Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 avqust 2022-ci il tarixli Qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər təsdiq edilib və 16 avqust 2022-ci ildən qüvvəyə minib. Qurumun yaydığı açıqlamada deyilir ki, bu dəyişikliklər bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsini, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsini, əhalinin izafi borclanmasının qarşısının alınmasını, borcalanların potensial valyuta riskindən qorunmasını nəzərdə tutur.
Bununla da istehlak krediti almaq əvvəlki qədər asan olmayacaq. Mərkəzi Bankın məlumatında deyilir ki, son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunmaqdadır. Cari ilin 6 ayında bankların istehlak krediti portfeli 14,9 faiz artıb. Qeyd olunanlar nəzərə alınaraq, məsuliyyətli və sağlam kreditləşmənin təmin edilməsi, o cümlədən əhalinin izafi borclanmasının qarşısının alınması istiqamətində borcun gəlirlərə nisbəti (BGN) əmsalı 45 faizdən yuxarı olan, lakin 70 faiz həddini keçməyən borcalanlara verilmiş istehlak kreditlərinin risk qrupları 50 faiz bəndi artırılıb. Qurumun məlumatına görə, istehlak kreditləri portfelinin 21 faizini BGN əmsalı 45-70 faiz intervalında verilən kreditlər təşkil edir. BGN əmsalı istehlak kreditləri üzrə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbətidir.
Beləliklə, bankların vətəndaşa aylıq borc yükünün onun gəlirlərinə nisbəti 45-60 faizi həddində verdikləri istehlak kreditləri aktivlərin 200 faizli risk qrupuna, 60- 70 faizi həddində verdikləri istehlak kreditləri isə 230 faizli risk qrupuna daxil ediləcək. Belə borcalanlara kredit verən bankların aktivləri daha riskli hesab ediləcək və banklar bu riskli kreditlər üçün daha çox xərc çəkmək məcburiyyətində qalacaqlar. Görünən odur ki, banklar aylıq borc yükü gəlirlərinin 45 faizindən yuxarı olan, lakin 70 faizi keçməyən borcalanlara kredit ayırmaqda elə də maraqlı olmayacaqlar. Başqa sözlə, rəsmi əməkhaqqının təxminən yarısı və bundan çox məbləğdə ödəniş tələb edəcək məbləğdə kredit almaq çətinləşəcək.
Bundan əlavə, banklara yüksək faizlərlə istehlak krediti vermək baha başa gələcək. Belə ki, faiz dərəcəsi sektorun orta faiz dərəcəsi ilə müqayisədə yüksək olan istehlak kreditlərinin nisbəti meyarı və risk qrupları sərtləşdirilib. Belə ki, yeni tələbə görə, verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən böyük olan istehlak kreditləri də aktivlərin 200 faizli risk qrupuna daxil ediləcəkdir. İstehlak kreditləri üzrə orta faiz dərəcəsi Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydada hesablanacaqdır. Gözlənilir ki, bu addım istehlak kreditlərinin faiz dərəcələrinin aşağı düşməsinə səbəb olacaq.
Digər məqam isə xarici valyutada biznes kreditləri ilə bağlıdır. Belə ki, Mərkəzi Bank apardığı təhlillərə əsaslanaraq bəyan edib ki, son illərdə bankların biznes portfelində dedollarlaşma meylləri müşahidə olunsa da xarici valyutada gəliri olmayan biznes subyektlərinin xarici valyutada biznes kreditlərinə maraqları var. Borcalanların potensial valyuta riskindən qorunması istiqamətində valyuta riski hedcləşdirilməmiş borcalanlara (xarici valyutada gəliri olmayan və ya valyuta riskindən sığortalanmamış borcalanlar) xarici valyutada verilmiş biznes kreditlərinin risk qrupu 120 faizdən 200 faizə qaldırılıb.
Hesab edilir ki, bu dəyişikliklər postpandemiya dövründə tədricən artan iqtisadi aktivlik fonunda bank sektorunun maliyyə dayanıqlığının təmin edilməsini və gücləndirilməsini, habelə əhalinin izafi borcalanmasının qarşısının alınmasını, eləcə də borcalanların valyuta riskindən qorunmasını təmin edəcək.
Ceyhun Piriyev, “İki sahil”