13 avqust 2022 07:58
931

Dini dözümlülük və multikulturalizm ölkəmizdə hər zaman mövcud olmuşdur

Dövlət başçısı İlham Əliyev bildirir ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə inkişaf, birlik, milli həmrəylik, sülh olur

“Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.” Dövlət başçısı İlham Əliyev ötən il «Xarıbülbül» musiqi festivalının açılış mərasimindəki nitqində bir daha bildirmişdir ki,  biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk: «Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.»

Təkcə son iki ildə Azərbaycanın  multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin miqyasına diqqət yetirmək kifayətdir. Öncə onu qeyd edək ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda  Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin hər biri birliyə, həmrəyliyə,  səyləri birləşdirməyə çağırışlar edir. Türk Şurasının ardınca Qoşulmama Hərəkatının  koronavirus infeksiyası ilə bağlı keçirdiyi Zirvə Görüşü   bu kimi məqamlara işıq saldı.  Belə ki, bir-birinə əks qütbləri bir araya gətirən Azərbaycan birləşdirici faktor kimi mövqeyini nümayiş etdirməklə beynəlxalq aləmdə artan roluna yeni əlavələr etdi.  Avropa İttifaqının rəsmisinin Zirvə Görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisə kimi diqqəti çəkdi.  Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətində bildirmişdir ki, əgər, nə zamansa, dünyanın müxtəlif guşələrinin biri-birindən hansı şəkildə bağlı olduğunu bilmək istəyirdiksə, COVID-19 bunu özü göstərdi. Bu, oyanış üçün qlobal çağırışdır. Həmin müraciətdə o da qeyd edilmişdir ki,  sabahın dünyası daha mükəmməl olsun. Müxtəlifliyin zənginliyini özündə tərənnüm edən dünya mövcud olsun. Vətəndaşlarımız və planetimiz qorunsun. Biz birlikdə daha səmərəli ola bilərik. Bunu nümayiş etdirmək bizim məsuliyyətimizdir.

   Bu gün  Azərbaycanın tolerantlıq təcrübəsi, multikultural dəyərlərə töhfələri  digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da  Azərbaycanın tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki,  Azərbaycanda milli dəyərlərə sadiqlik,  ümumbəşəri dəyərlərə  hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə  xidmət göstərir. Təbii ki, Azərbaycanın   BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna  ev sahibliyi etməsi təsadüfi deyildi. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəsi ilə diqqət çəkir. Dövlət başçısı  çıxışlarında  bu məqamlara xüsusi diqqət yönəldərək bildirir ki, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur: «Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.» Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun təsdiqi kimi məhz  beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsini xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd edir ki, multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək. Cənab İlham Əliyevin  müvafiq Fərmanı ilə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi  ölkəmizin qazandığı imicin, uğurların,  tutduğu mövqeyin təqdimatında əhəmiyyətli rola malikdir. Qeyd edilən sənədlərdə  bu reallıqlar öz əksini tapıb ki, sivilizasiyaların  qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə  etiraf edilən  həqiqətlərdəndir.  Ölkə Prezidenti bu kimi addımları  multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq atır. Cənab İlham Əliyev  multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu önə çəkərək bildirir ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər  əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir. XXI əsrdə multikulturalizmə alternativ yoxdur.

  Hər bir dövlətin  gücü iqtisadi qüdrəti ilə yanaşı milli və dini birlikləri ilə  ölçülür. Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər həqiqətən öyrənilməyə  və təbliğ olunmağa layiqdir.  Multikulturalizm meyillərinin gücləndirilməsi üçün  səylərin birləşdirilməsi, birgə addımların atılması vacib şərt kimi diqqətə çatdırılır. Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları bu məqsədə xidmət etdi ki, müsəlman aləmində, eyni zamanda, bütün dünyada   əlaqələr  daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha  yaxşı zəmin yaradılsın.
Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edir  ki, əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən amillərə nəzər salsaq bu sahədəki siyasətimizin təkcə ölkə daxili deyil, dünya üçün önəmli olduğunu görərik.

   Ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfələrin miqyasının genişliyi keçirilən beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur. Qeyd etdiyimiz kimi, hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu  təsdiqləyir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı yüksək səviyyədədir. Qurumun sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycan müasir dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə ciddi əhəmiyyət verir. İslam Əməkdaşlıq Təşkilatının sammitlərində, Zirvə görüşlərində Azərbaycanın  islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir. “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirmişdir.

  Dövlət başçısı İlham Əliyev hər bir çıxışında diqqəti  Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminə  göz yuman  dövlətlərin, beynəlxalq təşkilatların müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu  bildirir. Rəsmi Bakı bəyanatlarında daim bu məqamı da xüsusi diqqətə çatdırır ki, Ermənistan 30 il işğal altında saxladığı ərazilərimizdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və sair dağıdılıb.  İşğal dövründə ATƏT-in faktaraşdırıcı missiyaları, postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərimizə səfər edən xarici ölkələrin səfirləri, hüquq müdafiəçiləri və jurnalistlər erməni vəhşiliklərindən heyrətlərini gizlətmirlər. Azərbaycanın neçə illərdir necə vəhşi ilə üz-üzə olduğu  bir daha həm ölkə, həm də dünya ictimaiyyətinə açıqlanır. Dövlət başçısı İlham Əliyevin avqustun 9-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə  Konyada keçirilən V islam Həmrəyliyi Oyunlarının açılışı mərasimində iştirakı çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrlə yanaşı, postmünaqişə dövrünün reallıqları da geniş təhlil edilir.

 Reallıq budur ki, Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Azərbaycan hər zaman  ədalətin, beynəlxalq hüququn tərəfdarıdır. Cənab İlham Əliyevin «Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır» çağırışı dünyaya mesajdır. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə  bütün bu kimi məqamları diqqətə çatdırdı və təsdiqlədi ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var, onlar zamana və məkana görə deyil, vahid mexanizm əsasında tətbiq edilməlidir. Artıq dünyanın xarici siyasətində dəyişiklikləri, yenilikləri görürük. Dünya gücləri Azərbaycanın qalib ölkə kimi yaratdığı reallıqları qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qururlar. Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı, bu siyasəti yürüdən ölkəyə inam və etimad böyük olar.  Hazırda etimad mühitinin yaradılması istiqamətində atılan addımların əsasında Azərbaycanın irəli sürdüyü təşəbbüslərin dayanması da özündə əsas çağırışları birləşdirir. Əminik ki, dünya gücləri Ermənistana yaradılan şansdan bəhrələnərək sülh müqaviləsini imzalamasına dəstək göstərəcək, sülh, təhlükəsizlik şəraitində yeni əməkdaşlıq formatlarının yaradılması fonunda hər bir ölkə etimad mühitinin möhkəmləndirilməsinə, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verəcək.

 Yeganə Əliyeva, «İki sahil»