18 avqust 2022 03:54
705

Lənkəranda yeni tapıntılar FOTO

Cənub mirvarisi Lənkəranın  Lənkərançayın sağ sahilində – Velədi və Gərmətük kəndlərinin arasında yerləşən yeni məhəllədə hasar tikintisi zamanı  qazılan xəndəkdə, təxminən  40 santimetr  dərinlikdən Orta əsrlərə aid şirsiz və şirli saxsı məmulatları üzə çıxır. Bu haqda Azərbaycan Milli  Elmlər  Akademiyasının  Lənkəran Regional Elmi Mərkəzə müraciət olunur.  Mərkəzin Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Samir Kərimov və Mais Cəfərov tərəfindən əraziyə baxış keçirilir.  Alimlərin apardığı araşdırmadan  məlum olur ki,  tapılan məmulatlar burada mədəni təbəqənin qalınlığı 1 metrdən çox, təqribən 2 hektar  sahəyə malik olan və IX-XI əsrlərə aid yaşayış yerinin mövcudluğunu deməyə əsas verir.

Abidə üzərində Velədi kəndinin yeni məhəlləsi salındığı üçün  mədəni təbəqə ciddi dağıntılara məruz qalıb və onun mikroreylefi pozulub. Həmin ərazidən təqribən 1 kilometr  şərqdə isə həyətlərin birində quyu qazılarkən təqribən 3-4 metr dərinlikdən Erkən Orta əsrlərə aid buxurdan, saxsı qazan tapılıb.  

Alimlər belə  qərara gəliblər ki, , abidələrdə mədəni təbəqənin xarakterini dəqiq müəyyən etmək üçün gələcəkdə  ərazidə arxeoloji qazıntıların aparılması  çox vacibdir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü