Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Birinci Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirib.
“İki sahil” xəbər verir ki, qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirib, ölkəmizdə, rayonda və Birinci Qaradəmirçi kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verib: “Son illər Birinci Qaradəmirçi kəndi qazlaşdırılıb, 1,8 km kənddaxili yolları qum-çınqılla əsaslı təmir edilib, kəndin ərazisindən keçən Bərdə-Alpout yolu cari təmir edilib, piyada yolu təmir edilib, yolun kənarında müxtəlif növ ağaclar əkilib, yol boyu bütün sahibkarlıq obyektləri müasir memarlıq üslubunda yenidən qurulmuş, kəndə sərnişin marşurutu açılıb, 2 çörəkbişirmə sexi tikilib, suvarma üçün 4 ədəd subartezian quyusu qazılıb, 2 ədəd subartezian quyusu bərpa edilib.
2021-ci ildə 197 hektar sahədə pambıq əkilib, hər hektardan 38,7 sentner olmaqla 762,4 ton pambıq istehsal edilib.
2022-ci ildə 137 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanıb, hazırda 3-cü kompleks becərmə aparılır, 1 nəfər kümçü 4 qutu ipək qurdu bəsləyib, 0,132 ton barama təhvil verilib”.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Birinci Qaradəmirçi kənd sakinləri Nizami Hüseynov məktəbə içməli su çəkilməsi, həkim məntəqəsinin təmir edilməsi, kəndin baş yoluna məişət tullantıları üçün zibil konteynerlərinin qoyulması, Yasəmən İsmayılova evində internetin zəif olması, Vaqif Fətullayev işlə təmin edilməsi, Rəfayıl Səmədov kənd sakinlərinin içməli su ilə təmin edilməsi üçün 1 ədəd artezian quyusu qazılması, Mədəd İmanov kəndin baş tərəfindəki məişət tullantılarının götürülməsi, İkinci Qaradəmirçi kənd sakini Nizami Abbasov 915 reper nömrəli subartezian quyusunun məhsuldarlığının azalması ilə əlaqədar ərazidə 1 ədəd subartezian quyusunun qazılması, Aftandil İsmayılov itirdiyi ev sənədlərinin bərpasına köməklik göstərilməsi, Lək kənd sakinləri Bəsti Həsənova Vətən müharibəsi iştirakçısı oğlunun işlə təmin edilməsi, Mətanət Dadaşova Birinci Qaradəmirçi sərnişin daşıma marşurutunun Lək kəndinin içərisindən keçməsi, İsbət Hətəmova şəhid oğlunun adının əbədiləşdirilməsi, Qazıqurdalı kənd sakinləri Rüxsarə Ağayeva evinə su çəkilməsi, Habil Mehralıyev Bərdə-Ağdam avtomobil yolundan pay torpağına keçmək üçün keçid verilməsi barədə müraciət ediblər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülüb, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib vətəndaşlara hüquqi yardım göstərilib, müvafiq izahatlar verilib.
Kənd sakinləri aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.