Elə isə...
Alimlərin 30 ölkədə apardıqları araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə ən çox yayılan xəstəlik allergiyadır. Bir milyon insan arasında aparılan araşdırmada hər yüz insandan 22-də bu xəstəlik aşkarlanıb. Müasir dövrümüzdə də bu xəstəlikdən əziyyət çəkənlərin sayı kifayıət qədər çoxdur və sayı günü-gündən artmağa da davam edir. Orqanizmin xüsusi bir maddəyə qarşı göstərdiyi reaksiya tibb elmində allergiya adlanır. Həkimlər bildirirlər ki, bu, bir xəstəlik yox, immunitet sisteminin zəifliyidir. Allergiya yaz xəstəliydir. O, özünü bir neçə formada göstərir. Bəzən elə olur ki, allergiyaya görə dəri daim səpir, qızarır. İmmunitet zəifliyi olaraq adlandırılan bu problemin isə bir neçə növləri var. Onun ən çox yayılan formaları isə allergik və xroniki rinitdir.
Allergik rinit allergiyanın ən yüngül növüdür. Belə ki, əlamətləri qripin əlamətlərinə bənzəyir. Allergik rinit zamanı burun və göz sulanır, qızarır, qaşınır. İlk olaraq xəstədə fasiləsiz asqırmalar və burunda göynəmələrlə müşahidə olunur. Allergiyanın bu növünün, həmçinin gözə də təsiri çoxdur. Allergik rinit zamanı göz daim sulu olur və qaşınır. Bu xəstəliyin simptomları özünü yaz vaxtı çiçəklənmə və tozlanma dövrü başlayanda baş qaldırır. Belə xəstələrin burnu daim tutulu olur və onlar qoxunu hiss etmirlər. Hətta xəstəlik irəlilədikdə xəstənin qulağı da tutula bilər. Allergik rinit zamanı xəstənin bədənində, həmçinin qızartılar, əllərində, ayaqlarında şişmələr olur. Belə xəstələr ev şəraitində özlərini yaxşı hiss edirlər. Ancaq çölə çıxdıqda onların halı dəyişir, boğulma halları olur. Allergik rinitin də iki forması var: ağır və yüngül. Yüngül formada olan allergik rinit xəstələrində xəstəliyin simptomları bir ay davam edir. Ağır allergik rinitin simptomları isə mövsüm sonuna kimi özünü biruzə verir.
Allergiyanın digər növü olan xroniki rinit ağır qrip, haymorit və frantit xəstəliklərindən sonra yaranır. Bu allergiya formasının əlamətləri də allergik rinitdə olduğu kimidir. Ancaq xroniki rinitin bir fərqi var ki, o da allergik rinit sadəcə, yaz mövsümündə əlamətlərini büruzə verir. Ancaq xroniki rinitin əlamətləri ilin dörd fəslində öz əlamətlərini göstərir. Xroniki rinit xəstələri çöldə özlərini yaxşı hiss etdikləri halda ev şəraitində onların halları ağırlaşır.
Allergiyanın ən çox yayılan növlərindən biri də dəri allergiyasıdır. Dəri allergiyası zamanı dəridə şişlər, qızartılar əmələ gəlir. Eyni zamanda, dəri quruyur və çatlayır. Dəri allergiyası zamanı xəstə qaşınmadanda əziyyət çəkir.
Həkimlər qeyd edirlər ki, allergiyanın hər növünün yaranma səbəbləri müxtəlif olur. Allergik rinitin yaranma səbəblərini öyrənmək üçün qol hissəsinə sınaqlar qoyulur. Bu sınaqların sayı 7-dən 21-ə kimi olur. Sınaqlar qolda bir neçə dəqiqə qalır. Bundan sonra o öz təsirini göstərir. Bu sınaqlardan sonra xəstənin nəyə qarşı allergiyasının olması müəyyənləşir və ona qarşı xüsusi dərman preparatları ilə müalicələr aparılır. Həkimlər onu da qeyd edirlər ki, allergik rinitin müalicəsi mövsüm vaxtı aparılmır. Həm də mövsüm vaxtı sınaqlardan istifadə etmək mümkün olmur. Çünki yaz mövsümündə allergiya daha çox baş qaldırdığı üçün bütün sınaqlar nəticəsiz olur. Buna görə də allergik rinit xəstələrinin müalicəsi soyuq havada aparılır. Yaz mövsümündə sadəcə, allergik rinitin qarşısı alınması üçün müalicə aparılır.
Xroniki rinit xəstələrinə də sınaqlar qoyulur. Bu sınaqlar vasitəsilə onun yaranma səbəbləri araşdırılır. Həkimlər məsləhət görürlər ki, xroniki rinitin daşıyıcıları yun və tükdən uzaq durmalı, yalnız sintetik materialdan hazırlanan yataqda yatmalıdırlar. Belə xəstələrə daim təmiz havada gəzmək məsləhət görülür.
İnsanlar çox vaxt bu problemə ciddi yanaşmırlar. Onlar elə başa düşürlər ki, allergiya qripin bir növüdür və mövsüm keçdikdən sonra o keçib gedir. Allergiyaya qarşı müalicə aparılmadıqda bu rinit özünü daha kəskin göstərməyə başlayır və ağciyərə təsir edir. Hətta xəstəlik irəlilədikdə bronxiol astmaya çevrilə bilər. Bütün bunların qarşısını almaq üçün həkimlər tövsiyə edirlər ki, allergiya xəstələri vaxtı vaxtında müalicə almalıdırlar.
Röya Rasimqızı, “İki sahil”