09 avqust 2022 01:15
744

Puç olan arzular

AXC-Müsavat hakimiyyəti dövründən qalan “acı” xatirələr

Bu günlərdə müxalifətyönümlü internet  televiziya kanallarından birinə müsahibə verən Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər təəssüf və acı gülüş doğuran fikirlər irəli sürməkdən çəkinmədi. Belə ki, o, hazırkı hakimiyyətə məsləhət və tövsiyələr verir, unudurdu ki, özü və komandası bircə il iqtidarda duruş gətirməyi bacarmadı. Həmin komandanın yüksək postları zəbt etmiş üzvləri ölkəni xaos vəziyyətinə gətirdi, Azərbaycanda vətəndaş müharibəsi başlayanda isə papaqlarını götürüb aradan çıxdılar. Nə tez yaddan çıxardınız İsa Qəmbər? Surət Hüseynovun gözağartmasından təşvişə düşərək dalbadal istefa verdiyiniz nə tez unudulub?

2022-ci ilin qalib, abad və gözəl Azərbaycanı! Vaxtilə papaqlarını götürüb hakimiyyətdən qaçanlar bunları görmək istəmirlər

 

Əlqərəz, İsa Qəmbər iddia edir ki, hakimiyyət ümumxalq həmrəyliyinə nail olmalıdır. Görünür, iki ildir ki, İsa Qəmbər yuxuda imiş. Çünki düz iki il əvvəl bütün Azərbaycan xalqı ayağa qalxaraq iqtidarla ən sıx birlik nümayiş etdirdi. Qürurlu idi ki, xarici ölkələrdə  yaşayan azərbaycanlılar da iqtidarla sıx birliyini nümayiş etdirdi. Azərbaycan öz tarixində hələ belə əzəmətli birlik görməmişdi. O gərgin günlərdə milliyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşları meydanlara çıxaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin arxasında möhkəm durduğunu bəyan etdilər. Hətta radikal müxalifət partiyaları belə iddialarını yerə qoyduqlarını, bir əsgər kimi Vətənin müdafiəsinə qalxdıqlarını bildirmişdilər.

Bu, həmin günlər idi ki, Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonoyan “yeni müharibə, yeni ərazilər” deyə sərsəm fikirlər səsləndirir, işğalçı ölkənin silahlı qüvvələri sərhəddə təxribatlar törədirdi.

İsa Qəmbər unudur ki, Azərbaycan xalqı onun da komandasına öz  dəstəyini göstərmişdi. Ancaq hay-huyla hakimiyyəti zəbt edən AXC-Müsavat birliyi xalqın ümidlərini puç etdi və bu birlikdən istifadə etməyi bacarmadı. Xalqı bir-birinə qarşı qoyan İsa Qəmbər hökuməti ölkəni “sadval”çılaların, əlikramçıların, surətçilərin və daha nəçilərin ixtiyarına verdiyi, silahlanmış şəxslərin Bakı küçələrində avtomat və pulemyotlardan atəş açılması, cinayətkar dəstələrin azğınlıqları, acından əziyyət çəkənlər, gecələr sübhədək çörək növbələri və s. dəhşətlər hələ də yaddaşlardan silinməyib. Xalqa çörək əvəzinə jmıx yedizdirdikləri isa qəmbərlər dövrünün acı xatirələrindən biridir. Özbaşınalıq edən Surət Hüseynovun Gəncədə başladığı vətəndaş müharibəsinin qarşısını ala bilməyən AXC-Müsavat hakimiyyəti nəhayət, bir qiyamçının hədələrindən qorxaraq geri çəkildi. İndi utanmaz-utanmaz çıxıb birlikdən, həmrəylikdən danışır.

