

2012-ci ildə  «Eurovision» mahnı müsabiqəsinə  ev sahibliyi edən Azərbaycanın gəncliyi üçün özünütəsdiq imkanları yarandı. İstedadları, müsiqi duyumları, mədəniyyətləri,  dünyada baş verən siyasi, iqtisadi yeniliklərə baxış tərzləri ilə diqqəti cəlb edən  oğlan və qızlarımız bacarıq və multikultural dəyərləri ilə də qonaqlarda xoş təəssürat yaratdılar. 2015-ci ildə dünyada  ilk təcrübə olan  Birinci Avropa Oyunlarının Bakıda  keçirilməsi  ilə dünyada idman ölkəsi kimi tanınan Azərbaycan gəncləri olimpiya hərəkatında  qazandıqları uğurlarının sayını artırdılar.   I Avropa Oyunlarında iştirak edən dövlətlərin bayraqlarını bir araya gətirən Azərbaycan sonrakı illərdə yenidən  dünyanın  diqqət mərkəzinə çevrildi. Xəzərin qoynunda yerləşən Odlar diyarımız  2016-cı ildə təşkil olunan  şahmat olimpiadasına, 2017-ci  ildə keçirilən  IV İslam Həmrəyliyi Oyunlarına,  futbol üzrə «Avropa-2020»nin final mərhələsinin 4 matçına ev sahibliyi etdi.
 «İki il ərzində  həm Avropa, həm  İslam Oyunlarının keçirilməsi nadir bir göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq» söyləyən Prezident İlham Əliyev  qazanılan uğurlarda aparıcı qüvvə kimi  Azərbaycan gəncliyinin  rolunu, fəallığını, yeniyetmələrdən ibarət formalaşan «könüllülər hərəkatı»nı yüksək qiymətləndirdi. I Avropa Oyunlarının  açılışı münasibətilə iştirakçıların şərəfinə təşkil olunan mərasimi  yarışlara göstərilən ictimai marağ adlandıran, gənclərin fəallığını qiymətləndirən  Prezident İlham Əliyev kütləviliyi gəncliyin  tükənməyən gücü kimi  dəyərləndirdi: «Azərbaycan xalqı  birinci Avropa  Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır... Oyunların məşəlinin bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün 2 milyona yaxın insan küçələrə, meydanlara çıxıb ki,  məşəli salamlasın və  Oyunlara öz güclü ictimai dəstəyini versin.» 

 Paytaxtımızda  «Bakı 2019»” XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsində də Azərbaycan gəncləri nəyə  qadir olduqlarını göstərdilər.  14-18 yaşlı  idmançılar üçün ilk çoxprofilli tədbir olan «Zirvələrə hazırıq”» devizi altında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında  122 idmançı ilə iştirak edən  Azərbaycan gəncləri Avropanın 48 ölkəsindən təqribən üç mindən çox gənc idmançının qatıldığı Festivalda  ən yüksək səviyyədə  təmsil olundular.
 Cari ilin iyun ayında  ölkəmizdə keçirilən Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin  Bakı konfransı da quruma daxil olan 120 ölkənin gəncləri üçün yaddaqalan oldu. Həmin konfransda
 Parlament Şəbəkəsinin   Hərəkata daxil olan ölkələr arasında həmrəyliyin,  dünyanın müxtəlif parlament təşkilatları ilə sıx münasibətlərin  təminatına töhfəsi kimi dəyərləndirən  Prezident İlham Əliyev   faydalı təşəbbüslərin mahiyyətini də açıqladı:  İnstitusional inkişaf istiqamətində daha mühüm  addımlar atmaq, yaranan fürsətlərdən və zamandan vaxtında istifadə etmək,
beynəlxalq arenada hərəkata üzv dövlətlərin  maraqlarını qorumaq, dövlətlər arasında həmrəyliyin gücləndirilməsinə dəstək göstərmək .

Azərbaycanın  Qoşulmama Hərəkatına sədrliyinin qurumda təmsil olunan 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması  Prezident İlham Əliyevin  irəli sürdüyü humanitar təşəbbüslərin davamlı olacağına da əminlik yaradır. Prezident İlham Əliyevin   təşəbbüsü əsasında  BMT Baş Assambleyasının COVID-19 ilə əlaqədar xüsusi sessiyasının çağırılması, humanitar təkliflərin  üzv dövlətlər tərəfindən dəstəklənməsi,  Azərbaycanın   80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə ayırması, peyvənd millətçiliyinə qarşı etirazı, vaksinlərin ədalət prinsiplərinə  uyğun bölünməsi çağırışı  ölkəmizin humanitar siyasətindən qaynaqlanan multikultural dəyərlərə sadiqlik nümunəsi  olmaqla Qoşulmama Hərəkatının möhkəmlənən mövqeyinin də ifadəsi idi.  Bu cür humanitar təşəbbüslərdə də Azərbaycan gəncliyi nümunə göstərdi.

 Parlament diplomatiyasında gənclərin fəallığını günümüzün aktual mövzusu kimi dəyərləndirən Prezident  İlham Əliyevin təşəbbüsü ilə    Qoşulmama  Hərəkatında Gənclər Şəbəkəsinin yaradılması  ilə bağlı təşəbbüsünün reallaşması ölkəmizin QH-yə sədrliyi dövründə daim diqqətdə saxlanılan gənclərlə iş sahəsinə diqqətin davamlı proses olduğunu göstərir. Belə ki Qoşulmama Hərəkatına  Azərbaycanın sədrliyi çərçivəsində  və təşkilatçılığı ilə  16-18 aprel 2020-ci il tarixlərində milli,  1-5 mart 2021-ci il tarixlərində isə  beynəlxalq səviyyələrdə Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilmişdir. Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4 qitədən  quruma  üzv olan 39   dövləti təmsil edən 60 gəncin iştirakı Hərəkatın fəaliyyət cografiyasının  genişləndiyini göstərir.

 Bakı  konfransındakı çıxışında « Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır» sözləri ilə gənclərin ölkəmizə səfərinin beynəlxalq əhəmiyyətini  diqqətə çatdıran Prezident İlham Əliyevin  təşkilatın fəaliyyəti ilə bağlı  ən mühüm təşəbbüsləri sırasında  qurumun Parlament Şəbəkəsinin və Gənclər Şəbəkəsinin formalaşdırılması  xüsusi yer tutur. Qoşulmama Hərəkatının yaradılmasının 60-cı ildönümünə təsadüf edən Gənclər Şəbəkəsinin yaradılmasının   humanitar təşəbbüslərin müəllifi kimi tanınan Azərbaycanın quruma sədrliyi dövründə  reallaşması ölkəmizin beynəlxalq aləmdə qazandığı etimada  göstərilən dəstəkdir.  Gənclər Şəbəkəsinin  formalaşmasının dünyanın demoqrafik  statistikasına görə gənclərin sayının artdığı bir məqama təsadüf etməsi müxtəlif ölkələrdə yaşayan gənclərin eyni məqsəd, amal naminə birliyinin təminatı baxımından böyük əhəmiyyətə malikdir. Çünki qlobal hadisələrin yaratdığı problemlər daha çox gənclərin həyatına təsir edir. İqtisadi böhranın, pandemiyanın yaratdığı müasir  dövrümüzdə   dünya gənclərinin  sosial müdafiəsinin lazımi formada təşkilindən,  keyfiyyətli təhsillə,  tibbi xidmətlə,  yüksək həyat tərzi ilə əhatə olunmalarından danışmaq hələ tezdir. İrqi ayrı-seçkilik hallarının artdığı , miqrantlara göstərilən ədalətsiz münasibətlərə, haqsızlıqlara beynəlxalq ictimaiyyətin səssiz qaldığı, yüz minlərlə gəncin məşğulluq səviyyəsinin sıfır həddində olduğu müasir dövrümüzdə  sağlam düşüncəli gənclərin bir  təşkilatda  birləşmələri aktual problemlərin həlli üçün atılan ciddi addımdır. Daim insana dəyər verən,  humanitar təşəbbüsləri ilə diqqət çəkən Prezident İlham Əliyevin   QH daxilində Gənclər Şəbəkəsinin yaradılması təşəbbüsü  dünyamızın gələcəyi naminə dəstəklənən humanitar addım, xeyirxahlıqdır. BMT-nin «2030-cü ilədək Dayanıqlı İnkişaf gündəliyi»ndə də gənclərin inkişafı, qlobal hadisələrdə iştirakı əsas məqsəd kimi göstərilir. Beynəlxalq forumlarda yeni nəslin problemlərinin həlli yollarının araşdırılması baxımından  Gənclər Şəbəkəsinin  təsis olunması, təşkilat kimi fəaliyyət göstərməsi günümüzün  tələbidir.   Yeni nəslin elmə, yeni  texnologiyalara yiyələnməsini, fiziki  sağlamlıqlarının qorunmasını, yüksək  keyfiyyətli təhsillə əhatə olunmasını planetimizin qorunması baxımından başlıca amil hesab edən Prezident İlham Əliyev güvəndiyi  və böyük inam bəslədiyi  Azərbaycan gəncliyinin humanitar  təşəbbüslərdə iştirakını vacib hesab edir,  onların avanqard qüvvə kimi fəallıq göstərəcəklərini  bildirir. Bütün cəmiyyətlərin aparıcı qüvvəsini təşkil edən gəncliyin potensialından səmərəli istifadəyə xüsusi diqqətlə yanaşır.  Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin qlobal miqyasda tanınması, fəaliyyət istiqamətlərinin genişlənməsi üçün hazırlanan konsepsiyada qeyd olunan perspektivlər dünya siyasətinə töhfə verəcək səviyyədə möhtəşəmdir. Sammitin son tədbirinin  mədəniyyət paytaxtımız Şuşada keçirilməsi  iştirakçıların Azərbaycan reallıqları ilə tanışlığına imkan yaratmaqla, xalqın birlik və həmrəyliyinin  yaratdığı xarüqələrin təbliği baxımından da böyük  əhəmiyyətə malikdir.

Xuraman İsmayılqızı, "İki sahil"