08 sentyabr 2022 17:43
421

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalar artıb

Cari ilin 8 ayı ərzində Qazaxıstanın dəniz limanları vasitəsilə Azərbaycan istiqamətində 1,9 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

“İki sahil” xəbər verir ki,  bu barədə Qazaxıstanın Sənaye və İnfrastrktur Nazirliyində “Aşık, sağat alanı” dialoq platformasında "Zoom" platforması vasitəsilə dəniz limanları və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların cari vəziyyəti ilə bağlı görüşdə qeyd edilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmində də müsbət artım dinamikası müşahidə olunur. Bu ilin 8 ayı ərzində TITR vasitəsilə 1,3 milyon ton yük daşınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bu gün TITR-ın nəqliyyat infrastrukturu təxminən 6 milyon ton, o cümlədən 80 000 TEU daşımağa imkan verir.

Qeyd edilib ki, bu gün nəqliyyat infrastrukturunun inkişafı və yük axınlarının tranzit əlaqəsi birbaşa Transxəzər marşrutunun rəqabət qabiliyyətinə təsir edir, Aktau və Kurık dəniz limanlarının rolu artıb.

Qazaxıstanın “KTZ Express” şirkətinin nümayəndəsi Aibek Kapar bildirib ki, yük daşımalarının həcminin kəskin artması ilə nəqliyyat infrastrukturunun yükü də artıb, bu da xidmətə təsir edib və TITR marşrutunda çatışmazlıqları üzə çıxarıb.

İclas zamanı həmçinin dəniz limanlarında, dəmir yollarında və qovşaq stansiyalarında infrastruktur məhdudiyyətləri ilə bağlı problemli məsələlər, bütün Transxəzər marşrutu üzrə hərəkət vaqonlarının çatışmazlığı və konteyner qıtlığı müzakirə edilib.

Öz növbəsində TITR beynəlxalq assosiasiyasının rnümayəndələri marşrutun inkişaf perspektivləri və yeni fider xəttinin açılışı barədə məlumat verib.

Xatırladaq ki, ötən ilin dekabrında Türkiyədən Çinə (Sian şəhəri) TITR marşrutu üzrə konteyner qatarları Azərbaycan ərazisindən tranzitlə göndərilməyə başlanıb. Qısa müddətdə isə bu marşrut alternativ marşrutlarla müqayisədə yüklərin çatdırılma sürəti və qiymətinə olan tələblərə cavab verdiyi üçün yükgöndərənlər arasında böyük tələbat qazanıb.