15 avqust 2022 13:41
543

Status məsələsi bundan sonra da gündəmdə olmayacaq

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev avqustun 12-də  İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bir çox önəmli məsələlərə diqqət çəkərək bölgəmizdəki geosiyasi mənzərəni ictimaiyyətə aydın şəkildə göstərmişdir. Xüsusilə, erməni separatçılarına və onların havadarlarına açıq şəkildə bildirmişdir ki, onların zaman-zaman qaldırdıqları «status» məsələsindən bu günki danışıqlar prosesində ümumiyyətlə söhbət getmir və bundan sonra da gündəmdə olmayacaq.

Məhz ölkəmizin başçısının belə bir qətiyyətli mövqeyi bir daha göstərir ki, Ermənistan kapitulyasiya etmiş tərəf kimi 2022- ci ilin noyabrın 10 –da imzalanan üçtərəfli Bəyanatın öhdəliklərinə əməl etmək məcburiyyətindədir. Yəni, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini otuz ilə yaxın bir müddətdə işğal altında saxlamış, xalqımıza qarşı soyqırımı, müharibə cinayətləri törədənlərlə, ölkəmizin ekoloji sisteminə ağır ziyan vuranlarla hər hansı «status məsələsinin müzakirəsi olmayacaq.

Məğlub Ermənistan anlamalıdır ki, Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Cənubi Qafqazın formalaşmaqda olan yeni siyasi və iqtisadi dizaynı çərçıvəsində bu ən əlverişli variantdır. Azərbaycan öz mürəkkəb etnik tərkibi, multikulturalizminə görə unikal bir ölkədir. Burada yüzdən çox etnosun nümayəndələri əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşayırlar .

Eyni zamanda, ermənilər diqqətə almalıdırlar ki, Azərbaycan Respublikasında yaşayan xalqlar və etnik qruplar kimi, Azərbaycan torpaqlarında yaşayan ermənilər də özlərini vətəndaş kimi hiss etməli və qanunlarımıza əməl etməlidirlər. Onlara heç bir üstünlük tanınmayıb və bundan sonra da tanınmayacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə sözügedən müsahibədə bir daha açıq formada bəyan etmişdir: «Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.»

Burada xüsusi önəm daşıyan məqam həmçinin ondan ibarətdir ki, Qarabağ Vətənimizin tarixi ayrılmaz tərkib hissəsidir və Müzəffər Ali Baş Komandanımızın hər zaman bütün səviyyələrdə ifadə etdiyi prinsipial yanaşma belədir ki, Azərbaycanın ərazi bütövlüyü sarsılmazdır və heç bir müzakirə predmeti ola bilməz.

Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri