17 avqust 2022 01:32
640

“Bir şəhid, bir şahid” adlı tamaşa hazırlanıb FOTO

Masallının Viləş kəndində iki şəhid qardaş vardır. Azərbaycanın  xanım-xatın qadını, müqəddəs ana adını öz saf  əməlləri ilə həmişə uca tutan  Ziba Əsgərovanın oğlanları-  Aprel şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlini deyirəm. Onların qəhrəmanlığına  həsr olunmuş  yazıçı-publisist Nurəddin Ədiloğlunun “Vətən pərvanələri” pyesinin motivləri əsasında  “Bir şəhid, bir şahid” tamaşası hazırlanıb. Bu günlər Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı sayəsində  rayonun Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin səhnəsində həmin  tamaşa nümayiş olundu.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun və aparatın, Milli Məclisin deputatları Məşhur Məmmədovun və Professor Anar İsgəndərovun, hüquq-mühafizə orqanlarının nümayəndələrin, şəhid valideynlərin, müharibə iştirakçıların, ziyalılarin, ictimaiyyət və KİV nümayəndələrin iştirak etdiyi tamaşada  əvvəlcə  Ulu  Öndər  Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı və sonra qəhrəmanlıq dastanı tamaşaçılara  göstərildi. Tamaşadan sonra  Qəhrəmanlar anası Ziba xanım Əsgərova,  eləcə  şəhid ailələri ilə görüşün  Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov bildirdi ki,  şəhidlər heç vaxt ölmür. Biz onlara borcluyuq.  Şəhidlərin ailələrinə dövlət tərəfindən həmişə qayğı və diqqət olacaqdır.

İki qəhrəman böyüdən ana isə   övladları ilə qürur duyduğunu dedi, tədbirin təşkilatçılarına,  yaradıcı kollektivə minnətdarlığını bildirdi.

Qeyd etmək yerinə düşər ki, Masallı Xalq Teatrının aktyorların, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin, Cəlilabad rayon Mədəniyyət Mərkəzi aktyorlarının iştirakı ilə nümayiş olunan “Bir şəhid, bir şahid” tamaşasına Masallı Xalq Teatrının  rejissoru C. Əliyev quruluş verib, istifadə olunan musiqi parçalarını R. Zahidov, səhnə tərtibatını E. Əliyev hazırlayıb.

Tədbirdə xatirə şəkilləri  də çəkildi.

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü