06 avqust 2022 01:29
646

Milli birlik və həmrəylik nümunəsi

Qarşımızdakının dininə və irqinə fərq qoymadan fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə ziddiyyət təşkil etməsinə baxmayaraq, dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır.

Tolerantlıq bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığıdır. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi birliyə aparan əsas gücdür. Tolerantlıq sənin kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır. Bizim üçün qəbuledilməz olan, başqası üçün dəyər ola bilər. Bizim üçün dəyər olan başqası üçün cəhalət sayıla bilər. Tolerantlıq bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləyə bilmək bacarığıdır. Dözümsüzlük göstərmədən qarşımızdakını olduğu kimi qəbul etmək prinsipidir. Tolerantlıq din və vicdan azadlığıdır.

Dünyanı bürüyən sosial gərginliklər və dini qarşıdurmalar da dövrün aktual anlayışı olan tolerantlıq mövzusunu gündəmə gətirir. Lakin dünyada gedən proseslərdən fərqli olaraq Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında mühüm rol oynadığından, bu mövzu indi də dövlətin siyasi xəttinin prioritetlərindən hesab olunur. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, xalqımızın duyğularından, düşüncə tərzindən, həmçinin müstəqil Azərbaycan dövlətinin siyasətindən irəli gələn bir məsələdir. Müasir ölkəmizdə tolerantlıq daha da möhkəmlənən, təkcə bütünlükdə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir.

Dövlətimiz tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətdir. Bu baxımdan, Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edir və qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Biz bu birliyin və həmrəyliyin ən gözəl nümunəsini 2 il bundan öncə başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı da gördük. Uzun illər ərzində Azərbaycançılıq ideologiyasının təşviq edilməsinin faktiki nəticəsi bu müharibədə özünü göstərdi. Millətindən asılı olmayaraq hər kəs silaha sarılaraq vətəninin müdafiəsinə qalxdı və Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər oldu. Bu, çox önəmli bir hadisə idi. Beləliklə Azərbaycan öz güc və qüdrətini həm də tolerantlıq və multikulturalizm siyasətinin təşviq olunmasına yönəldərək çoxşaxəli inkişaf yolunu tutdu. Ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlarda, BMT-nin Sivilizasiyalar Alyansının Sammitlərində və digər mötəbər tədbirlərdə iştirak edən qonaqlar Azərbaycanda multikultural dəyərlərin çox yüksək səviyyədə olduğunu bildirirlər. Dövlətin və cəmiyyətin bu sahəyə verdiyi töhfələr sayəsində tolerantlıq ənənələri daha da inkişaf etdirilir.

İşğaldan azad olunan Şuşa şəhərində keçirilən və şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalı da bu mənada diqqətləri öz üzərinə çəkdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məşhur Cıdır düzündə keçirilən festival Azərbaycanın nə qədər tolerant bir ölkə olduğunu, müxtəlif xalqların burada yüz illərlə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını nümayiş etdirdi.

Festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın milliyyətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirdi: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk.”

Tarixən formalaşan milli və dini tolerantlıq konsepsiyası müasir və çağdaş trendlərlə birləşdirilərək ölkəmizin inkişafı üçün daha da geniş vüsət alacaq və Azərbaycandakı bu siyasətin örnək olması dünyanın müxtəlif auditoriyalarda təsbit ediləcək.

Röya Rasimqızı, “İki sahil”