Müsahibəsində İsa Qəmbər hakimiyyətə tövsiyə verir ki, qazilərin problemlərini həll etsin. Təəccüblüdür ki, qazilərin problemlərinin həll olunduğunu, dövlətin omlara yüksək qayğısını bu adam niyə görmək istəmir? Ancaq özünün təmsil etdiyi hakimiyyətin rəhbərləri on minlərlə qazinin və şəhid ailələrinin haqq və hüquqlarını ayaqlar altına atdılar, onların qayğıları və çətinlikləri ilə o qədər də maraqlanmadılar. 1992-ci ildə ordu dedikləri nizamsız-intizamsız özünümüdafiə batalyonları qaçaq dəstələrini xatırladırdı. Vahid komandanlıq olmadığından lazımi məqamda biri irəli hücuma gedir, ona dəstək lazım olduğu halda digəri seyrçi münasibət göstərərək yerindən tərpənmirdi. Döyüşçülər çay içməyə tanklarla gedirdilər. Hərbi texnika, müasir silahlar yox idi, təminat yarıtmaz təşkil olunmuşdu. Səfərbərlik isə zorakı və biabırçı üsulla həyata keçirilirdi. Orta və yaşlı nəsillərin nümayəndələri sizin dövrünüzdə törədilən biabırçılıqları xatırlayırlar.

Müharibə gedən aylarda İsa Qəmbər hökuməti rayon mərkəzlərində və şəhərlərdə silahlı adamlara ixtiyar vermişdi ki, küçədə kimi görsələr tutub döyüşə aparsınlar. Hərbi səfərbərlik bax, belə qaçaqçılıq üsulu ilə aparılırdı. Aptekə infarkt keçirmiş anasına dərman almağa tələsən bir oğlanı Bakıda küçədə saxlayıb zorla avtobusa mindirmiş, gətirib Ağdərədə döyüşən batalyonlardan birinə təhvil vermişdilər. Oğlan yalvarıb bildirmişdi ki, xəstə anası evdə tək və köməksiz qalıb, heç olmazsa icazə verin, onun dərmanını alıb verim, sonra gələrəm. Ancaq onun göz yaşlarına baxan olmamışdı. Cənab Qəmbər, bax sənin dövründə belə qansızlıqlar baş verirdi. Təlim və silah görməmiş cavanları qəflətən tutub həmin gün döyüşə göndərmək, onları qırğına vermək cinayət idi. Həmin şəxslər hərbi komissarlıqda qeydiyyatdan keçmədikləri üçün döyüşdə yaralananda qazi olduqları barədə sənəd ala bilmirdilər. Hətta Tərtər rayonunun Qaradağlı kəndindən olan Sərdar Nazim oğlu Ələkbərov Ağdərə döyüşlərində qəhrəmanlıqla şəhid olandan bir neçə ay sonra hərbi komissarlıqdan ona çağırış vərəqəsi gəlmişdi. Ay İsa Qəmbər, sənin hərbi komissarlıqların belə “işləyirdi.” Belə faktlar sizin ürəyiniz istədiyi qədərdir.

Bir faktı da qeyd edim ki, yenə də həmin kənddən olan Rövşən Bulud oğlu Məmmədov bir çox döyüşlərdə iştirak etsə də, nəhayət, ayağından və qolundan ağır yaralanıb aylarla xəstəxanalarda müalicə olunsa da Birinci Qarabağ müharibəsi veteranı adını ala bilmirdi. Nəhayət, cana gələn qazi damarlarını kəsəndən sonra ona veteran adı verildi. İndi siz nə haqla və hansı üzlə qazilərin hüquqlarından danışırsınız?

1993-cü ilin o dəhşətli günlərinin şahidləri gördülər ki, sizin hakimiyyət komandası Azərbaycanı düşmən qarşısında necə aciz, ölkə iqtisadiyyatını darmadağın və zəif, qanunları işləməyən, bölgələrdə milli zəmində özbaşınalıq, xalqı aclıq vəziyyətində qoyub getdiniz.

Sizdən sonra ölkəmiz nə qədər inkişaf edib, niyə demirsiniz? Sizin həll edə bilmədiyiniz Qarabağ problemi həll olunub, torpaqlarımız azaddır, tanıda bilmədiyiniz Azərbaycan indi dünyanın inkişaf etmiş, nüfuzlu dövlətlərindən birinə çevrilib.

O 1992-ci ilin xaraba, düşmən qarşısında xar və darmadağın olmuş Azərbaycanı,  bu da 2022-ci ilin qalib, abad və gözəl Azərbaycanı!

Vəli İlyasov, “İki sahil”